ABŞ TARİXİNİN ƏN GƏRGİN SEÇKİSİ?! – Harris Trampa qalib gələ biləcəkmi?
Fiziki cəhətdən əldən düşmüş ABŞ Prezidenti Cozef Baydenin seçkilərdən geri çəkiləcəyi və onun namizəd kimi vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyi gözlənilən idi.
ABŞ-nin aparıcı partiyaları arasındakı gərginlik fonunda bəzi həqiqətlər tədricən aşkara çıxır. Bu ölkədəki siyasi böhranın dərinləşməsində müstəsna rol oynayan Respublikaçılar və Demokratlar partiyalarının yuxarı eşalonuna diqqətlə nəzər yetirdikdə, orada siyasi fəndgirliyin və intriqaların dərin kök salması ilə üzləşərik. Düzdür, ilk baxışda bu sezilmir, çünki onun anlaşılmasını müxtəlif başgicəlləndirici təbliğat və manipulyasiyalar vasitəsilə ört-basdır etməyə çalışırlar.
Ümumi nəticədə demokratiyanın, insan haqlarının və cəmiyyətin inkişafının təmini olan ictimai və siyasi bərəbərliyin carçısı kimi çıxış edən ABŞ-də yaşanan maraqlı paradokslarla qarşılaşırıq. Bu hal Demokratlar Partiyasında özünü daha qabarıq şəkildə büruzə verir. ABŞ Demokratlar Partiyası sovet nomenklaturasına oxşamağa başlayıb və onlar dar bir çərçivədə xüsusi kaqorta yaradıblar. Hiss edilir ki, arzu olunmayan kənar şəxslər yuxarı mərtəbəyə buraxılmır. Paradoks ondadır ki, bu, sosial liftin qapanmasına qarşı qızğın mübarizə apardığını bəyan edən bir partiyada baş verir. Bill və Hilları Klintonlar, Cozef Bayden, Barak Obama, Mişel Obama, Nensi Pelosi, Çak Şumer və onlara yaxın olanlardan ibarət “siyasi büro” təşkil edilib. Kamala Harris məhz həmin büronun xeyir-duası nəticəsində ərsəyə gətirilib və önə verilib. Belə ki, həmişə kölgədə qalmış və vacib siyasi fiqur hesab edilməyən Kamala Harris praymeriz mübarizələrindən qalib gələn şiyasətçi kimi arenaya çıxmayıb. Həm də Baydenin qərarı artıq müəyyənləşdirici və həlledici faktor deyil. Vaxtilə onun vitse-prezident təyin edilməsi demokratlar arasında söz-söhbətə səbəb olmuş və birmənalı qarşılanmamışdı. Əslində, elə Co Baydenin indiyədək namizəd kimi qalmasının səbəbi də həmin “büronun” maraqlarından irəli gəlirdi, gördülər ki, işlər cığırından çıxır, tələsik taktikanı dəyişməyə məcbur qaldılar. Əlbəttə, namizədin kim olacağı qərarını avqustun 19-22-də Çikaqoda keçiriləcək qurultay qərara alacaq və əgər bu müddətə qədər yeni “dişli” namizədlər irəli sürülməzsə, onda Kamala Harrisin şansları yüksələcək. Bəlkə də demokratlar qurultayda namizədlər arasında süni mübarizə şousu da quraşdıracaqlar. Axı, Kamala Harris qurultaydan zəfərlə ayrılmalıdır ki, onun reytinqi yüksəlsin, haqqında qalib və mübariz lider obrazı formalaşsın.
Baydenin məhz Kamala Harrisi dəstəkləməsi təsadüfi deyil. Sözsüz ki, yuxarı eşalon onu özlərindən biri hesab edir, amma hər halda digər obyektiv səbəblər də var və bunlar aşağıdakılar ola bilər:
Birincisi, Kamla Harrisdən imtina edilməsi Baydenin prezidentliyinin və ümumiyyətlə isə demokratların uğursuzluğunun dolayı yolla təsdiqi olardı. Bunu nəzərə alan Bayden partiyasını da seçim qarşısında qoydu.
İkincisi, Kamala Harrisin namizədliyi qara dərililərin və ABŞ-yə miqrasiya etmiş, sonradan isə vətəndaşlıq almış seçicilərin əksəriyyətinin səsini qazanmaq deməkdir. Əslində, ABŞ əhalisinin meynstrim protestant və latın mənşəli seçicliləri ilə yanaşı, qara dərililərin əksər hissəsi demokratları dəstəkləyirlər və bu ənənənin pozulması istənilmir ki, inciklik olmasın.
Üçüncüsü və ən əsası isə Kamala Harrisin namizədliyinin irəli sürülməsi demokratların mövcud siyasətinin dyişməyəcəyi anlamına gəlir. Bu isə köklü yeniliyə getməyin əleyhdarlarına və demokratların arxa plandakı himayədarları olan maliyyə-bank korpusuna tam sərf edir.
Belə hesab olunur ki, Kamala Harrisin namizədliyi seçki qərargahının və Baydenin maliyyə fondunun yenidən formalaşdırılmasına ehtiyac yaratmayacaq. Lakin bu elə də ciddi problem deyildi, onu həll etmək bir həftənin işiydi. Hazırda seçki fonduna təxminən 300 milyon dollar toplanıb. Yuxarıda qeyd edildiyi kimi əsas faktor ABŞ-nin mövcud siyasətinin davam etdirilməsidir.
Ancaq bunlara baxmayaraq, Kamala Harris çox zəif namizəd sayılır və onun populyarlığı aşağıdır. Yəqin demokratlar düşünürlər ki, seçkiyə hələ üç ay qalıb və bu müddət əzrində təbliğatın yardımı ilə vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər. K.Harris xoşagəlməz reputasiyaya malikdir və respublikaçılar bunu intensiv şəkildə dövriyyəyə buraxacaqlar. Digər tərəfdən, Demokratlar Partiyasında Kamala Harrisi prezidentliyə namizəd görmək istəməyənlərin müxtəlif arqumentləri var. Donald Trampa qalib gəlmək üçün K.Harris yaxşı natiq olmalı, çıxışlarını aydın, ardıcıl və faktlara söykənərək qurmalıdır, ancaq bu xüsusiyyətlər onda çatışmır. ABŞ-dəki hadisələrin daxili xarakteri ziddiyyətli məqamlarla doludur, elektorat isə bunu təhlil etmək, ondan düzgün nəticə çıxarmaq qabiliyyətindən uzaqdır. Ona görə də vətəndaşlar bir çox hallarda ənənəvi olaraq sorğu-sualsız tərəf saxlayırlar.
Prosesləri lap yaxından izlədikdə aydın olur ki, nə mühafizəkar sağ liberallar olan respublikaçıların, nə də sol liberallar sayılan demokratların irəliyə hesablanmış mükəmməl proqramları yoxdur. Əlbəttə, ümumi tezislər var, lakin bunu reallaşdırmaq üçün güclü siyasi-iqtisadi alqoritmə ehtiyac yaranıb. Tramp müəyyən fikirlər irəli sürür və deyir ki, biz demokratların vurduğu zərbədən əziyyət çəkəcəyik, lakin ziyanı qısa zamanda aradan qaldıracağıq. Həmin ziyan isə əslində hələ 20 il əvvəldən kiçik Corc Buşdan bu yana vurulub, çünki bu müddət ərzində demək olar ki, trafaret formada eyni siyasət yürüdülüb. Tarix isə ABŞ-dən radikal yenidənqurma tələb edir.
Bəzi analitiklərin fikrinə görə, ABŞ-nin partiyalar isteblişmentindən üstdə dayanan “Invisible govenment” və ya “Dərin dövlət” adlandırılan yuxarı elitasında yeniliyə getməyi qərara alanlar var. Amma görünür ki, yekdil fikrə gəlinməyib, əksinə ciddi qarşıdurma müşahidə olunur. Trampa edilən uğursuz sui-qəsd bunu təsdiqləyir. Keçən seçkilərdə demokratlar həmin “Dərin dövlət”-in köməyindən yaxşıca istifadə etmişdi. Hətta Texas ştatı seçkilərdəki saxtakarlıqlar barədə ABŞ Ali Məhkəməsinə şikayət də göndərmişdi, lakin bu etiraza məhəl qoyulmamışdı. Ancaq bu dəfə vəziyyət daha gərgin olacaq və müxtəlif hiylə və manipulyasiyaların həyata keçirilməsi müşkülləşəcək, əks təqdirdə bəzi ştatların qubernatorları ən gözlənilməz etiraz metodlarına əl atarlar və vətəndaşlar arasında ciddi qarşıdurma yaranar. Ali Məhkəmə isə ötən dəfəki kimi davranmaya bilər.
Xatırlatmaq istərdim ki, Ali Məhkəmədə respublikaçılar üstünlük təşkil edirlər. Ona görə bəlkə də bu il ABŞ tarixinin ən gərgin seçki kampaniyasını seyr edəcəyik.
Vaqif Nəsibov