Poeziya səhifəsi - Fərman Məhəmməd Əzizli

Poeziya səhifəsi - Fərman Məhəmməd Əzizli
 

Poeziya səhifəsi
 
Övladlarının qüruru olsun!
 
Uzun müddət dövlət qulluğunda qüsursuz işləmiş, Qəbələ ziyalısı, ağsaqqalı Səməd Cəlil oğlu Səmədova...
 
Çörək itirmədin, çörəyin itməz,
Çörəyi verərlər çörəkçilərə!
Sənə bu tərbiyə kökdən gəlibdir,
Evdən gördüyünü götürər hərə.
 
Qəlbində nə kin var, nə də ki, həsəd
Bulaq ürəyinin gözü dup-duru,
Səməd Səmədovun olub deyirlər.
Həmişə söhbəti, sözü dup-duru.
 
Duruluq ilikdən, qandan gəlməsə,
Sözdə əməl kimi əyrilik olar,
Bulağın gözünü qarışdırsalar,
Suyu lilli olar, bulanıq qalar.
 
Dostlar bulaq kimi tanıyır səni,
Taleyin bulaq tək qoy duru olsun,
Sənin ömür yolun, həyat taleyin,
Övladlarının qüruru olsun!
 
 
Sözü sözdən seçəsən.
 
Müəllim, dövlət qulluqçusu Sədiyar Səfərəliyevə ithaf olunur.
 
Sədiyarla söhbət etdim,
Ürəyim nurla doldu.
Düşündüm işıqlandı,
Sinəm qürurla doldu.
 
O təpədən dırnağa,
Şeir idi, söz idi,
Oğulsan gəl, sən onun
Qarşısında döz indi.
 
Təkcə insanın deyil,
Cərrahıdır sözün də,
Anamız təbiətin,
Sehri gəzir üzündə.
 
Ona söz desən gərək,
Yüz ölçüb, bir biçəsən,
Düyüdən suluf kimi
Sözü sözdən seçəsən.
 
 
Qocalma Qərib
 
Ziyalı, ağsaqqal, dövlət qulluqçusu Qərib Qəribovun 75 illiyinə
 
Keçdikcə ömrünün baharı, qışı
Dolub ürəyimə həsrət yağışı,
Üzündə var hələ dağlar naxışı
Qocalma, amandır, qocalma Qərib.
 
Səni hey gözləyir soyuq bulaqlar,
Çəmən-çöl həsrətli güllü yaylaqlar.
Qəmərvan haray çəkib, Səni soraqlar.
Qocalma, amandır, qocalma Qərib.
 
Fərman, Səməd, Sədiyar görsün o yüz yaşını,
Vəfalı gördülər dost yoldaşını,
Həmişə uca tut məğrur başını,
Qocalma, amandır, qocalma Qərib.
 
 
Şakir Xəyal, yaşamağa dəyər hələ bir az da

Şakir Qərib oğlu Qəribova ithaf (Şakir Xəyal)
 
Karvanımız gəlib başa çatsa da,
Arzularımız küsüb gedib yatsa da,
Qoca qəlbimiz qəm kədərə batsa da,
Ömrümüz batıb qalsa da, qar-ayazda,
Şakir Xəyal, yaşamağa dəyər hələ bir az da.
 
Bahar gəldi yenə quşlar oxudu,
Bağ-bağçalar min bir ətir qoxudu.
Bu ömürdü yoxsa şirin yuxudu?
Üzümüzə güldü gülüm bu yaz da.
Şakir Xəyal, yaşamağa dəyər hələ, bir az da.
 
Sevgi axır bu səhərin gözündən,
Günəş öpür çiçəklərin üzündən,
Doymaq olmur şairlərin sözündən,
Min hikmət var bu kamanda, bu sazda,
Şakir Xəyal, yaşamağa dəyər hələ, bir az da.
 
Nəvələrin yeni açmış yaz gülü,
Oynaşırlar günəş baxır, yaz gülür.
Gül bağçada salamlayır bülbülü.
Çiçək açır çöldə, düzdə, bəyazda,
Şakir Xəyal, yaşamağa dəyər hələ, biraz da.
 
Əzizli Fərman bat zəhmətin tərinə,
Qoyma təbin ayaq altda sürünə,
Qəvvas ol, cum dəryada dərinə,
Baş girləmə sahillərdə, payazda,
Şakir Xəyal, yaşamağa dəyər hələ, bir az da.
 
 
Fərman Məhəmməd Əzizli.
Azərbaycan Respublikasının Maarif Xadimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
Qəbələ rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü.
"Paralel" qəzetinin bölgə müxbiri.
 
 
 

0.025331974029541