Radioaktiv tullantıları zərərsizləşdirən bakteriya kəşf edildi
Radioaktiv materialları zərərsiz hala gətirən bakteriya növləri kəşf edilib.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi bakteriyaları Almaniyanın Drezden-Rossendorfdakı “Helmholts” mərkəzinin alimləri kəşf ediblər.
Söhbət gilli süxurlarda, havasız mühitdə yaşayan “Desulfosporosinus” cinsinə aid mikroblardan gedir. Adətən, buna bənzər süxurlardan yüksək radioaktiv tullantıların saxlandığı anbarlarda qoruyucu maneələr yaratmaqda istifadə olunur.
Bakteriyanın toksik uran duzu məhlulu ilə qarşılıqlı təsiri tədqiq edilib. Nəticədə “Desulfosporosinus”un suda asanlıqla həll olunan altıvalentli uranı həll olunmayan dördvalentli urana çevirdiyi anlaşılıb. Bir həftə ərzində bakteriyaların içində olduğu uranın 40%-i daha təhlükəsiz formaya çevrilib.
Yeni kəşf elm üçün bir çox perspektiv vəd edir. Belə ki, radioaktiv tullantılar probleminin həllində və ya radiasiya ilə çirklənmiş suyun təmizlənməsində bu bakteriyalardan istifadə oluna bilər.
Qeyd edək ki, tədqiqat “Science of The Total Environment” jurnalında dərc olunub.