DTX və DSX narkotik maddə alverçilərinə qarşı birgə əməliyyat keçirdib
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin narkotik vasitələrin dövriyyəsinə qarşı birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.
Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində həmin xarici ölkə vətəndaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yol kənarındakı yaşıllıq ərazidə gizlətdikləri və ümumilikdə 74 kiloqram 163 qram çəkisi olan qurudulmuş marixuananı həmin ərazidən götürüb oradan uzaqlaşarkən Azərbaycan vətəndaşları Vəli Qasımov (1982-ci ildə anadan olub), İsgəndər İsgəndərov (1988-ci il), Aqşin Süleymanzadə (1993-cü il) və vətəndaşlığı olmayan Çingiz Daşdəmirov (1982-ci il) cinayət başında yaxalanıblar.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.