Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəyə lazımdır? - Şikayət
İstehlakçıların hüquqları niyə qorunmur?!
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19.09.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi haqqındadır.
Dövlətin adından bu müdafiəni İqtisadiyyat Nazirliyi yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Di gəl, keçirirmi? Bu sualın cavabının “yox” olmasını konkret faktlar doğrulayır.
Elə son günlərin pozuntularından və istehlakçı hüquqlarını qorumağa təhkim edilən Dövlət Xidmətinin susqunluğundan danışaq. Ölkədə fəaliyyət göstərən bütün mobil operatorlar, eldə deyildiyi kimi, bir-birinin “ağzına tüpürüblərmiş kimi” müqavilə şərtlərini birtərəfli qaydada pozaraq tarifləri də qaldırıb, internet paketlərinin qiymətini də.
Birtətərəfli qiymət artımına baxın, indi ən aşağı aylıq paket qiyməti 6 manatdan başlayır. Əvvəllərsə həftəlik, 15 günlük paketlərlə yanaşı, aylıq 3 manatlıq paketlər də istehlakçıların ixtiyarına verilirdi. Belə xidmətdən daha çox aztəminatlı tələbələrin, əlillərin, pensiyaçıların yararlanmaları isə heç kimə gizlin deyil.
Aylıq 80-100 manata göz dikən tələbənin, müharibə veteranının ayda ən azı 6 manat rabitə xidmətinə ödəməyə pulunun çatmadığı göz önündə deyilmi?
Bəs İqtisadiyyat Nazirliyi yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır, bu qurumun dövlət büdcəsindən maliyyələşməsinə nə ehtiyac var?
Kommunal xidmətlər sektorunda da durum ürəkaçan deyil. Hökumət, qanunverici orqan əhalinin durumunu ağırlaşdıran aktlarla istehlakçıları çıxılmaz duruma salıb.
Özbaşınalığa baxın, “Azəristilik” istilik qiymətlərini özbaşına Tarif Şurasının qərarına uyğun olaraq yaşayış sahəsinin kvadrat metrinə görə 15 qəpikdən hesablamaq əvəzinə, ümumi sahəyə uyğun hesablama aparıb.
Qış mövsümü bitdi, bu 6 ayda istilik xidməti anlamadı ki, NK-nın qərarında söhbət ümumi yaşayış sahəsindən gedir, hər mənzilin ümumi sahəsindən yox. Bunu anlamaq bu qədərmi çətindir ki, istilik verilməyən artırmaya, hamam tualetə, dəhlizə görə istehlakçıdan ödəniş tələb edilməsi absurddur.
Bu, Konstitusiyanın 73-cü maddəsinə də ziddir.
Energetika, su təminatı, nəqliyyat sahəsində də istehlakçı hüquqlarının kobud pozuntusu müşahidə edilir. Qaz, işıq, su sayğaclarının fiziki şəxslərin istifadəsi üçün pulsuz , xidmət qurumunun hesabına quraşdırılması qanunda yazılsa da, yazılmayan qanunlarla istehlakçılar aldadılır, qanunsuz ödənişə məcbur edilir, qanunsuzluğa boyun əyməyənlər isə kommunal xidmətlərdən məhrum edilir.
Təsəvvür edin, “Azəriqaz” 15 ildən çoxdur Qarabağ qazisinin müraciətinə baxmır, evin çöldən “Kombi” sistemi ilə qızdırılmasına sayğac quraşdırmaqdan imtina edir. Bakı İnzibati Məhkəməsi (h. Fərid Mədətli) 5 ildir vermədiyi aktla əlil fiziki şəxsə saatda 10 kub metrdən çox qaz sərf edən istehlakçılar üçün nəzərdə tutulan sənaye qaz qurğusunun quraşdırılmalı olmasını qərara alıb.
İndi 5 ildir əlil-istehlakçı məhkəmə qərarının icrasını ,sənaye qaz qurğusunun quraşdırılmasını və müqavilə bağlanmasını tələb edir, nə qərar icra olunur, nə sayğac quraşdırılır.
“Azəriqaz”ın keçmiş rəhbərliyi isə otaqların, hamamın qızdırılmasını binanın çölündə quraşdırılan qaz qurğuları yolu ilə həyata keçiriləcəyini bildirirdi.
İmkan vermədilər, elə bu təklifdən sonra rəis görəvindən alındı. İşıq xidmətində özbaşınalıq hökm sürür, istehlakçı hüquqları qorunmur.
Özbaşınalığa baxın, 2018-ci ilə kimi 50 metr məsafəyə qədər görülən işlər xidmət qurumunun hesabına həyata keçirilirdi, qoşulma haqqı tutulmurdu. İndi hamısı istehlakçının boynuna qoyulub, hətta köhnə tarixə qoşulma haqqı da tələb olunur.
Onu da vurğulayaq ki, bu qoşulma haqqının qaz, su xidmətinə də şamil edilməsinə başlanılıb və istehlakçı hüquqlarını qorumalı olan qurum bu pozuntuya qiymət vermək istəmir. Özbaşınalıq o həddədir ki, əlillər, qazilər bu ödənişləri ödəməkdən azad olsalar da, xidmət qurumları qanunsuz ödənişlər tələb etməkdə “azadlıq”larını ortaya qoyurlar.
Bəs İqtisadiyyat Nazirliyi, yanındakı xidmət qurumu niyə görəvini icra etmir, niyə qanuna uyğun olaraq məhkəmədə istehlakçı hüquqlarının müdafiəsinə ərizə vermir? Əksinə, hüquq pozucularını qoruyur? Yəqin, hüquq müdafiəçiliyinin də öz haqqı var. Ombudsman da eləcə, yalnız qanunsuz cavablarla poçtalyon rolunu oynayır.
Qanunvericilik isə real addımlar atılmasını doğrulayır. Atılacaqmı? İstehlakçı hüquqları qorunmayacaqsa, İqtisadiyyat Nazirliyi, yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəyə və kimə lazımdır?
“Azərişıq” ASC 8-ci ildir ki, verdiyi 03.04.2017-ci il tarixli texniki şərti, müqavilə öhdəliyini icra etməkdən imtina edir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti susur, istehlakçının isə məhkəmə müdafiəsi hüququna da qadağa qoyulub.
Cavabdehin “hüquq” xidmətinin haqqı ilə. Hələ ki ölkədə hüquq, haqq-ədalət yox, haqq-hesab hökm sürür.
Bu hökm nə qədər sürəcək, ilahi?
Məğrur Bədəlsoy