Seçicilər Şahin İsmayılov Beyləqandan qovur: Köməkçisi isə qaziləri təhqir edir...
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Artıq seçkinin ən aktiv fazasına qədəm qoyuruq. Bir müddət öncə isə hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyəti toplaşaraq bu seçkilərdəki namizədlərini açıqlamışdı.
Daha sonra hakim partiya bir neçə dairə üzrə namizədlərini dəyişmişdi. Son iki cağırışdır ki, öz millət vəkillərini tapa bilməyən beyləqanlıların yenə bəxti gətirmədi.
Bu dəfə də hakim partiya Beyləqan və beyləqanlılarla heç bir bağlılığı olmayan, rayon insanlarının deputatlıq ehtiyacını ödəməyi qəti təmin etməyi bacarmayan Şahin İsmayılovun yenidən 3-cü dəfə namizədliyini 83 saylı Beyləqan seçki dairəsindən irəli sürüb.
Beyləqan ölkənin ən həssas əhali qrupuna daxil olan rayonlardan biridir. Yüzlərlə şəhidin, qazinin olduğu bir rayonun millət vəkili hər gün bu həssas insanları ziyarət etməlidir. Lakin deputat Şahin İsmayılov millət vəkili kimi deyil, rayona qonaq kimi ildə 2-3 dəfə gəlib. Hətta deputat kimi Beyləqan rayonunda Şahin İsmayılovun insanları qəbul etməyə nə otağı, nə də insanlarla əlaqə saxlayan köməkçisi yoxdur.
Amma Şahin İsmayılov parlamentdə olduğu iki cağırış, yəni 9 il ərzində Beyləqan rayon əhalisinin heç bir problemini MM-də səsləndirməyib, rayonun adını belə çəkməyib. Ona görə də Şahin İsmayılovu bir neçə dəfə rayonun kəndlərindən qovublar. Rayon əhalisinin Şahin İsmayılovdan zəhləsi gedir.
Bəli, düz başa düşdünüz. Seçicilər millət vəkilini adamları aldatdığı, yalan danışdığı üçün rayondan qovublar. Şahin İsmayılovun Kəbirli kəndindən qovulduğunu əks etdirən videoda YouTubdə izləyə bilərsiniz.
Hələ o zaman Şahin İsmayılov rayonun Kəbirli kəndində keçirmək istədiyi görüşdən qovulmuş və bir daha kəndə gəlməməsi deyilmişdir. Seçicilər onu şəhid ailələrini ziyarət etməməkdə, ümumiyyətlə rayona gəlməməkdə günahlandırırdı.
Amma insanda abır-həya, üz də yaxşı şeydir. İndi adamlar mat-mətəəl qalıb ki, insanlar arasında üzü olmayan Şahin İsmayılov yenidən Beyləqandan deputatlığa namizədlik verib! Bunun adı isə həyasızlıqdır...
44 günlük Vətən Müharibəsində Beyləqanda olmalı olan deputat Şahin İsmayılov Bakıda özünə böyük biznes qurmaqla məşğul idi. FETO-çu Elnur Aslanovun danılmaz həvarisi, vaxtı ilə onun mükafatlandırdığı, “Boz kardinal” Ramiz Mehdiyevin və Əli Həsənovun xeyir-duası ilə mandatla mükafatlandırlan Şahin İsmayılov məhz həmin ərəfədə Bakıda “Friends” restoranlar şəbəkəsini qurub. Şahin İsmayılov məhz bu restoranı 44 günlük müharibə ərəfəsində yaradıb.
Görünən odur ki, Şahin İsmayılovu seçicilərin problemləri yox, özünün gəlir mənbəyi olan biznesi maraqlandırır. Başı özünə böyük biznes qurmağa qarışan bu gənc millət vəkili utanıb-çəkinmədən yenidən Beyləqanda peyda olub.
Etibarlı mənbədən aldığımız məlumata görə, bu dəfə Şahin İsmayılovun köməkçisi, Beyləqan qazilərini kobud sözlərlə təhqir edib. Rayon üçün heç bir iş görməyən, rayonun bir problemini 9 il ərzində Milli Məclisdə dilinə gətirməyən Şahin İsmayılovu müdafiə edənlərə və Qarabağ qazilərini təhqir edənlərə sadə beyləqanlılar nifrət edir...
Atalar yaxşı deyib ki: "Məscidin qapısı açıq olsa da ..... abır-həya gərəkdir"
P. S. Yazıda Demokrat.az saytında getmiş materialdan istifadə edilmişdir...