Prezident İlham Əliyevin qlobaləhəmiyyətli mesajları - Professor Habil Qurbanov yazır...

Prezident İlham Əliyevin qlobaləhəmiyyətli mesajları - Professor Habil Qurbanov yazır...
 

Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqa müraciətində demişdi ki, biz Şuşanı dirçəldəcəyik.

Həmin tarixi müraciətdən dörd ildən də az bir müddət keçməsinə baxmayaraq, dünya dirçələn Şuşanı görür.

Artıq neçə müddətdir ki, Azərbaycanın mədəniyyət paytaxtı mühüm beynəlxalq tədbirlərə ən yüksək səviyyədə evsahibliyi edir.

Ötən il iyulun 21-də müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər, tanınmış jurnalistlər ilk Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün bir araya gəlmişdilər.

Bu il isə II Şuşa Qlobal Media Forumu baş tutdu.

Forumun açılış mərasimində iştirak edən dövlət başçısı çıxışında bu mötəbər beynəlxalq tədbirin artıq ənənəvi xarakter aldığını qeyd etdi. Qlobal Media Forumunun gedişində dövlət başçısına ünvanlanan suallar ölkəmizə, ümumilikdə Cənubi Qafqazda gedən proseslərə dünyada marağın son dərəcə böyük olduğunu və getdikcə artdığını bir daha nümayiş etdirdi.

Əlbəttə ki, bu vəziyyəti şərtləndirən əsas amillərdən biri də Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinin təminatında rolunun getdikcə artmasıdır.

Eyni zamanda forumun mövzusu kimi seçilmiş "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" problemi də bu gün istər regionumuzda, istərsə də dünyada son dərəcə aktualdır.

Cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkəmiz illər boyu Qərbdəki anti-Azərbaycan qüvvələrin, ermənipərəst dairələrin informasiya hücumlarına məruz qalıb. Bizə qarşı iri miqyasda dezinformasiyalar yayımlanıb, Azərbaycan demonizasiyaya məruz qalıb.

Ölkə rəhbərinin səsləndirdiyi fikirlərdə dünyada mövcud olan neqativ tendensiyalara, o cümlədən neokolonializmin iyrənc təzahürlərinə qarşı Azərbaycanın barışmaz mövqeyi bir daha diqqətə çatdırıldı.

Dövlət başçısı bir daha qətiyyətlə bəyan etdi ki, Azərbaycan hər zaman neokolonializmə qarşı mübarizə aparan ölkələri və xalqları dəstəkləyəcək. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyə başlayandan bu məsələ ilə yaxından məşğul olmağa çalışıb, çünki həmin təşkilatın bir çox üzvü keçmişdə kolonializmin qurbanı olub.

Bəzi ölkələr isə hələ də bundan əziyyət çəkirlər. Bu gün neokolonializmi mümkün qədər uzun müddət yaşatmağa çalışan ölkələrdən biri də Fransadır. Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlamalı olduğu faktlar həddindən artıq çoxdur.

Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, xalqlarının bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu məsələni qaldırıb və Bakı Təşəbbüs Qrupunu yaratmaqla müstəmləkə ərazilərinin nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirir.

Azərbaycan bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək və fransız neokolonializminin ifşa olunması, müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini hər vasitə ilə dəstəkləyəcək.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında əməkdaşlığın gücləndirilməsindən bəhs edərək dedi ki, iki həftə bundan əvvəl Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-formal Zirvə toplantısının gedişində təşkilatın potensialının gücləndirilməsi məqsədilə Azərbaycan katibliyə iki milyon dollar məbləğində ianə ayırıb.

Bu addım ona görə atılıb ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq müstəvidə daha fəal olsun. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla, o cümlədən Afrika İttifaqı ilə praktiki və möhkəm əlaqələrin qurulmasının vacibliyini vurğuladı. Öz növbəsində, Azərbaycan da Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışır və bu məqsədlə Efiopiyada öz səfirliyini təsis edib.

Bu gün ölkəmizin Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmasları var. Qeyd olundu ki, Qoşulmama Hərəkatına sədrliyi Azərbaycana Afrika ölkələri ilə praktiki təmaslar qurmağa kömək edib.

Cənab Prezident COP29-la bağlı həmin ölkələrə dəvətlər göndərib və artıq bir çox Afrika ölkələrinin prezidentləri öz iştiraklarını təsdiq ediblər. Bu da ölkələr arasında təmasların yaradılması baxımından yaxşı fürsət olacaq.

Hazırda Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında rəsmi əməkdaşlıq kanalları olmasa da, bu, yaxın zamanda mümkün olacaq. Ancaq milli səviyyədə Azərbaycan və Afrikanın müxtəlif ölkələri arasında yaxşı əməkdaşlıq əlaqələri mövcuddur.

Azərbaycan COVID dövründə 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib ki, onların da bir çoxu məhz Afrika İttifaqının üzvləridir.
 
Habil QURBANOV,
Elm və Təhsil Nazirliyi Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin
sədri, hüquq elmləri doktoru, professor

 

 

0.018194913864136