ABŞ-də prezident seçkiləri dramatikləşir: Tramp Harrisə üstün gələ biləcəkmi?

ABŞ-də prezident seçkiləri dramatikləşir: Tramp Harrisə üstün gələ biləcəkmi?
 

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-da səfərdədir. Onun bu səfəri gərgin vaxta təsadüf edib. Baydenin seçkidən çəkildiyi günə dəng gəlib. Bəzi ekspertlərin fikrincə, Netanyahu və ölkəsi ABŞ-dakı seçkilərdə Respublikaçı namizədə dəstək verəcək. Xatırladaq ki, Birləşmiş Ştatlarda yəhudi lobbisi çox güclüdür. Yəhudi əsilli Amerika vətəndaşları biznesdə, mediada, dövlət idarəçiliyinə kifayət qədər təmsil olunur.

Bu dəstək Trampın hakimiyyətə yolunun ciddi şəkildə açıldığı deməkdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, İsrailin Baş naziri Netanyahunun ABŞ-da prezidentliyə namizəd Donald Trampla münasibətləri çox yaxşıdır:

“Trampın prezidentliyi dövründə Netanyahu İsrailin Baş naziri idi. Donald Tramp beynəlxalq hüququ ayaq altına alaraq Suriyanın bəzi ərazilərini İsrailin tərkib hissəsi kimi tanıdı. Bu, beynəlxalq hüquqda bir ölkənin ərazi bütövlüyünə qarşı atılan sərt addım idi. Doğrusu, buna təəccüblənmək olmaz, çünki onun hüquq, siyasət anlayışı yoxdur. Öz mənfəətini daha üstün tutur. Digər tərəfdən, Tramp bu günə qədər heç bir ABŞ prezidentinin atmadığı addımı ataraq Qüdsü İsrailin paytaxtı kimi tanıdı. ABŞ diplomatik korpusunun Təl-Əvivdən Qüdsə daşınması ilə bağlı da qərar vermişdi. Bu baxımdan Netanyahu Trampın prezident seçilməsində maraqlıdır. Sözügedən istiqamətdə konkret fəaliyyətin ortaya qoyulması da sirr deyil. ABŞ-da Netanyahunu dəstəkləyən bir çox maliyyə şəbəkələrinin rəhbərləri var. Bütün bunların ABŞ-da prezident seçkilərində həlledici olacağı mənasına da gəlmir. Co Bayden prezident seçkilərindən namizədliyini geri götürməsə idi, Trampın seçilmə imkanı çox böyük görünürdü”.

Politoloqun sözlərinə görə, hazırda fərqli situasiya mövcuddur:

Natiq Miri

“Prezident Bayden Demokrat partiyasından prezidentliyə namizəd olaraq vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini bildirib. Harris daha gənc, dinamik və prinsipial qadındır. Heç bir korrupsiya və digər çirkli məsələlərdə adı hallanmayıb. Harrisə inam böyük olduğundan bütün Demokratları birləşdirəcək fenomenə çevrilməsi şansı da çoxdur. Çünki Baydenin qələbəsinə inam az olduğundan Demokratlar və tərəfdarları arasında müəyyən parçalanma yaratmışdı. Seçkiyə maliyyə ayrılmasından belə imtina edilirdi.

ABŞ-a səfər edən bir çox ölkə liderləri Trampın prezident seçiləcəyini istisna etmədikləri üçün onunla da görüşürlər. Lakin fikrimcə, Harrisin gəlişi ilə vəziyyət kökündən dəyişəcək. Baydenin qocalığı, zəifliyi, debatda Trampdan geri qalması da öz təsirini göstərirdi”.

Natiq Mirinin sözlərinə görə, Donald Trampın qadınlara qarşı münasibətindəki problemlər səbəbindən ABŞ-ın qadın vətəndaşları Harrisi dəstəkləyə bilər:

“ABŞ-ın NATO üzrə müttəfiqləri olan Avropa Birliyi məkanı və digər ölkələr Donald Trampın prezident seçilməsini istəmir. Onlar NATO-nun dağılması və Qərbin zəifləməsindən narahatdırlar. Bu amilin Harrisin xeyrinə işləməsi də gözlənilir”.

0.018774032592773