"Gözlərim dolur, özümdən asılı olmadan qəhərlənirəm" - Ruhi Əliyeva
İş xanımı Ruhi Əliyeva uşaqlıq fotolarını instaqram izləyiciləri ilə bölüşüb.
O, xatirələrindən yazıb:
"Uşaqlıq həyatımızın ən saf və təmiz hisslərlə yaşadığımız illəridir. Hər bir insan üçün onun uşaqlığı xoş və əvəzolunmaz hisslərlə xatırlanır. Uşaqlıq illərim yadıma düşəndə kövrək və eyni zamanda fərqli duyğular yaşayıram. Bəzən gözlərim dolur, özümdən asılı olmadan qəhərlənirəm. O günlər üçün köks ötürür, sanki darıxıram. Bəzən indiki dövrlə uşaqlıq illərimi müqayisə edirəm və bilirsiniz nə hiss edirəm? Heyf o günlərdən... İstəsək də, arzulasaq da, daha qayıda bilmirik o illərə. Bir insan ömrünün ən qayğısız illərinə daha həsrətlə baxırıq. Qayıda bilmərik daha o illərə.
Bu şəkillərə baxdıqca məktəbdə satılan şirin qoğalın və yumru kökənin dadını, nənəmin təndir çörəyinin iyini, həyətimizdəki meyvə ağaclarını, evimizin yanındakı arxdan axan suyun səsini və daha nələri xatırlayıram. Qızlarla oynadığımız cürbəcür oyunlar, bayramlarda qapı pusub papaq atmalar, tonqal üstündən tullanmaqlar və s. Xoşbəxt edirdi bizləri. Xatirələri xoş, arzuları çox uşaqlıq...
Uşaqlıq, sən bizdən gen düşdün artıq".