Müharibələr, böyük təlatümlər, geosiyasi risklər - “böhranın qapıdadır”
Dünyada qızılın qiymətinin kəskin qalxması heç yaxşı əlamət deyil. Tarixən böyük müharibələrdən, təlatümlərdən, böhranlardan öncə qızılın qiyməti kəskin artır. Çünki qızıl həmişə böhranlar zamanı “güvənli liman” rolunu oynayıb. Yeganə obyektiv iqtisadi səbəb kimi onu demək olardı ki, ABŞ Mərkəzi Bankı (FED) yaxın zamanlarda uçot dərəcəsini aşağı çəkməyə başlayacaq. Deməli, dünyada yenidən “ucuz” və uzunmüddətli pullar yaranacaq, kredit faizləri aşağı düşəcək, sərbəst vəsaitin bir qismi birjalara, səhm bazarına və qızıla gedəcək. Yəni, iqtisadi səbəb tək budur və ya, bu ola bilərdi. Lakin görürük ki, ABŞ-da inflyasiya düşmür, deməli FED sürətlə faiz endirməyəcək və ya faiz endiriminin həcmi və dinamikası kiçik olacaq. Başqa sözlə, qızılın qiymətinin belə kəskin artmasında FED-in təsirləri azdır, hətta yox kimidir.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, qızılın qiymətinin kəskin artması daha çox risklərlə bağlıdır: geosiyasi risklər, müharibələrin daha da alovlanması riskləri və ən vacibi, böyük iqtisadi böhranın qapıda olması riski – bütün bunlar “güvənli liman” kimi qızılı önə çıxarır:
"Mən dəfələrlə publik çıxışlarımda iddia etmişdim ki, dünyada “pandemiyanın” cinayətkarcasına idarə edilməsi, 17-18 trilyon dollar pul çap edib dünyaya səpilməsi, iqtisadiyyatın bilərək çökdürülməsi, logistik xəttlərin dağıdılması böyük müharibələrə, ciddi iqtisadi böhrana səbəb olacaq. O zaman Rusiyanın Ukraynaya hərbi təcavüzü, Yaxın Şərq böhranı hələ baş verməmişdi. İndi dünya elə qarışıb ki, hətta nüvə zərbələri belə ciddi olaraq təhdidə çevrilib. Yəni, sülhün əsas qoruyucusu olan (bəli, məhz nüvə silahı sülhün zamanəti, böyük müharibələrin qarşısını alan çəkindirici amil idi) nüvə silahı, indi insanlığın böyük faciəsinə çevrilmək üzrədir.
“Pandemiya”nın bərbad idarə edilməsi, insanların haqq və azadlıqlarının məhdudlaşdırılması, iqtisadiyyata vurulan böyük zərbə insanlıq tarixində ən böyük cinayətlərdən biri oldu. Lakin heç kim də buna görə məsuliyyət daşımadı, çünki regional müharibələr diqqəti başqa səmtə yönəltdi".
Ekspert deyir ki, dünya çox böyük təlatümlərin artıq içindədir, qızıl qiymətləri isə böhranın daha da dərinləşəcəyinin xəbərçisidir: "Çıxış yolu isə yeni qlobal masadan, dünyanın yeni təhlükəsizlik konsepsiyasının qurulmasından keçir. Ümid edirəm ki, 2025-ci il yeni masanın qurulması ilə yadda qalacaq, əksər ölkələri qane edəcək beynəlxalq hüquq yenidən təsis ediləcək. Təəssüf ki, bu qaydaları güclülər müəyyən edəcək, amma ədalət olmasa, ədalətin gücü güclünün ədaləti ilə əvəz edilməsə, bu da uzunmüddətli sülhə gətirib çıxartmayacaq. Deməli, hələ bir müddət dünyada ciddi dalğalanmalar olacaq. Azərbaycan siyasi-diplomatik, ciddi və işlək ittifaqların qurulması nöqteyi-nəzərindən güclü mövqedədir, amma bəsit, primitiv iqtisadi modeli məmləkətin “yumşaq qarnıdır”. Belə bəsit iqtisadiyyat dünyada olan çağırışlara cavab vermir, deməli, əsas hədəf iqtisadi transformasiya olmalıdır".
Könül