Hər 100 manatlıq dəyərin 65 manatını bu sektor formalaşdırır - AÇIQLAMA
Bu ilin ilk rübündə neft-qaz sektorunda 0,2% artım qeydə alınıb. Artımın strukturuna diqqət yetirəndə bəlli olur ki, bu, neft sektorundakı stabilləşmə deyil, qaz hasilatının artması hesabına mümkün olub. Belə ki, əmtəəlik neft hasilatı 6% azalıb, əmtəəlik qaz hasilatı isə 5,4% artıb. Bu isə o deməkdir ki, neft sektorunda istehsalın stabilləşməsi ilə bağlı səylərə rəğmən hasilatda azalma davam edib.
"Ölkə.Az" xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, burada müsbət məqam təbii qaz hasilatındakı artımlar ilə bağlıdır: "Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu, fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır".
Millət vəkili deyir ki, sənaye məhsulunun 64,5%-i mədənçıxarma sektorunun payına düşür: "Yəni, sənayedə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorların inkişafı ilə bağlı islahatların daha da dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq".
"Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazarı ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir", - deyə V. Bayramov əlavə edib.
Könül
Ölkə.Az