Zaxarovanın təklifinə Azərbaycan və Ermənistan nə cavab verəcək?
“Danışıqlar üçün Rusiyanın yenidən öz vasitəçiliyi və xidmətlərini təklif etməsi əhəmiyyətsizdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Moskvanın Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar üçün öz platformasını təqdim etməyə hazır olduğu barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
“Rusiya yenidən öz vasitəçiliyi və xidmətlərini təklif etmir. Bu istək, israr həmişə olub. Azərbaycanla Ermənistan artıq dəfələrlə sübuta yetiriblər ki, aralarında ikitərəfli formatda danışıqlar gedir. Razılıqlar da yalnız bu formatda əldə edilir. ABŞ, Fransa, Avropa, Rusiya bütün cəhdlərlə çalışırlar ki, prosesdə vasitəçi olsunlar. Ya da heç olmasa orada iştirak etməklə özləri üçün nəsə qopara bilsinlər. Amma alınmır. Bəzən razılaşırlar, tərəfləri görüşdürür və danışırlar. Amma nəticə vermədən aralanırlar”, deyə Zərdüşt Əlizadə bildirib.
Politoloq qeyd edib ki, nəticə Armen Qriqoryanla Şahin Mustafayevin danışıqlarında əldə edilir:
“Odur ki, danışıqlar üçün Rusiyanın yenidən öz vasitəçiliyi və xidmətlərini təklif etməsi əhəmiyyətsizdir. Azərbaycan Rusiyanın təklifinə hazır olduğunu bildirib. Ermənistan isə buna etiraz edir. Hər halda indiki mərhələdə bəlli oldu ki, Azərbaycanla Ermənistan 2027-ci ilə qədər sülh müqaviləsi imzalamayacaq. Amma razılaşmalar yolu ilə getməkdə davam edəcəklər və sülh müqaviləsi olmadan hansısa nəticələr əldə edəcəklər”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Moskvanın Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar üçün öz platformasını təqdim etməyə və onlar üçün ən rahat şərait yaratmağa hazır olduğunu bildirib.
O, Azərbaycan liderinin Ermənistanla sülh müqaviləsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib ki, Rusiya hələ 2022-ci ildə davamlı və uzunmüddətli sülhə nail olmaq üçün ölkələr arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini vurğulayıb. Diplomat qeyd edib ki, Moskva hər iki nümayəndə heyətinin üstünlük verdiyi ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına zəmanət verir.
Bu arada Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə də məsələyə münasibət bildirərkən deyib ki, Azərbayca Ermənistanla Rusiya və digər məkanlarda danışıqlar aparmağa həmişə hazır olub.