Evin qarşısına qumbara və qərənfil qoyana bu cəza verildi
Hədə-qorxu vasitəsi kimi təhlükəli üsuldan istifadə edən Elgün Ocaqverdiyevin məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo”nun məlumatına görə, 19 yaşlı Elgün hədə-qorxu ilə tələb etmə ilə yanaşı, soyğunçuluqda və qanunsuz soyuq silah saxlamaqda ittiham edilib.
Elgünə hədə-qorxu ilə tələb etmə ittihamı ona görə verilib ki, o, tanışı Qulam Ağayevin (şərti) keçmiş kürəkəni Valeh Quliyevə (şərti) 14 il əvvəl borc verdiyi, hələ də ala bilmədiyi 30 min dollar pulu öz bildiyi formada geri qaytaracağına söz verib. Pulu ala biləcəyi halda ona "hörmət” ediləcəkmiş.
İstintaq materiallarında yazılıb ki, Elgün hədə-qorxu gəlmək üçün V.Quliyevin yaşadığı evin qarşısına gələrək içərisində 1 ədəd təlim əl-qumbarası və 1 ədəd saplağı qırılmış qərənfil gülü olan bağlamanı qapının ağzına qoyub. Evdən uzaqlaşdıqdan sonra isə V.Quliyevə zəng edib, keçmiş kürəkənə borcunu qaytarmayacağı halda ailə üzvlərinin həyatına son qoyacağını deyib. Xəbərdarlıq edib ki, bundan nəticə çıxarmasa, yaxın vaxtlarda evinə daha bir təhlükəli bağlama göndərəcək.
Elgün Ocaqverdiyev saxlanıldıqdan sonra onun başqa bir şəxsə qarşı soyğunçuluq etdiyi də məlum olub. Həmin əmələ görə də ona əlavə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub. Hökmə əsasən, E.Ocaqverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.