Məni yazmaq yaşadır
Aprel ayı idi. Avtobusda gedərkən bugünkü işlər barədə düşünürdüm. Çox keçmədi ki, “Azərbaycan” nəşriyyatına çatdım. İkinci mərtəbəyə qalxıb, kompüter otağına tərəf döndüm. Dəhlizdə həmkarlarımla görüşüb, hal-əhval tutarkən, Səadət Sultanı görüb salamlaşdım. O dedi:
- Yaxşı ki, sizi gördüm. Yeni hekayə yazmışam, “Vətən mənim sevgilimdir” adlanır. Oxuyun, fikrinizi bildirin, onu çapa vermək olarmı?
- Yaxşı, sabah qəzetimiz çapa hazır olmalıdır, hekayənin sərlövhəsi məni tutdu, məzmunu da yəqin yaxşı olacaq, - dedim. – Axşam oxuyaram, səhifədə yerimiz olacaq...
Beləcə, ayrıldıq. Yığılmış materialları oxumaq üçün götürmüşdüm. Öncə Səadət xanımın hekayəsini oxudum. Yaxşı hekayə idi. Onu “Azad təfəkkür” qəzetində çap elədim. Hekayədən məlum olur ki, Hünər döyüşqabağı evə gəlib ki, ata-anasına baş çəksin.
Vaxt tamam olanda Hünərin anası İradə xanım oğlu Hünəri yan otağa çəkir, istəklisinin olub-olmadığını soruşur. Hünər də deyir ki, istəklim yoxdur, anacan. Hünər qapıdan çıxarkən anasına tərəf dönüb deyir:
- Ana, ay ana?
- Can, ay oğul.
- Məni bağışla, ürəyimdə tutuduğumun adını bilmək istəyirsən?
- Əlbəttə, oğul, istəyirəm, desənə, sənə qurban.
- Mənim də sevgilim var: adı – Vətəndir, ana, Vətən. Nə qədər ki, bir parçasını yağı tutub, onu azad etmədən sevə bilərikmi, ana?
İradə xanım oğlunun haqlı olduğunu gördü və dedi:
- Get oğul, Allahın amanında ol, sevgilini qoru, Vətəni azad et, muradına yet.
Elə hekayədəki bu parçanı oxumaq kifayətdir ki, müəllifin Vətən torpağının azad olunmasına necə böyük önəm verdiyini görəsən.
Səadət Sultanın 44 günlük Vətən müharibəsinə həsr etdiyi esse və məqalələr ürəkdən yazılıb, qəhrəmanlarımızı layiqincə tərənnüm edib. Qeyd edib ki, torpaq, Vətən uğrunda canından keçən hər bir insan şəhiddir və əlçatmaz zirvə sahibidir. Şəhidlik Vətənə sevginin ən ali məqamıdır. Vətənə olan məhəbbət hissi, torpaq sevgisi insanın qəlbinə hakim kəsiləndə özündən asılı olmadan yaranan bir ümmandır. Bu sevgi, bu istək Səadət xanımın yazılarında daha qabarıq hiss olunur. O belə yazıları ürəyinin hökmü ilə yazır, yazıçı-jurnalist məsuliyyətini, vəzifəsinin aktuallığını unutmur.
Təcrübəli qələm sahibi Səadət xanım sözün sultanıdır, sözün qədrini bilir, onun bədii imkanlarını qiymətləndirir, hər sözü, fikri məqamında işlədən yazıçılardan sayılır. O, rəssam kimi duyğularının, hisslərinin, gördüklərinin sözlə şəklini çəkir, təbiətin insanla harmoniyasına, təbiətin ecazkar gözəlliklərinə biganə qalmır, haqqı-ədaləti hər şeydən üstün tutur. Bilir ki, yazılan əsər bəşəri xarakter daşımalı, xeyrin şər üzərində qələbəsinə xidmət etməlidir.
Son illərdə Səadət Sultan özünü bədii publisistika və hekayə janrında daha çox sınayır. “Lerikin unikal təbiəti dünyanı heyran edir”, “Şair Firudin Ağazadəyə demək istədiklərim”, “Ürəklərin dostu”, “Mir Cəlalın poetikası”, “Nurlu ömrün yolları”, “Söz haqqında söz”, “Nadir abidələr”, “Hara gedir bu dünya?”, “Tarixi yaşadan muzey” və s. bu qəbildəndir.
Səadət Sultan bir neçə qəzet və jurnallarda işləyib, elektron resursları ilə əməkdaşlıq edib. O, hazırda “Azad təfəkkür” qəzetində baş redaktorun müavinidir. Taleyində mühüm yer tutan sözə və qələmə özünü borclu hesab edir. Deyir ki, mən yazanda yaşayıram, özümü qələmdən ayrı hesab etmirəm. Sözün gücü çox böyükdür. Şah babamız Xətai necə də gözəl deyib:
Söz var kəsər savaşı,
Söz var kəsdirər başı.
Yazının əvvəlində qeyd eləmişdik ki, Səadət Sultan bədii yaradıcılığa bağlıdır. İlk kitabı “Ruhun səsi”, ikinci kitabı isə “Pələngin qisası” adlanır. “Yağışda islanmayan adam” kitabı da yaxın vaxtlarda nəşr ediləcək. Səaədt xanım Vətən müharibəsinin qəhrəmanlarına həsr etdiyi kitab üzərində işləyir.
Tərcüməçi kimi də Səadət xanım qələmini işlədir, kinoserial, elmi məqalələri və hekayələri rus dilinə çevirir. Göründüyü kimi Səadət xanımın yaradıcılığı çoxşaxəlidir.
Mətbuat Günü münasibətilə Səadət Sultanı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
İdris Şükürlü, Respublikanın Əməkdar jurnalisti
Paralel.az