"DSMF-in xərclərinin ödənilməsi üçün vəsait dövlət büdcəsindən fonda köçürülür" - Ekspert
Son günlər sosial mediada 2024-cü ilin dürüstləşdirilmiş büdcədə sosial xərclərin azaldılması ilə bağlı müzakirələr diqqəti cəlb edir. Bu məsələ bir sıra siyasətçilər tərəfindən də gündəmə gətirilib.
Paralel.az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, müzakirələrin əsas səbəbi dürüstləşdirilmiş büdcədə sosial müdafiə və sosial təminat xərclərinin təsdiq olunmuş 4 milyard 542 milyon manata qarşı 4 milyard 391 milyon manat və ya 150,8 milyon manat az proqnozlaşdırılmasıdır:
"Əslində, bu maddə üzrə azalma nəzərdə tutulsa da, dürüstləşdirilmiş büdcədə ümumi sosial xərcləmələr üzrə heç bir azalma proqnozlaşdırılmır. Çünki, bu maddə sosial xərclərin strukturunda bir istiqamətdir və əslində, sosial istiqamətə daha çox vəsait dövlət büdcəsi deyil icmal büdcəyə daxil olan fondlar vasitəsi ilə həyata keçirilir. Sözügedən maddənin 1 milyard 392 milyon manatı dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunda (DSMF) transfertlərdir. Bu maddə belə adlandırılır - “Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait”. Yəni, DSMF-in xərclərinin ödənilməsi üçün həmin vəsait dövlət büdcəsindən sözügedən fonda köçürülür. DSMF həmin vəsait ilə pensiya və digər sosial ayırmaları ödəyir. Bu ilin ilk 4 ayının yekunlarına əsaslanaraq DSMF 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektorundan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləğini dürüstləşdirilərək 3 milyard 387 milyon manatdan 3 milyard 577 milyon manata çatdırıb. Yəni, həmin fond ilkin proqnozlara nisbətən 190 milyon manat daha çox vəsait toplaya biləcək. Həmin vəsaitin 25 milyon manatı pensiyaların verilməsinə, 5 milyon manatı isə sözgüdən fondun saxlama xərclərinə yönəldiləcək. Bu o deməkdir ki, 190 milyon manatın 30 milyon manatı cari xərclərə yönəldiləcək və 160 milyon manat əlavə vəsait qalır. Nəticədə, DSMF dövlət büdcəsindən həmin 160 milyon manatı almayacaq və buna görə də transfertlərin həcmində və öncə qeyd etdiyimiz maddədə 160 milyon manata yaxın azalma var.
Deməli, əslində transfertlərin 150,8 milyon manat azalması sosial xərclərin azalması anlamına gəlmir. Çünki, DSMF öz yığımları hesabına həmin vəsaiti ödəyəcək. Əksinə, bu dövlət büdcəsi vəsaitlərində qənaətə və digər istiqamətlərə vəsait ayırmağa imkan yaradacaq. Unutmayaq ki, işğaldan azad olunan ərazilərimizə yönəldilən vəsaitlərin bir qismi sosial xərclərdir. Çünki, o vəsaitlərə əməkhaqqı və digər sosial ödənişlər də daxildir".
Digər tərəfdən V. Bayramv qeyd edir ki, dövlət büdcəsinin sosial müdafiə və sosial təminat maddəsi ümumi sosial xərclərin bir hissəsidir: "Bu, heç də bütün sosial xərclər deyil. Əgər həmin maddədə 4 milyard 391 milyon manat nəzərdə tutulubsa, DSMF-in 2024-cü ildə pensiyalara ödəyəcəyi məbləğ 6 milyard 525 milyon manat olacaq. Yəni, sadəcə DSMF-nin pensiya xərcləri həmin maddə üzrə vəsaitdən 49%-ə yaxın çoxdur. “Büdcə Sistemi” haqqında Qanuna əsasən, sosial xərclər müdafiə olunan xərclərdir və onlara sekvestr tətbiq oluna bilməz. Yəni, onlar azaldıla bilməz. Bu kontekstdən,dürüstləşmiş büdcədə ümumi sosial xərcləmələrdə hər hansı bir azalma olmayacaq, əksinə pensiya ödənişləri 25 milyon manat artırılacaq".
"Göründüyü kimi, dürüstləşdirilmiş büdcədə sosial xərclərin azaldılması ilə bağlı fikirlərin real əsasları yoxdur. Unutmayaq ki, yalnız dövlət deyil, icmal büdcə də dürüstləşir. Sosial xərclərin payı da icmal büdcə aspektindən müəyyənləşdirilir".