Ermənistan sərhədimizdə müşahidə məntəqələri tikir
Ermənistan Azərbaycanla sərhədin Əskipara (Voskepar) kəndi yaxınlığındakı delimitasiya olunmuş hissəsində sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.
Paralel.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyana onun Tavuş vilayətinin sərhəd kəndlərinə səfəri çərçivəsində Əskipara kəndindəki Müqəddəs Məryəm kilsəsini ziyarət etdiyi zaman məruzə olunub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Edqar Unanyan baş nazirə kilsənin arxasındakı dərədə yerləşən sərhəd sütunlarından birini göstərib. Onun sözlərinə görə, Ermənistan tərəfi artıq sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.
“Biz altı müşahidə məntəqəsi quraşdırmışıq, Azərbaycan tərəfi isə hələ ki yollar çəkir, məntəqə quraşdırmayıb. Əldə olunan bütün razılaşmalar yerinə yetirilir”, - o bildirib.