"O, seyrçi tək bu akademik tamaşanın yalnız səhnə üzünü görə bilib" - Günel Bayramova
Dilçi alim Günel Bayramova yazır...
Mətbuat xəbər verir ki, AMEA-nın dəvəti ilə dünya şöhrətli alim Əziz Sancar Bakıya gəlib. Akademiklər, müxbir üzvlər, direktorlar, rektorlar gündəmə gəlmək üçün sıraya düzülüb. Alimin çıxış nitqini hətta bəziləri məqalə kimi çap etməyi təklif edib.
Heyf ki, Əziz Sancar bu akademikanə səhnənin arxa üzünü görə bilməyib. Əgər “elm insanlığa, bəşəriyyətə xidmət etməlidir” fikrini əsas tutan alim bilsə idi ki, onu müsbət obraz ifa edən aktyorluqla qarşılayan bu akademiklər öz ölkəsinin tək-tük istedadlı alimini boğmaq, ümidlərini söndürmək, fəaliyyət əzmini qırmaq üçün necə çaba göstərir, əsl elmi laqeydliklə necə sınağa çəkir əminəm ki, alim üz çevirib gedərdi. Dünya şöhrətli türk alim nə bilsin ki, bizim akademiya və universitetlərdə vicdanla öz işinə yanaşan, oğurluq, əliəyrilik etməyən, plagiatı, rüşvəti pisləyən, yaltaqlığı lənətləyən, sadə, səmimi, zəhmətkeş alimə xor baxılır, bunların hamısını bacaranlar isə “fəxri alim”, “ilin alimi” mükafatlarına layiq görülür. Nobel mükafatçısı nə bilsin ki, bizim AMEA və universitetlərdə biabırçı cızma-qaralar fundamental tapıntı kimi təqdim olunub, təşviq olunduğu halda zəhmət və dürüst əmək görməzdən gəlinir. Nə bilsin ki, yaltaqlıq və alçaqlıq yüksək qiymətləndirildiyi halda insanlıq və bəşəri dəyərlər akademik ayaqlar altına alınır?!
O, bir seyrçi tək bu akademik tamaşanın yalnız səhnə üzünü görə bilib.
Paralel.az