Universitetlərimiz sanki, orta təhsili olmayanlara ali təhsil verməklə məşğuldur - Dos. İlham Əhmədov

Universitetlərimiz sanki, orta təhsili olmayanlara ali təhsil verməklə məşğuldur - Dos. İlham Əhmədov
 

Universitetlərimiz sanki, orta təhsili olmayanlara ali təhsil verməklə məşğuldur - Dos. İlham Əhmədov

Respublika Prezidenti İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafının yeni ideyalar əsasında, Yeni Eraya keçidini təklif edir. Bu keçid isə təhsildən başlayır. Çünki, keyfiyyətli təhsil milli təhlükəsizlik məsələsi olmaqla yanaşı, ölkənin bütün istiqamətlərdə inkişafının əsas təminatçısıdır.
Ali təhsil sistemimizdə 30 il ərzində yüzlərlə problem qalaqlanıb.Təəssüf ki, bu problemlər nə ciddi müzakirə obyekti olur, nə də həll edilir. Təhsil sistemində ciddi müzakirələr aparılmalı, bu sahədəki böhtrandan çıxış yolu tapılmalıdır.
1. Repetitorluq- orta təhsilin əsas problemidir.
Bu problem kütləvi hal almış repititorluqdur. Bunun da günahı həm orta məktəblərdə, həm də təhsil sisteminin idarəçilərindədir. Orta ümumtəhsil məktəblərində normal tədris prosesi təşkil edilməlidir, şagirdlər böyük pullar töküb 5-6 fəndən repititor hazırlığına getməsinlər. Amma məktəb rəhbərləri, fənn müəllimləri repetitorluğun inkişafında maraqlıdırlar.
Şagirdlər 6-7-ci siniflərdə təhsilə ciddi yanaşmırlar ki, 10-11-ci sinifdə repetitor yanına gedib proqramı öyrənəcəm. Nəticədə repetitor təhsili 6-7 illik tədrıs materialını sıxışdırıb 2 ilə şagirdlərə mənimsətməyə çalışır. Bu zaman şagirdlər çox yüklənirlər. Onlar 4-5 fənn üzrə 6-7 ilin materialını 2 ildə mənimsəməli olurlar. Keyfiyyət zəifləyir, uşaqların səhhətində problemlər yaranır.
Bəli, dünyanın bir çox ölkələrində repititorluq var, amma bu heç yerdə bizdəki kimi kütləvi deyil. Bizim şagirdlərin əksəriyyəti 150-200 balla universietlərə qəbul olur. Bunların böyük qismi repititorların hazırladıqları şagirdlərdir. Belələri daha sonra universitet proqramını qavramaqda çətinlik çəkir, semestr imtahanlarında keçid balı toplaya bilmirlər. Çünki, orta məktəb proqramını 30-40 % səviyyədə mənimsəməklə 4 aydan sonra 5-6 fəndən 51 % mənimsəmə göstərmək mümkün deyil. Bu şagirdlər məktəb proqramını orta səviyyədə bilməlidirlər ki, ali məktəb proqramlarını mənimsəyə bilsinlər. Bu vəziyyət keyfiyyət baxımından universitetlərə ciddi problemlər yaradır.
2. Universitetlərimiz sanki, orta təhsili olmayanlara ali təhsil verməklə məşğul olur.
Ali təhsil sistemimiz də qənaətbəxş deyil. Son 20 ildə heç bir universitetimiz Boloniya prosesi tələbləri səviyyəsinə yüksələ bilmədi, Avropa Təhsilin Keyfiyyəti Agentliyində Beynəlxalq Akkreditasiyadan keçmədi. Universitetlərimizin verdiyi diplomlar Avropada keçərli deyil. Bütün bunlar bird aha göstərir ki, təhsilimiz rəqabətqabiliyyətli deyil.
Müstəqiliyimizin tarixi 30 ildən çoxdur, artıq 50-dən çox ali təhsil müəssisəmiz var, amma ali təhsilə dair bir elmi-metodik jurnalımız hələ yoxdur. Niyə? Bu faktı artıq 20-ci dəfədir ki, yazıram, amma dəyirman öz işindədir.
Bir neçə ay əvvəl Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin edilib. Qış imtahan sessiyasında imtahanlarda ciddi nəzarət təşkil edildi, əvvəlki rektorun dövründə olan “ənənəvi” neqativ hallara yol verilmədi. Nəticədə 60% tələbə sessiya imtahanlarından kəsildi. Hesab edirəm ki, digər universitetlərdə də imtahanlarda belə ciddi nəzarət və obyektivlik olsa, keyfiyyət göstəricisi təxminən belə olar. Çünki məktəb proqramını 30-40%-ni mənimsəyən tələbələr yalnız buna qadir ola bilərlər. Bu tələbələr universiteti bitirdikdən sonra yenidən işə qəbul üçün imtahanlar verir və bu mərhələdə də yenə repititor yanına hazırlığa getməli olurlar. Çünki, müstəqil öyrənmək qabiliyyətləri də yoxdur. Əks halda bu məzunların 80 % kəsiləcəkdir.
Əgər universitet müəyyən ixtisas üzrə öz məzununa diplom verirsə, yenidən imtahana nə ehtiyac var? Yox, əgər universitet diplomuna etimad yoxdursa, onun məzunlarının 80 %-i kəsilirsə, onda belə “ali təhsil”ə nə ehtiyac var? Niyə tələbə universitetdə 4-5 il vaxt itirir, pul sərf edir? Bir sözlə, təhsil problemləri kompleks şəkildə, sistemli olaraq həll edilməlidir. Çünki keyfiyyətsiz təhsil təhsil deyil. Bu savadlı kadr qıtlığı yaranır ölkədə. Bu vəziyyət ölkənin gələcəyi üçün birbaşa təhdiddir.
Buraxılış imtahanında bu il 39 nəfər 300 bal toplayıb. Bu, son illərin rekord göstəricisidir. Amma bunu təhsilimizin uğuru saymaq sadəlövhlük olardı. Son bir ildə təhsildə nə dəyişdi ki? Sadəcə olaraq, imtahan sualları sadələşdirilib. Az müddət ərzində universitetlərə qəbul planının 2 dəfə artırılması (2026-cı ildə 75 min plan yeri olacaq) və eyni vaxtda imtahan suallarının əvvəlki kimi saxlanması nəticəsində universitetlərə giriş balı ilbəil enirdi. Bir çox ixtisaslarda keçid balı 150 və daha az ball olurdu. Bu isə çox aşağı keyfiyyət göstəricisidir.
Qəbul planının artırılması özlüyündə yaxşı təşəbüsdür, amma buna xüsusi hazırlaşmaq lazım idi, tələsik qərarlar qəbul etmək, onları tələsik icra etmək təbii ki, belə ağır nəticələr verəcəkdir. Belə addım atmazdan əvvəl təbii ki, məktəbdə təhsilin keyfiyyətini yüksəltmək lazım idi. Bu isə asan deyil, buna illər lazımdır. 25 ilə çökən, repetitor ümidə qalan məktəbi az vaxtda ayağa qaldırmaq mümkün deyil.
Düşünürlər ki, imtahan suallarını asanlaşdırmaqla təhsilinin "keyfiyyətinin kəskin yüksəlməsi"nə, universitetlərə qəbul ballarının artmasına səbəb olacaqdır. Bundansa əvvəllər də təklif etdiyimiz kimi, universitetlərə imtahansız (attestatla) qəbul aparılması daha yaxşı olardı. Bu halda repetitorluq tədricən azalacaq, məktəbdə tədricən normal təhsil sistemi bərpa olunacaqdır. Repetitorluq uşaqların səhhətinə çox ziyanlıdır, məktəbin işini iflic olur.
ETN deyir ki, repetitorluğun ləğvi gündəlikdə yoxdur, yəni məktəbin tənəzzülü hələ də davam edəcək. Bu gün repetitorluq kölgə təhsili kimi kütləvi hal alıb və o heç vaxt məktəbin dirçəlməyinə imkan verməyəcək. Dövlətin təhsilə ayırdığı büdcə, valideynin illərcə ödədiyi vergi azdır ki, yenidən ailələr repetitorlara hər il 5-10 min manat səpələsinlər?
Rəqabətli insan kapitalı yaratmaq hər bir dövlətin strateji məqsədlərindəndir. Bunu isə yalnız rəqabətədavamlı milli təhsil sistemi yarada bilər. Təhsilimizin rəqabətədavamlı olması üçün bəs nə etməliyik? Təhsilin rəqabətədavamlı olması bir çox amillərdən asılıdır. Bu məqsədə çatmaq üçün ilk növbədə təhsil menecerləri korpusunun özü rəqabətədavamlı olmalı, yüksək elmi-metodik səriştəyə, pedaqoji və idarəetmə təcrübəsinə sahib olmalı, təhsili, məktəbi, müəllimləri və şagirdləri sevməlidir. Görünən odur ki, təhsil menecerləri hələlik “Məktəblinin dostları”nın dostlarıdır.
Təhsildə kadr siyasəti bu gün bərbad haldadır. Təhsildə hər bir iş kadrların peşəkarlığından asılıdır. Təhsilin tərəqqisi də, tənəzzülü də kadrların səviyyəsi ilə müəyyən edilir. Bu səbəblərdən təhsilimiz rəqabətədavamlı deyil.
3. Qonşularımızın elm və ali təhsildə hansı problemləri var?
Bu gün bir çox postsovet ölkələrində elm və təhsil sahəsində (Belarusiya və Qazaxstan xaric) problemlər var. Biz bir çox hallarda Rusiya elm və təhsil təcrübəsinə müraciət edirik. Postsovet ölkələrinin əksəriyyəti müstəqqillik qazanandan sonra elm və təhsillləri zəiflədi, sürətli qlobal inkişafdan geri qaldılar. Nisbətlə götürsək RF-nın elm və təhsili daha yaxşı durumdadır, nəinki digər postsovet ölkələrin. Amma Rusiyanın elm təhsil sistemində də problemlər var.
RF-nın reallığı görən, problemləri etiraf edən, sağlam əqidəli elm və təhsil mütəxəssisləri az deyillər. Bu sahədəki problemlərdən açıq danışanların arasında akademiklər də az deyil, məsələn, akademik R. Niqmatullin kimi. Təbii ki, hər bir vətənpərvər, ölkəsinin inkişafını istəyən ziyalı, alim, mütəxəssis öz fəaliyyət sahəsindəki problemləri ortalığa qoymalı, bunu hökumətin diqqətinə çatdırmalı, problemlərin həll yollarını göstərməli, məmurları bu problemlərin həllinə çağırmalıdır. Baxmayaraq ki, bu gün bizim elm və təhsilimiz RF-nın elm və təhsilindən xeyli geridədir, onlar öz problemlərini görür və həllinə çalışırlar.
Bizim təhsil menecerləri elm və təhsil sahəsindəki problemləri aydın təsəvvür etmir, bu haqda danışmır, danışanları da eşitmirlər. Təbii ki, belə yanaşma ilə problemlər həll edilə bilməz, əksinə problemlər daha da dərinləşər. Düşünürəm ki, bizim menecerlər qonşu ölkələrdəki analoji problemləri öyrənməli, onların problemlərin həlli təcrübəsi ilə tanış olmalı, bizim təhsil problemlərinin həllində bundan istifadə etməlidirlər.
RF elm və təhsil sahəsində uzun müddət davam edən neoliberal islahatlardan sonra tədricən bu sahədə əks-islahat yoluna qədəm qoyulur. Yəni "islahatların nəticələri"nə qarşı mübarizə başlayır, çünki, islahatlar gözlənilən nəticələri vermədi. Onlar etiraf edirlər ki, RF-nın təhsil islahatları nəticəsində təhsil acınacaqlı hala gəlmişdir.
Mütəxəssislərin etiraf etdiyi kimi Rusiyanın ali təhsili və elmində son 150 ildə indiki kimi acınacaqlı vəziyyət olmayıb. Onların Boloniya sistemindən formal imtina edilməsi və ali təhsildə əvvəlki formatda “mütəxəssis” hazırlanmasına, yəni, 5 illik ali təhsilə qayıdış mövcud problemləri aradan qaldıra biləcəkmi?
Bütün bu suallar RF elm-təhsil ictimaiyyətini narahat edir və fəal müzakirələr aparılır. Onlar heç olmasa təhsillərinin hansı dalanda olmasını bilirlər, deməli çıxış yolu tapmağa şanslıdırlar, bizimkilər isə hələ də bilmirlər təhsil hansı quyudadır.
Bu barədə ətraflı bu məqalədə yazılıb: "RF ELM VƏ TƏHSİLİ DALANA DİRƏNİB".
4. Azərbaycan təhsilində ciddi islahatlara ehtiyac var.
Cəmiyyətin inkişafının təminatçısı olan təhsil sistemində ciddi islahatlara ehtiyac var. Təhsil islahatları iqtisadi islahatlardan daha mürəkkəb, daha çətin və daha vacibdir. Çünki, təhsil islahatları nəticə verməzsə, nə iqtisadi, nə də digər islahatlar da nəticə verməz. Təhsil sistemi ölkənin keyfiyyətli insan resurslarının yaradıcısıdır. Bu uzunmüddətli, mürəkkəb bir meqalayihədir.
Bəs bizim təhsil sistemində hansı islahatlara ehtiyac var? Bu sualın konkret cavabını ETN verməlidir. Amma hələlik nə elm, nə də təhsil üzrə ETN strategiyası ortalıqda yoxdur. Nazir deyir ki, “biz nə etmək lazım olduğunu biirik, amma necə etmək lazımdır, bunu bilmirik.”
Bu çox pisdir. Nazir fəaliyyətinin 1-ci ilində bu sözü desəydi, onu anlamaq olardı. Nazir kimi fəaliyyətinin 4-cü ilində bu sözü deməsi qəribədir. Nazirin belə etirafı səmimilikdən yox, islahat portfelinin içinin boş olmamasından xəbər verir. Yəni, komandanın təhsili xilas etməsi üçün heç bir planı yoxdur. Amma daha sonra da deyir ki, təhsil islahatlarının nəticəsi adətən 10 ildən sonra bilinir. Bəs bu islahat hansı strategiya ilə reallaşır ki, hələ 10 il də nəticə gözləyək? Artıq bu fikri təkrarlayaraq 30 il itirmişik. Yenə gözləyək?
Yalnız düzgün strategiya və dəqiq icra planı əsasında, uzun müddətli islahatlar real nəticə verə bilər.
Bu prosesdə 4 mühüm amil nəzərə alınmalıdır:
1. Təhsil siyasətini, təhsil islahatları tarixini mükəmməl bilən, beynəlxalq təcrübəyə bələd olan mütəxəssislərdən ibarət komandanın mövcudluğu.
2. Təhsil islahatlarının elmi bazaya əsaslanması. İslahatların tədqiqat bazası, kadr təminatı və maliyyələşməsi olmalıdır.
3. Strategiyanın icrasının illər ərzində tam və şəffaf maliyyələşməsi təmin edilməlidir.
4. Müəllimin əməyi yüksək qiymətləndirilməlidir. Çünki, müəllimdən yüksək ad yoxdur.
Bu amillər olarsa, uzun müddətli təhsil islahatı prosesi bəlli vaxtdan sonra müsbət nəticə verə bilər. Əgər ortalıqda hər hansı strategiya və peşəkar mütəxəssislərdən ibarət komandalar yoxdursa, nəyə ümid edirik. Onsuz da xeyli vaxt itirmişik, nəticə də göz önündədir.
Elm və Təhsil Naziri E.Əmrullayev bildirir ki, “Təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır. Bu çərçivədə yeni təhsil siyasəti modellərini yaratmaq mümkündür. Bura təhsilin məzmunu, metodikası və digər məsələlər aiddir. Həmin dəyişiklikləri birbaşa yox, ardıcıl pilot layihələr çərçivəsində tətbiq etmək olar".
Sevindirici haldır ki, təhsil naziri islahatların elmi təminatı məsələlərini gündəmə gətirir, təbii ki, bu zəruridir. ETN-nin bu qənaətə gəlməsi müsbət haldır. Amma nə dərəcədə buna nail olacaqlar?
ETN nəznində 30-dan çox ETİ olsa da, bunların içində real təhsil tədqiqatları apara bilən bir institut yoxdur. Təhsil İnstitutu 10 il əvvələ qədər orta məktəblə əlaqəli nələrsə edirdi, amma son 10 ildə bu qurum öz təyinatından yayındırılıb, elmi tədqiqat institutu kimi yox, təlim mərkəzi kimi fəaliyyət edir.
Hesab edirik ki, təhsil islahatlarının elmi təminatı problemlərinin həlli, bu işlərin icrası ETN və Təhsil İnstitutunun məhdud imkanları ilə reallaşa bilməyəcək. Bu istiqamətdə universitetlərin, xüsusi ilə pedaqoji profilli universitetlərin elmi potensialından, müstəqil təhsil ekspertlərinin təcrübəsindən, bu sahə üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti qurumlarının elmi potensialından geniş istifadə edilməli, müvəqqəti elmi -tədqiqat və layihə qrupları yaradılmalı, onların bu istiqamətdə elmi tədqiqat fəaliyyəti büdcədən maliyyələşdirilməlidir, qrant layihəsi və ya Dövlət Proqramları çərçivəsində. Amma indiyə qədər olduğu kimi yox. Qrant qalibləri obyektiv və peşəkarlıqla seçilməli, layihələrin icrası təhsilin konkret problemlərinin həllinə xidmət etməlidir. Son 10 ildə qrantlara sərf edilən milyonlarla maliyyə vəsaiti ilə də təhsilin bir çox problemləri həll edilə bilərdi, əgər belə bir istək olsaydı.
ETN nəzərə almalıdır ki, elmə əsaslanmayan, normal maliyyələşməyən təhsil islahatı, təhsil tədqiqatları heç bir nəticə verə bilməz, bu yalnız əbəs yerə vaxt itkisidir. Bu məsələlər nəzərə alınarsa, islahatların irəliləməsinə və dərinləşməsinə ümid yarana bilər.
Ali təhsildə bu günə qədər aparılan islahatlar heç vaxt maliyyələşməyib, bu iş universitetlərin sərəncamına buraxılıb. Sanki, daxili imkanlarla “necə bacarırsız elə də edin” kimi mesaj verilib. İnvestisiyasız təhsil islahatı mümkün deyil. Düzdür ETN rəsmiləri hesabatlarında hər il deyirlər ki, yüzlərlə layihələrə yüz milyonlarla manat sərf edirlər, amma bu o qədər xəlvət edilir ki, nə təhsilin, nə də təhsil işçilərinin bu investisiyalardan, bu layihələrdən və onun nəticələrindən xəbəri olmur: maliyyə hara, nə vaxt, nə qədər və niyə sərf edilib? Bu layihələr haqqında yaxşı olar ki, mütəmadi şəkildə icimaiyyət məlumatlandırılsın.
Təbii ki, belə qeyri şəffaf və nəticəsiz “investisiyaların” təhsilin inkişafına təsiri ola bilməz. Çünki, islahat proseslərində yüzlərlə insan, illərlə işləməlidir, əmək haqqı almalıdır, proses normal maliyyələşməsə bu iş getməz.
Bu gün 10 il əvvəlkindən fərqli olaraq dövlət büdcəsindən təhsilin inkişafına kifayət qədər vəsait ayrılır, bəs hara sərf edilir bu?
Təhsildəki bütün bu problemlər kompleks həll edilməsə, ölkənin yeni ideyalar əsasında sosial-iqtisadi inkişafı, Yeni Eraya keçid çox çətin olacaqdır.

Paralel.az 

0.074342012405396