Elşad Həsənov hakimiyyətin probleminə çevrilib: Nə deputatlığı, nə də icra başçısı vəzifəsini bacarmadı – VİDEO

Elşad Həsənov hakimiyyətin probleminə çevrilib: Nə deputatlığı, nə də icra başçısı vəzifəsini bacarmadı – VİDEO
 

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayon İcra Hakimiyyətləri və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib. Görülən işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Rayonlarda görülən təmir işlərinin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Yasamal RİH başçısı Elşad Həsənova ciddi xəbərdarlıq edilib. Qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sözsüz ki, Azərbaycan hakimiyyətinin etdiyi kadr dəyişikliyi heç də həmişə müsbət nəticə vermir. Məsələn, 2019-cu ilin noyabr ayında Yasamal rayonuna icra başçısı təyin olunmuş Elşad Həsənovun təyinatında olduğu kimi.

Prezident deputat Elşad Həsənova Yasamal kimi böyük, perspektivli rayonu ona görə həvalə etdi ki, icra başçısı kimi özünü təsdiqləyə bilsin. Lakin Elşad Həsənov Yasamalda necə passib deputat olmuşdusa, elədə yarıtmaz icra başçısı oldu. Elşad Həsənovun Bakının Yasamal rayonuna icra başçısı təyin olunması bəlkə də, hakimiyyətin ən böyük səhvidir.

Gözləmək olardı ki, İbrahim Mehdiyev kimi dağıdıcı, Əziz Əzizov kimi satmaq üçün rayonda künc-bucaqda torpaq axtaran icra başçılarından sonra Yasamal rayonuna təyin olunan gənc icra başçısı yeniliklərə imza atacaq, rayonu ən qabaqcıl yerə çıxaracaq. Çox təəssüf ki, Elşad Həsənov ona bəslənən ümidləri doğrultmadı, rüşvət yığa-yığa ən böyük rüşvət düşgününə çevrildi...

Elşad Həsənovun fəaliyyəti ilə bağlı Paralel.az olaraq internet resurslarında apardığımız araşdırma onu göstərdi ki, deputat olduğu dövrə aid bir-iki informasiya qarşımıza çıxdı, o da Elşad Həsənovun alayarımçıq açıqlamalarından ibarətdir…

Hətta mediada gedən məlumatlarda qeyd olunur ki, deputat olduğu zaman seçiciləri Elşad Həsənovu tapanlara xüsusi mükafat vəd veriblərmiş. Onun fəaliyyətini yalnız bu gün Yasamalın hər qarışında yaşıllıqların kəsilməsi, səkilərin satılması, küçə ticarətinin yaratdığı səliqə-sahmansızlıq olmaması, boş yerlərin satışa çıxarılmasında görmək mümkündür.

Bir sözlə, ona havadarlıq edən yüksək çinli məmur kimdirsə, ilk gündən yanlış təqdimat verib, çünki nə 4 il deputat kimi, nə də 5 illik icra başçısı olaraq Elşad Həsənovnə cənab Prezidentin, nə də rayon əhalisinin etimadını doğrultmayıb.

Lakin deputat kimi səsi çıxmayan Elşad Həsənov icra başçısı təyin olunanda mətbuata demişdi ki, “əlimdən gələni əsirgəməməyə, mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”. Amma nə baş verdi?

Elşad Həsənovun fəaliyyəti Yasamal rayon büdcəsini dağıtmaqdan, resursları və təşkilatların fəaliyyətini qazanc mənbəyinə çevirməkdən ibarət oldu. O da məlumdur ki, Yasamalda torpaq satışı ən gəlirli sahələrdəndir. Elşad Həsənova qədər satılması mümkün olan bütün ərazilər imkanlı şəxslərə satılmışdısa, indi səkilər, istirahət parkların böyür-başındakı torpaqları kəsərək satışa çıxarırlar.

Təbii ki, Elşad Həsənovun sərəncamları ilə rəsmi rəqəmlərə görə, Yasamal rayonunda Ticarət departamenti və 19 Mənzil İstismar sahəsi var. Bu təşkilatlar ərazidə yaşayan əhalidən hər il əmlak və zibildaşıma haqqı yığır. Amma insanların rahatlığı üçün lazım olan işləri görmək tamamilə unudulub.

Paralel.az-a daxil olan məlumata görə, hər bir Mənzil İstismar Sahəsində yetəri qədər xadimələrin adları olsa da, icra hakimiyyəti nəzdində olan işsiz insanların sosial işlərə çox sayda adam cəlb olunsa da, binaların blok və həyətlərində, küçə və parklarda insan sağlamlığı üçün çox böyük təhlükə mənbəyi olan antisanitariya hökm sürür.

Xəbər mənbəyimizin Paralel.az-a verdiyi xəbərə görə, icra hakimiyyətindən tutmuş JEK-lərə qədər bütün təyinatlar rüşvətlə həyata keçirilir. Bu da Yasmalaın icra başçısı Elşad Həsənovun kadrlarının qurduğu "qazanc" sistemdir.

Məhz rayon rəhbərinin xeyir-duası ilə JEK müdirlərinin işə götürdüyü qohum-əqrabaları işə çıxmır, onların əməkhaqqı kartlarından qanunsuz istifadə edilərək pullar mənimsənilir. Yasamal Rayon Ticarət departamentlərinin küçə ticarətini genişləndirməsi və bunun hesabına yığılan rüşvət, küçə və həyətlərin abadlaşdırılması üçün dövlət büdcəsindən hər il ayrılan pulların tenderlə icra başçısına yaxın şirkətlərə verilməklə vəsaitin mənimsənilməsi böyük gəlir sahəsidir.

Yasamal ərazisində dünyasını dəyişən tənha insanlarının evlərinin qanunsuz olaraq vətəndaşlara satılması ilə bağlı faktlar isə ayrıca araşdırma mövzusudur və bu proses çox çəkməz ki, məhkəmə dartışması predmetinə çevriləcək.

İddia olunur ki, özünü doğrultmayan məmurlardan biri kimi Elşad Həsənov da siyasi rəhbərliyin “qara siyahısı”na düşüb və yaxın vaxtlarda Yasamal icra hakimiyyətinin başçısı vəzifəsindən azad ediləcək…

Elşad Həsənov özünün mövcud olduğunu hakimiyyətə və cəmiyyətə göstərmək üçün hər həftə "rayon vətəndaşları ilə görüş" adı altında rayon məmurları ilə görüş keçirir və beləliklə də Yasamal RİH-in fövqalədə işlərlə məşğul olduğunu, əslində isə rayonda heç bir faydalı iş görülmədiyini ört-basdır etməklə məşğuldur.

0.026833057403564