Azərbaycana qarşı qərəzli kampaniya: Bakı bunu dəf edəcək

Azərbaycana qarşı qərəzli kampaniya: Bakı bunu dəf edəcək
 

Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının erməniəsilli üzvü Ana Eşu (demokrat, Kaliforniya) və ermənipərəst üzvü Kristofer Smitin həmmüəllifliyi ilə Azərbaycana qarşı "Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması" adlı qərəzli qətnamə layihəsi irəli sürülüb.

Niyə məhz "qərəzli" deyirik? Birincisi, ona görə ki, artıq "Dağlıq Qarabağ" deyilən inzibati ərazi vahidi yoxdur. Bir çox geosiyasi aktor, o cümlədən Rusiya artıq bunu qəbul edir. ABŞ siyasiləri isə hələ də "Dağlıq Qarabağ" terminindən istifadə edirlər.

İkincisi, Vətən müharibəsi və ondan sonrakı dövrdə Qarabağda heç bir "etnik təmizləmə" əlamətinə rast gəlinməyib. Əksinə, ermənilərin könüllü şəkildə Qarabağda qalmasına və Ermənistan ərazisinə keçməsinə şərait yaradılıb. Bunu ermənilər özləri də təsdiqləyirlər.

Adıçəkilən senatorlar isə bu ritorikaları ilə sanki "Papadan daha çox katolik olmaq istəyirlər".

Üçüncüsü, indi hansısa uydurma "etnik təmizləmə" barədə danışan ABŞ siyasətçiləri niyə uzun illər Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına, o cümlədən Xocalı soyqırımı kimi qətliamlara heç bir reaksiya verməyiblər? Bu sualların cavabı göstərir ki, sözügedən layihə indiyədək ABŞ Konqresində rəsmi Bakıya qarşı irəli sürülmüş digər iftira dolu layihələr seriyasındandır.

ABŞ siyasətçiləri niyə belə davranır? Çünki onların bir çoxu tapşırıqla işləyir. Maraqlıdır ki, Eşu və Smitin qətnamə layihəsinin irəli sürdüyü gündə bir qrup "insan hüquqları" təşkilatı, o cümlədən "Freedom House", "International Pertnership For Human Rights, Democracy Development Foundation" və digərləri "Dağlıq Qarabağda niyə ermənilər yoxdur?" adlı hesabat icmalı da yayıb. Bunu təsadüf hesab etmək sadəlövhlük olar. Görünən odur ki, ABŞ Nümayəndələr Palatasının satın alınmış üzvləri ilə bu "qara şəbəkə" eyni mərkəzdən idarə edilir.

Əlbəttə, bu, riyakarlıqdır. ABŞ-nin bəzi siyasətçilərinin, o cümlədən Eşu və Smitin ikiüzlülüyü, obyektivdən çox uzaq davranışları Bakı-Vaşinqton xəttində narazılığa səbəb ola bilər. Parlamentarilərin mövqeyini, əlbəttə, birbaşa ABŞ iqtidarının ritorikası kimi qiymətləndirmək doğru olmaz. Əksinə, istisna deyil ki, erməni diasporunun təsiri altında bəzi siyasətçilər məhz ikitərəfli əlaqələrə zərbə vurmaq məqsədilə bilərəkdən belə davranırlar. Bütün hallarda bu cür yanaşma, iftira dolu qətnamə layihələri qərəz, riyakarlıq, siyasi sifariş ikili standartların nümunəsidir.


Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iyulun 4-də Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) Azərbaycanla bağlı ictimai bəyanatına münasibət bildirib. O qeyd edib ki, bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır.

Həmçinin bildirilib ki, bu qərarın 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərəzli qərarından sonra yaranmış Azərbaycan-Avropa Şurası münasibətlərində mövcud vəziyyətin fonunda qəbul edilməsi xüsusilə təəssüf doğurur.


Görünən odur ki, müxtəlif beynəlxalq dairələr tərəfindən Azərbaycana qarşı qərəzli kampaniya aparılır. Bunun əsas səbəblərindən biri rəsmi Bakının ərazi bütövlüyünü təmin etməsindən sonra regionda yaranan yeni reallıqlardır. Bəzi güclər, təşkilatlar, institutlar bu reallığı, həmçinin Azərbaycanın regional və beynəlxalq siyasətdə oynadığı rolu qəbul etmək, həzm etmək istəmirlər. Onların bu mövqeləri ritorikalarında aydın hiss olunur.

Lakin bu cəhdlər əbəsdir. Azərbaycan ötən illərdə olduğu kimi, bu dəfə də çirkin kampaniyaları dəf edəcək. Azərbaycan diplomatiyası buna qadirdir.

"Report" İnformasiya Agentliyi

 

0.027812004089355