Dördüncü sənaye inqilabı və təhsil - Dos. İlham Əhmədov - VİDEO
(UNEC rektoru prof. Ədalət Muradovun 4-cü sənaye inqilabı mövzusunda müsahibəsini dinləyərkən düşüncələrim)
UNEC rektoru prof. Ədalət Muradovun 4-cü sənaye inqilabı mövzusunda müsahibəsini məmnunluqla dinlədim. Müsahibədə 4-cü sənaye inqilabı, onun təhsil sisteminə, universitetlərə təsiri barədə maraqlı fikirlər səsləndi. Müsahibəyə baxdıqdan sonra məndə bəzi suallar yarandı. Fikrimi sizlərə təqdim etmək istəyirəm.
Ədalət müəllim müsahibədə təhsilin rəqəmsallaşması, distant tətsil, smart təhsil barədə maraqlı fikirlər söylədi.
Təəssüf ki, 25 il ərzində TN bu modern təhsil texnologiyaları barədə nəinki heç nə etmədi, heç bu barədə düşünmədi də. Bununla da TN universitetlərimizi qlobal inkişafdan 25 il geri atdı. Bu azmış kimi distant təhsil barədə danışanlara qarşı mənfi münasibətlər sərgilədilər.
Ziyanın yarısından qayıtmaq da xeyirdir. Heç olmasa indi bu haqda düşünsünlər, nələrsə etsinlər.
Smart univeritet nədir? 15 il dünya təhsil sistemi smart universitet istiqamətində ciddi işlər görsələr də, bizim ölkədə bu haqda danışan yoxdur. Mən indi ilk dəfə rektor səviyyəsində bu məsələyə toxunulduğunun şahidi oluram. Nazirlik səviyyəsində isə Smart univeritet termini haqqında heç nə eşitməmişəm.
2011-ci ildə ofisi Çexiyada yerləşən "Təhsilin İnkişafı Beynəlxalq Fondu"nun təşkilatçılığı ilə Qazaxstanın Dövlət Pavlador Universiteti"ndə müəllimlərə və magistrlərə 10 gün ərzində, dəvət edilmiş mühazirəçi qismində "Smart Universitetlər" və "İnnovativ Universitetlər" mövzusunda mühazirələr oxudum. Bu haqda həmən universitetin saytında məlumat və müsbət rəylər dərc edilmişdi. Geri dönəndən sonra burda da bəzi saytlar bu haqda yazdı. Amma nə nazirlik, nə universitetlər (elə mənim işlədiyim universitet də) heç maraqlanmadılar ki, 3 min kilometr yol gedib smart universitet haqqında orda mühazirə oxudunuz, smart universitet nədir belə, bizləri də maarifləndirin.
Yeniliklərə belə "reaksiya" verən "təhsil mühiti"ndə, təhsil idarəçiliyində təbii ki 25 ilə distant təhsil sistemi yarana bilməzdi.
Bəlkə də bu gün dünya gülür bizim təhsilin durumuna. Geridə qalan Monqolustanın, Cibuti Respublikalarının universitetlərində 10 il əvvəldən olan distant təhsil niyə bizim universitetlərdə olmasın?
Niyə gənclərimizə belə müasir təhsil texnologiyaları qadağan olunmalıdır. Bu pisdirsə niyə 10 min nəfər gəncimiz "COURSERA" platforması üzərindən distant təhsil alır. Yox, yaxşıdırsa, universitetlərimizdə niyə yoxdur?
Bu qadağanı təhsil nazirliyi hansı əsaslarla 25 ildir ölkədə tətbiq edir, hansı qanuna əsaslanır? Bu illər ərzində 5-6 dövlət proqramında distant təhsilin yaradılması xüsusi qeyd edilmişdi. Bu təhsil forması və texnologiyası hətta "Təhsil qanunu"nda da xüsusi qeyd edilib. İstifadəsinə bu qanun icazə verir.
Bu nə qadağadır, nə təhsil siyasətidir, əgər "Təhsil qanunu"na ziddirsə?
50 il bundan əvvəlin epoxasına uyğun belə təhsil siyasətini kim bu ölkəyə rəva bilib?
Molla Nəsrəddin demişkən, bilməyənlər niyə bilənləri eşitmitlər?
Təhsil menecerləri əgər pandemiyadan da ibrət almadılarsa, daha nə vaxt ibrət alacaqlar?
Paralel.az