Partiya sədrləri niyə deputatlığa namizəd olmurlar?
“Azərbaycanda müxalifət yoxdur” deyənləri bəzən qınayırlar və ictimai müzakirələrdə buna ən çox etiraz edənlər də məhz həmin “müxalif partiya” sədrləri, eləcə də “avtobus müxalifəti” ifadəsindən inciyən məlum şəxslərdir.
Lakin hazırda imzatoplama kampaniyası davam edən parlament seçkisinin ilk mərhələsi göstərdi ki, doğrudan da özlərini müxalifət partiyası, müxalifət lideri adlandıranların böyük əksəriyyətinin davranışları siyasi müxalifət, siyasi mübarizə anlayışları ilə qətiyyən üst-üstə düşmür və daha çox siyası bazarlıq, mənfəətpərəstlik, alış-veriş anlayışlarına uyğundur...
Görünən odur ki, üzdə olan müxalif partiya sədrlərinin əksəriyyəti seçkidə deputatlığa namizəd kimi iştirakdan ya imtina ediblər, ya da hələ qərar verməkdə çətinlik çəkir, “gah nala, ah mgıxa vururlar”. İştirak edənlər isə haranı "məsləhət" bilirlər, oradan namizəd olurlar...
Bu sıraya Ümid partiyasının sədri İqbal Ağazadəni, Musavat rəhbərləri İsa Qəmbəri, Arif Hacılını, Ədalət partiyasının sədri İlyas İsmayılovu, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlını, Haqq-Ədalət Partiyasının sədri Əli İnsanovu və digərlərini aid etmək olar. Maraqlıdır ki, bir çox partiya sədrləri əvvəlki seçkilərdə heç olmasa namizəd kimi iştirak edir, mandat üçün mübarizə aparır, ya da ən azından mübarizə görüntüsü yaradırdılar, ancaq məlum razılıq verilmədiyi üçün deputat ola bilmirdilər. “Mübarizələri” də bununla bitirdi. Bu dəfə isə nəinki deputat, hətta namizəd olmaq üçün icazə, razılıq gözləyirlər...
Məsələn, İqbal Ağazadə əvvəlcə səs-küylə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən deputatlığa namizədliyini verdi. Sonra nə oldu, nə baş verdi, bilinmədi və ərizəsini geri götürdü. Onun öz dilindən ifadə edilən rəsmi izahı isə belə oldu: “Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.
Yəni, guya partiyanın idarə heyəti “məsləhət bilməyib”.
Hələ seçiciləri, medianı və s. bir tərəfə qoyaq, görəsən həmin "idarə heyətində" oturanların özləri bu tragikomik bəhanəyə inanırlarmı? Hamıya yaxşı məlumdur ki, əsl səbəb, son dövrlərin dəbdə olan "prikolu" ilə desək, "həkim rəyinin", yəni mandat veriləcəyinə "qarantiyanın" olmamasıdır.
Yaxşı, sadaladığımız və sadalamadığımız partiya sədrləri nəinki deputatlıq, hətta deputatlığa namizədlik üçün də icazə gözləyirlərsə və buna qarşı gedəcək, mübarizə aparacaq cəsarətə, siyasi iradəyə malik deyillərsə, o zaman belə müxalifətçiliyin nə mənası, nə əhəmiyyəti, cəmiyyət üçün nə xeyri var?Nə prezident seçkisində, nə də parlament seçkisində iştirak etməyən bir partiya sədri hansı adla, hansı məntiqlə siyasətdə və partiya sədrliyində qalır?
Özünü siyasətçi, partiya sədri adlandırsa da, deputatlığa namizədlik pilləsinə belə qədəm qoymaq üçün icazə gözləyən, bu icazəni almadıqda isə acizlik göstərən birisi hansısa siyasi liderlikdən dəm vurmaq, xalqın, dövlətin gələcəyi ilə bağlı böyük-böyük siyasi-fəlsəfi fikirlər söyləmək haqqına malikdirmi? Bunun adı siyasi mütilik, acizlik, hətta fərarilik deyil də, nədir?
Bu partiya sədrləri üçün maraqlı bir nümunə göstərə bilərik. Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov MSK-nı və həmin qurumun sədri Məzahir Pənahovu onun namizədliyini qeydə almadığı üçün sərt tənqid etdi. Beləliklə də təkbaşına bu partiya sədrlərinin topasından daha böyük cəsarət və iradə ortaya qoymuş oldu.
O da maraqlıdır ki, bu partiya sədrləri öz namizədliklərini vermədikləri halda partiyadakı sədr müavinlərini və digər partiya təmsilçilərini qabağa veriblər. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini deyib. Lakin partiyadan son Milli Məclisdə təmsil olunan deputatlar Fəzail İbrahimli və Rafael Hüseynovun namizədliyi yenidən irəli sürülüb.
Bütün bu baş verənlər bir daha göstərir ki, Azərbaycanda normal siyasi mühitin, seçki gündəminin, siyasi fəallığın, nəhayət, əhalidə siyasətə və siyasətçilərə qarşı laqeyidliyin, inanmsızlığın kökündə duran səbəblərdən biri də məhz bu onurğasız “müxalifət liderləri”nin iradəsizliyi, siyasi fərariliyi və alverçiliyidir...
Cəlal Məmmədov