Bu gün Medianın İnkişafı Agentliyində mətbəə və yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
4 iyun tarixində Medianın İnkişafı Agentliyində mətbəə və yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, görüşün əsas məqsədi çap mediası məhsullarının nəşri və yayımı ilə bağlı aktual məsələlərin müzakirəsi və bu sahəyə dair mövcud normativ hüquqi aktların müddəalarının izah edilməsidir.
Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova “Media haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəlarını diqqətə çatdıraraq çap mediası subyektinin təsis olunması proseduru, onun təsisçisinə dair tələblər, çap mediası məhsulunun hər buraxılışında göstərilməli olan məlumatlar barədə məlumat verib.
Media Reyestri şöbəsinin müdiri Cahangir Həsənli qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən hər bir çap mediası subyekti Media Reyestrinə daxil olmaq üçün elektron formada müraciət etməli, Media Reyestri Şəhadətnaməsi aldıqdan sonra nəşrini həyata keçirməlidir.
Görüş zamanı bildirilib ki, müvafiq qanunun tələblərini kobud və sistemli şəkildə pozaraq çap mediası vasitəsi ilə qeyri-peşəkar fəaliyyət cəhdləri hüquqi məsuliyyət yaradır və bu addımların qarşısının alınması üçün müvafiq tədbirlər görülməkdədir.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.