Bəşəriyyəti məhv edəcək yenilik? - “Bir-birimizi yox edə bilərik”
Son dövrlər texnologiya nəhəngləri süni intellektlə bağlı dərin araşdırmalar aparır, yeni məhsullar ortaya çıxarırlar. Hər ötən gün bu sahədə müxtəlif yeniliklər açıqlanır.
İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, hazırda istifadə etdiyimiz sosial şəbəkələrdən tutmuş elektron xidmətlərə qədər hər birində süni zəka yer alır: “Bu da həcmini get-gedə daha da artıracaq. Rəqəmsallığın növbəti istiqaməti süni intellektdir. Artıq bir çox peşə və ixtisaslar təhlükə altında qalıb. İnsandan daha səlis, sürətli və az xətalı iş mühiti yaratdığından və insanın edə biləcəyi səhvləri azaltdığından bir çox avtomatlaşma sahəsi süni zəka ilə birləşib. Bu gün həm hərbi və kosmos sənayesində, həm də ictimai-məişət sahələrində robottexnikaların istifadəsinə başlanılıb. Bu gün Avropada böyük İT şirkətləri süni intellekt üzərində yarış aparır. Buna səbəb iş mühitini yaxşılaşdırmaq, insanlara daha çox xidmət etməkdir. Bunların hər biri gələcəkdə genişlənəcək və dövlət, özəl sektorun yaratdığı xidmətlərdə daha çox istifadə olunacaq”.
Azərbaycana gəlincə, ekspert qeyd edir ki, süni zəka ilə bağlı görüləcək işlər çox, görülən işlər isə azdır: “Bu istiqamətdə banklarda data analitika, sosial media kimi sahələrdə bir neçə kiçik xidmət var. Həmçinin çox az dövlət qurumunun süni zəkadan istifadə etdiyini görürük. Bundan istifadə edənlərin də hansı miqyasda istifadə etdiyi sual altındadır. Buna görə də ölkəmizdə süni zəkanın inkişafı davam etməlidir. Dünyada süni zəka sürətlə inkişaf etdikcə, bu sahədə özümüz inkişaf etməsək, onu kənar xidmət kimi satin alacağıq. Biz məcburi şəkildə bu prosesin içində yer alacağıq. Bunun üçün də Azərbaycanda bir neçə il ərzində özəl və dövlət xidmətlərində süni zəkadan geniş miqyasda istifadə olunacaq”.
Onu da qeyd edək ki, bir müddət öncə ABŞ hökumətinin tapşırığı ilə süni intellekt riskləri ilə bağlı geniş hesabat hazırlanıb, sənəddə qarşıdakı illərdə süni intellektin inkişafının bəşəriyyətin məhvinə səbəb ola biləcəyi vurğulanıb. Süni intellektin insan irqi üçün təhdid olduğu ilə bağlı bir sıra nüfuzlu şəxlərin də açıqlamalarını görmək mümkündür.
E. Abbasovun fikrincə, istər insan, istər heyvan, istərsə də robotların mənfi və ya müsbət addımlar atması üçün motivasiyaya ehtiyac var: “Süni intellekt insanlara qarşı hər hansı bir təhlükə yaradacaqsa, bu motivasiya necə əldə olunacaq? İnsanın kiməsə acıqlanması üçün bir neçə qəzəb kimi hissi olur ki, ona qarşı sərt bir addım atır. Lakin süni intellektdə hisslər məsələsi yoxdur. Yəni süni intellekt bu yolla yaradılmış robototexnikalar, hərbi sənaye üçün yaradılmış insansız hava nəqliyyatlarının insanlara hücumu üçün motivasiyası olmalıdır. Süni intellektin insan irqini məhv etməsi üçün qərar verməsi hesablama metodu deyil. Məhvetmə üçün ona qarşı hislər olmalıdır. Süni intellekti enerji ilə təmin edən və inkişaf etdirən insandır”.
“Robotlar onları yaratdığımız ölçüdə istifadə edilə bilər. Süni intellektin insanlığa qarşı hər hansı bir təhlükə törətməsi yalnız insan işi ola bilər. Yalnız insan süni intellekti bu formada proqramlaya bilər. Təbii ki, terrorçulər buna can atacaq. İnsan irqinin sonuna süni zəka və robottexnikanın çıxacağına inanmıram. Bunu insanlar özü edə bilər ki, robototexnika olmadan da bu mübarizənin içindədirlər. Süni zəka isə, sadəcə, yeni bir alətdir. İstəsək, bu alətlə həyatımızı daha da rahatlaşdıra, ya da bir-birimizi yox etmək üçün istifadə edə bilərik”, - deyə ekspert əlavə edib.