Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək
 

Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın “Real” klubu ilə Almaniya təmsilçisi “Borussiya” üz-üzə gələcək.

Oyun Londondakı “Uembli” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu, Çempionlar Liqası tarixində 69-cu final olacaq. Turnirin ən titullu klubu “Real”dır. Komanda 14 dəfə kuboku qazanıb, həmçinin üç dəfə Avropanın ən nüfuzlu klub yarışının finalında çıxış edib.

Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olub. Komanda həmin vaxt həlledici görüşdə İngiltərə “Liverpul”unu məğlub etmişdi - 1:0.

“Borussiya” isə 1997-ci ildə Çempionlar Liqasının qalibi olub. Komanda İtaliya “Yuventus”unu üstələyib - 3:1. 2013-cü ildə də “Borussiya” finala çıxıb. Amma həlledici görüşdə Almaniya təmsilçisi “Bavariya”ya 1:2 hesabı ilə uduzub.

“Borussiya”nın baş məşqçisi Edin Terziç komandanın “Real” ilə finalda çox çətin anlar yaşayacağını bildirib: “Düşünürəm ki, biz bu finala layiqik. Favorit olmayacağımızı bilirəm. Çox çətin olacaq. Amma final bir matçdan ibarətdir. Ona görə də hər şey mümkündür. Biz bunu artıq sübut etmişik”.

Baş məşqçi kimi 6 dəfə finala yüksələn “Real”ın çalışdırıcısı Karlo Ançelotti isə komandasının bacarığını yüksək qiymətləndirib: “Bizim o qədər problemimiz, ciddi zədələrimiz var idi. Biz Vinisiusu, Cud Bellinqemi və başqalarını müəyyən müddətə itirdik. Amma heç kim bu barədə danışmırdı. Bu komandanın oyunçuları fantastik qabiliyyətə və xarakterə malikdirlər”.

0.01824688911438