Bu ölkədə siyasi xəbər qadağan edildi

Bu ölkədə siyasi xəbər qadağan edildi
 

Malidə siyasi xəbərlər yazmaq qadağan edilib.

"Haber Global" xəbər verir ki, Malinin rabitəyə məsul yüksək orqanı tərəfindən verilən əmr sosial şəbəkələr vasitəsilə elan olunub.

Belə ki, hakim xunta mediaya siyasi partiyaların və assosiasiyaların fəaliyyəti haqqında məlumat verməyi qadağan edib.
Bəyanatda bildirilib ki, bu qərar televiziya, radio, onlayn və çap mediası da daxil olmaqla bütün KİV-lərə şamil edilir.

Qadağanın əhatə dairəsi və praktikada necə həyata keçiriləcəyi hələ dəqiq deyil. Jurnalistlərə iqtisadiyyat kimi siyasətlə sıx bağlı olan mövzularda məlumat verməyə icazə verilib-verilməyəcəyi və onların işinə kimin nəzarət edəcəyi də aydın deyil.

Malidə jurnalistləri təmsil edən təşkilatlar qərara sərt reaksiya verib.

“Press House” kimi tanınan qrup bu qərarı rədd etdiyini bildirib və jurnalistləri Malidəki siyasətlə bağlı xəbərləri davam etdirməyə çağırıb. 

Birləşmiş Ştatlar siyasi fəaliyyətə qoyulan qadağadan dərin narahatlığını ifadə edib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda jurnalistlərə bildirib ki, ifadə və təşkilatlanma azadlığı açıq cəmiyyət üçün çox vacibdir.

Qeyd edək ki, 2021-ci ildə ikinci çevrilişdən sonra Malidə hakimiyyətə gələn polkovnik Assimi Qoita 2024-cü ilin əvvəlində ölkəni demokratiyaya qaytaracağına söz vermişdi. Bununla belə, sentyabrda xunta texniki hazırlıqlara ehtiyac olduğunu əsas gətirərək, 2024-cü ilin fevralına planlaşdırılan seçkiləri qeyri-müəyyən müddətə ləğv edib.

Onu da əlavə edək ki, Mali 2020-ci ildən bəri 2 dəfə dövlət çevrilişinə məruz qalıb və son illərdə Qərbi və Mərkəzi Afrikanı bürümüş siyasi qeyri-sabitlik dalğasına rəhbərlik edib. Siyasi problemlərlə yanaşı, ölkə Əl-Qaidə və İŞİD qruplaşmasına bağlı yaraqlılar tərəfindən getdikcə pisləşən üsyanlardan da əziyyət çəkir.

 

 

 

0.013535022735596