Afaq Bəşirqızının zəngi küsülü olduğu aktrisanı kövrəltdi
Xalq artisti Fatma Mahmudova "Elgizlə izlə" verilişində qonaq olub.
Sənətçi proqram zamanı həmkarı, Xalq artisti Afaq Bəşirqızı ilə münasibətlərini korlayanlardan danışıb:
"Hər şey çalışdığım Azərbaycan Dövlət Akademik Musiqili Teatrındakı tərəf müqabillərimdən aslı olub. Onların adlarını çəkə bilərəm, amma istəmirəm. Təəssüf edirəm ki, o istedadsızlar imkan vermədilər güclü sənətkarla işimi sona kimi davam etdirim. Əlləşib, vuruşub, bu münasibəti korladınız. İndi həmin sənətkarın yanında niyə məni əvəz edə bilmədiniz? Çünki siz Fatma Mahmudova ola bilməzdiniz. Bu istedadı mənə Allah verib".
Bir müddət sonra isə Afaq Bəşirqızı verilişə telefon bağlantısı ilə qoşulub və həmkarı ilə bağlı bunları deyib:
"Fatma çox sadəlövh, həddən-ziyadə zəmanə adamı olmayan bir qadındır. Onun sadəlövhliyindən çox istifadə edənlər var. Bir də görürsən ki, Fatma danışıq tərzini itirir. O, yadından çıxarır ki, Akademik Teatrın işçisi, Xalq artisti, Prezident təqaüdçüsüdür, onu Allahın verdiyi istedad yetişdirib. Əgər müəyyən həyatı məsələlər ilə və yaxud da həyatı problemlərlə kimsə ondan bir növ uzaqlaşırsa, artıq özünü quyunun dibində hiss edir və kiminsə aktrisası olur".
F.Mahmudova isə onun sözlərinə belə cavab verib:
"Afaq xanım, sizi salamlayıram, öpürəm, bağrıma basıram. Sizdən küsməmişəm. Çox sevirəm sizi. Amma sizin sonuncu tamaşanız olanda mənə çox zənglər gəldi. Dedilər ki, Afaq xanıma baxmaq istəyirik. Bir neçəsinə kömək etdim, tamaşaya baxmağa getdilər. Amma mənə deyirlər ki, onun adını efirdə çəkmə, acığına gəlir. Mən sizi çox sevirəm. Musiqili Komediya Teatrında əlimdən tutan və kömək edən ən güclü tərəf müqabilim qadınlar arasında Xalq artisti Afaq Bəşirqızı olub".