Yaponların uzunömürlü olmasının SİRRİ nədir?
Moskvada gözlənilən ömür uzunluğu orta hesabla rekord həddə - 78 yaşa çatıb.
Publika.az xəbər verir ki, bu barədə Moskvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Departamentinin rəis müavini, Moskvanın uzunömürlülük proqramının rəhbəri Vladimir Filippov danışıb. Filippov “İzvestiya” qəzetinə müsahibəsində uzunömürlülüyün dörd prinsipini açıqlayıb. Mütəxəssis hesab edir ki, birinci vacib prinsip insanın gündəlik işlərində xoşbəxtlik tapmaq bacarığıdır.
“Məsələn, uzunömürlülüyü ilə məşhur olan yaponların “ikiqai” termini var. Bu, ən praktik mənada həyatın mənası deməkdir - gündəlik işlərdə xoşbəxtlik tapmaq bacarığı mənasını ifadə edir. Belə ki, yapon pensiyaçılarının əksəriyyəti həyatlarının hər gününü planlayır: yorğan sırımaq, nəvələrini yedizdirmək, bazara getmək, ev təmizləmək, it gəzdirmək və s. Onlar aylar və illər qabaqcadan plan qurmaqdan qorxmurlar. Bu, gözlənilən ömür uzunluğuna təsir edən ciddi psixi amildir”, - Vladimir Filippov izah edib.
Bundan əlavə, ekspert insanın uzunömürlülüyünə təsir edən əsas amillərdən biri kimi, onun yaşadığı mühiti qeyd edib. Subay insanlar orta hesabla beş-altı il az yaşayırlar. Filippov vurğulayıb ki, isti ünsiyyət ömrü uzadır, Harvard alimləri xoşbəxtliklə bağlı 75 illik məşhur tədqiqat nəticəsində bu qənaətə gəlib.
Mütəxəssis ikinci və üçüncü prinsip kimi, fiziki sağlamlıq və yüksək keyfiyyətli tibbi müayinələrin vaxtında həyata keçirilməsini göstərib: “Bu gün belə bir fikir var ki, ən yaxşı xəstə, əvvəlcədən həkimlə məsləhətləşən və xəstəliklərin qarşısının alınması və ya ilkin mərhələdə aşkar edilməsi üçün lazımi müayinələrdən keçən şəxsdir”
Onun sözlərinə görə, 100 yaşına qədər yaşayan uzunömürlülərin əksəriyyətinin dördüncü vacib qanunu beynini daim məşğul etməsidir.
“Qocalığın bəlkə də başqa yerlərdən daha yaxşı öyrənildiyi Yaponiyada başqa bir araşdırmada sübut olunub ki, intellektual işlə məşğul olan, müntəzəm kitab oxuyan, krossvordlar edən və Go oyunu oynayan yaşlı insanların ömrü dörd il daha uzundur”, - eskpert yekunda əlavə edib.