Xalq artistinin atdığı Balta "danışdı"
Kult.az xalq artisti Ağadadaş Ağayevlə “Medera” klinikasının gözətçi-mühafizəçisi Nurəddin Cəlilov arasında baş verən insidentin ən mühüm şahidi, prosesdə aktiv iştirak edən Balta müəllimlə müsahibəni təqdim edir:
- Balta müəllim, məlum insidentlə bağlı hadisə iştirakçıları, şahidlər, bilən-bilməyən – hamı danışır. Halbuki əsl sübut sizsiniz. Hadisəni necə xatırlayırsınız?
- Mənim bu məsələyə əvvəldən heç bir qatqım yoxdur. Yəni faktiki olaraq zibilə keçmişəm. Hasarın dibində rahat xumarlanırdım, gecə də isti olmuşdu, xeyli narahat yatmışdım. Səhərüzü elə gözümü təzəcə yummağa çalışırdım ki, səs-küy beynimi xarab elədi, sonra da bir də gördüm sapımdan tutub qaldırdılar məni...
- Yəni birdən-birə oldu, qəfildən?
- Yox, birdən-birə olmadı, səs-küy əvvəldən vardı...
- Bəs, heç soruşmadınızmı ki, ay xalq artisti, məni hara aparırsan?
- Necə demədin? Nə təhər qışqırırdım, bir bilsən! Ağadadaş məni eşitmirdi! Sonradan bildim ki, qulağı yaralanıb, sarğıdadı, qulaqdan o söz – başa düşdün də. Əslində sarğılı qulağı tərəfdəydim, fırlandım bu biri qulağına deyəm ki, ay adam, əl çək sapımdan, burax məni...
- Bəs, xalq artisti nə dedi?
- Gözü qızmışdı da! Mən buna deyirəm, burax sapımı, bu da məni söyüb tulladı...
- Hörmətli Balta müəllim, sizi söyürdü, yoxsa mühafizəçini?
- Onu dəqiq kəsdirə bilmədim, tiyəm kütləşib. Amma dəqiq bilirəm ki, tulladı...
- Videodan görünür ki, klinikaya girmişiniz...
- Ay qardaş, mənim klinikada nə azarım var – dəli-zadam özümü sizin həkimlərin əlinə verəm? Girmədim, məni ora zorla soxdular. Həm də sürüdə-sürüdə, döşəmədə xeyli süründüm...
- Deyilənə görə, qabağınıza keçən xadiməyə dərhal birini ilişdirmisiniz.
- Bura bax, mənim ilişdirdiyim yerindən qalxa bilmir! Heç kəsə dəmirimin ucu da dəyməyib.
- Sizcə, bu hadisədə günahkar kimdir, zərərçəkən kim?
- Zərərçəkən birbaşa mən özüməm. Əvvəla, oturduğum yerdə məni zibilə saldılar, sapımdan yapışıb davanın içinə soxdular, klinikaya sürüklədilər. İkincisi, canıma xətər yetirdilər - sapım çıxdı, qaldım sapsız. Sonra da sapımı götürüb, harda nə qayırdılar, xəbərim olmadı. Bu cəhənnəm, indi də dalaşanlar qalıb bir qıraqda, polis məni həbs edib, adını da qoyublar “maddi sübut”. A kişilər, nə sübut? Sapımı da verin, buraxın gedim, işim-gücüm var...
- Nə işiniz var?
- O, sizdən asılıdır: adam kimi adam olacaqsınız, sizə odun doğrayacam, olmayacaqsınız, başınızı yaracam...
- Balta müəllim, təhlükəli danışırsınız...
- Aha, deyəsən, günahkarı da tapdınız axı! Sizi belə görürəm, məhkəməniz də mənə iş kəsəcək ki, günahkar Baltadır.
- Niyə səni günahkar bilsinlər?
- Deyəcəklər, orda nə gəzirdin?
- Haqlı sual deyil?
- Bəs, hansı cəhənnəmdə olmalıyam? Yorğan-döşəkdə yatası deyiləm ki!
- Balta müəllim, tərəflərə bir sözünüz yoxdur ki? Baxma da, Ağadadaş müəllim sizi qəfildən qaldırıb...
- Qəfildən olmayıb dedim də! Siz də elə bir söz deyib, soxub gedirsiniz ha. Sən Allah ürəyim sıxıldı, əl çək məndən...