QANDAL (esse) - Məmməd Talıblı
Ev dustaqlığına buraxılmış Qubad bəyin ayağına qandal vurulub. Başadüşüləndir. Qaça bilər. Ölkənin quru sərhədləri 4 ildir bağlı olmasına baxmayaraq sərhəddən hətta uça da bilər. Sərbazlarımız (farsca “əsgər” deməkdir) onu saxlaya bilməzlər. Onsuz da onu adı, şöhrəti ölkə sərhədlərin çoxdan aşıb. Onu məhdudlaşdırmaq, lokallaşdırmaq üçün saxlayıblar. Siyasi sərhədləri aşdığı üçün saxlayıblar.
Ayağa vurulan qandal müvəqqətidir. Qəlbə vurulan vicdansızlıq qandalı isə əbədi. Ayağa vurulan elektron qandal məhkəmə hökmü ilə çıxarılacaq. Bir az tez, bir az gec... Amma qəlbi möhürləyən qandalı açmaq isə mümkün olmayacaq. O əbədidir və qara bir ləkədir.
Miçiqanda hakim (2013-cü il) məhkəmə zamanı telefonu zəng çaldığı üçün özünü məhkəməyə hörmətsizlikdə qınamışdı. ABŞ-ın tanınmış universitetlərinin professoru Qubad bəyi isə hətta məhkəmə zalında belə əli qandallı formada hakim ittiham edəndə isə az qala hamını qınayırdı. Azad dünyanın hakimlərinin ədalət meyarları tamamailə bir cür, bizdəkilərin isə ədalət rəngləri isə tamam başqa cürdü.
Əslində içi ədalət yükü ilə dolu olan insan özünü mühakimə etməkdənsə, özünü necə vardırsa, elə də qəbul etsə, daha güclü olar. Dayanıqlı olar. O zaman onun onurğası əyilməz. Dik duruşu ilə ictimai rəğbət qazanar.
Bir insanın ayağına qandal vurular, sınmaz, amma başqa bir insanın əməkhaqqı kartına “blok” edilsə, sınar. Hər bir insan fərqlidir. Hər bir insanın dözüm həddi də ayrıdır, inkişaf yolu da... İstənilən insan unikaldır. Dünyada biri-birinə bənzəyən çoxlu insanlar olsa da, lakin detallı xüsusiyyətlərinin fərqinə varanda, yenə oxşar insanların özləri də belə fərqlidirlər. O cümlədən qardaşlar da...
Hətta ekizlər də tamamailə oxşar deyillər. Onları da ayıran nöqtələr, məqamlar var.
Totalitar sistemlərin əsas qarın ağrıları fərqli insanları islah etməkdir. Eyni ananın övladların oxşarlaşdırmaqdır. Oxşamayanlara gilyotini göstərməkdir. Totalitar sistemlər üçün əsas strategiya insanlardan ibarət bir “inkubator” fabriki yaratmaqdır. Həmin rejimlər inkubatorlar vasitəsilə yumurtadan süni surətdə elə “cücələr” çıxarmalıdır ki, bir az fərqli cücələr çoxluğa oxşamayanda bu anormallıq sayılsın. Özünü yad saysın.
Bunu qapalı sistemlərin həyatına proyeksiayalandırsaq, o zaman isə gərək insan özünü fərqli aparmasın, fərqli düşünməsin və özü olmasın. İnsan isə özündən qopanda, özü olmayanda faciəvi olur. Azadlığı olmayanda boğulur. Havasızlıqdan boğulmur. Ədalətsizlikdən boğulur. Layiq olmadıqlarından boğulur.
Qandalın içinə salınmış ayaq ətdəndir. Ət qandalın içində boğulmur. Ətin arasından axan qandan da həmçinin... Lakin Qubad İbadoğlu iqtisadiyyatın qan-damarı hesab olunan pulun pis idarəçiliyindən boğulur. Onu qəhər basır. Onun yaratdığı təhlükədən qorxur. Pulun trayektoriyasından, onun təbiətindən və gələcək təhlükələrindən qorxur. Amma özündən qorxmur!
Paralel.az