Hökumətiin "taksi dərdi"
Və ya ölkədə inhisardan kənar yeganə sahə...
Uzun illərdir ki, müstəqil iqtisadçılar ölkə iqtisadiyyatının ən köklü probleminin inhisarçılıq olduğunu iddia edir və onu ən müxtəlif baxış bucağında sübut edirlər. Bazar iqtisadiyyatı modelində inhisarçılığın tam tərsi olan rəqabət bazarlarda ədalətli qiymətin formalaşmasına və davamlı olaraq əmtəə, eləcə də xidmətlərin keyfiyyətinin yüksəlməsini təmin edən başlıca elementdir. Bunu da uzun-uzadı təhlil edib, çeşidli misallar gətirmək olar. Amma qısa olaraq qeyd edək ki, rəqabətli iqtisadiyyatda sahibkarın rəqibə uduzmaq xofu onu hər an izləyir və qiymət artımına getməkdən çəkindirir. Əksinə, sahibkar hər dəqiqə rəqibi üzərində üstünlük qazanmaq üçün qiymətləri endirməyin və keyfiyyəti yüksəltməyin yollarını axtarır. Belə bir tendensiya isə alıcıların, sadə vətəndaşıarın ürəyindən xəbər verir - hamı istəyir ki, aldığı mal və xidmətin keyfiyyəti yüksək, qiyməti isə ucuz olsun. Deməli, bazar iqtisadiyyatının "rəqabət" adlı elementi birbaşa sadə vətəndaşın mənafeini təmin edən vasitədir. Hansı ki, o element Azərbaycan iqtisadiyatının saylı sektorlarında çox kövrək formada mövcuddur.
Bu gün Azərbaycan vətəndaşı statistik olaraq bilmir ki, ölkə iqtisadiyyatının necə faizi azad, necə faizi inhisar altındadır. Hərçənd ki, post sovet məkanı ölkələrində belə bu göstərici populyardır. Bu göstərici bizdə ona görə elan edilmir ki, Azərbaycanın Statistika Komitəsinin belə bir statistik təsnifat aparmağa cəsarəti catmır. Çünki təsnifat aparılsa, məlum olacaq ki, ölkə iqtisadiyyatının 99%-i inhisar altındadı. Belə vəziyyətdə ölkədə bazar iqtisadiyyatının mövcud olmasını iddia etmək gülüncdür. Bazar iqtisadiyyatının iki təməl prinsipi var - azad qiymət və amansız rəqabət. Azərbaycanda qiymətlər azaddır, sahibkar malına hansı qiyməti qoysa, ona heç kim qanuni irad tuta bilməz. Amma di gəl ki, rəqabəti inhisarçılıq boğaraq sıradan çıxarıb. Azərbaycanda qiymət artımının başlıca səbəbi budur. Nə qədər ki, iqtisadiyyat sahələri inhisardadır, o vaxta qədər də ölkəmizdə qiymət dəyişikliyi dedikdə bahalaşma anlaşılacaq.
Yuxarıda qeyd etdiyimiz kimi, ölkədə çox azsaylı sahələrdə rəqabət mühiti mövcuddir. Bundan (bunlardan yox, bundan!) biri də taksi xidməti sektorudur. Diqqət edirsinizsə, rəqabət mühiti mövcud olduğundan taksi fəaliyyətində qiymətlər ucuz, keyfiyyət isə yuksəkdir. Qiymətləri artırmadan keyfiyyəti yüksəltmək üçün taksi şirkətləri dəridən-qabıqdan çıxır, hərə öz fantaziyasını işə salır, daha cəlbedici olmaq üçün müxtəlif variantlar düşünülür. Bəli, bazar iqtisadiyyatının gözəlliyi də məhz elə bundan ibarətdir. Lakin çox təəssüflər olsun ki, Azərbaycan parlamenti və hökuməti son illər ölkə iqtisadiyyatının ən rəqabətli və azad olan "adasını" - taksi fəaliyyətini də inhisarlaşdırmaq istəyir. Hətta, deputatlardan biri anlamadan açıq şəkildə dilə gətirdi ki, ölkədə taksi xidməti çox ucuzdur, bunun qarşısını almaq lazımdır. Niyə, cənab deputat, taksi xidmətinin ucuz olması sizə hansı problemi yaradır?! Artıq gərəkən qanun qəbul edilib, Azərbaycan hökuməti ilə parlamentinin bir illik cəfası bu ilin ikinci yarısında öz səfasını verəcək. Belə ki, guya "müştəri məmnunluğunu təmin etmək" adı altında taksi xidməti fəaliyyəti ilə məşğul olan şirkətlər üzərinə o qədər mənasız və məzmunsuz tələblər qoyublar ki, bu xidmətin qiymətinin bahalaşmağı qaçılmazdır. Ötən il taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə pərdəarxası təzyiqlər edildi ki, qiymətləri bahalaşdırsınlar. Laki bu şifahi təzyiq fayda vermədi, şirkətlər müxtəlif vasitələrlə görüntü yaratdılar ki, qiymətlər bahalaşıb. Əslində isə qiymətlər ümümi fonda bir qədər də ucuzlaşdı. Ona görə də hökumət taksi şirkətlərinə qanunvericiliyi dəyuşməklə təzyiq göstərmək qərarına gəldi. Qanuna dəyişikliklər çox gülünc görünür. Məsələn, taksi xidməti göstərən maşının ağ, qırmızı və ya yaşıl olması nə məna kəsb edir? Taksi sürücusunun istirahət və iş vaxtının vizual izlənilməsi hansı ehtiyaclardan irəli gəlir? Taksi fəaliyyəti üçün icazə və ya lisenziyanın bahalaşdırılmasına nə ehtiyac var? Hamıya bəllidir ki, ölkədə işsizlik baş alıb gedir, taksi xidməti isə bu işsizlərin bir qismini işlə təmin edir. Bəlkə hökumət heç ölkədə işsizliyin də azaldılmasını isdəmir? Bütün bu sualların cavabları barədə düşünərkən gəldiyimiz qənaət ondan ibarət oldu ki, bu gün hökumətin və parlamentin bir dərdi var, iqtisadiyyatın taksi xidmətləri sektorunu da inhisara almaq istəyirlər. Qanunla taksi xidmətinin şərtləri ağırlaşdırılacaq və nəticədə şirkətlər bu sektordan əlini çəkəcək. Ardınca isə bir neçə oliqarx analoji taksi şirkətləri yaradıb, sahəni öz inhisarlarına almaqla, bazara qiymət diktə edəcəklər. Qəbul edilən qanunun isə tələbləri tamamilə yaddan çıxacaq. Digər seqmentlərin inhisarçıları hazirda Azərbaycan qanunlarını necə ayaqlar altına atırsa, taksi maqnatları da eyni addımları atacaq. O zaman taksi xidməti göstərən maşınların rəngi də, video-qeydiyyat cehazları da, hətta, lisenziya almaq da yaddan çıxacaq.
Sonda onu qeyd etmək istərdik ki, müstəqil iqtisadçılar ölkə iqtisadiyyatında inhisarçılığa qarşı mübarizə istiqamətində siyasi iradənin ortaya qoyulmasını gözlədiyi halda, Azərbaycan hökuməti və parlamenti birlikdə iqtisadiyyatımızın az-çox azad olan bir sahəsini də inhisar altına salmaq yolunda irəliləyir.
Akif Nəsirli, Paralel.az