Bu halda İran Zəngəzuru, Dərələyəzi nəzarətə götürər - Badalyan
“İran açıq şəkildə bəyan edib ki, bölgədə hər hansı hərbi-siyasi mövcudluq Tehran üçün arzuolunmazdır. İqtisadi baxımdan İran Ermənistanın Avropa İttifaqı (Aİ) ilə müqavilə bağlamasının, sərmayələr cəlb etməsinin, iqtisadi cəhətdən inkişaf etməsinin əleyhinə deyil. İran yalnız Qərbin Ermənistan ərazisindəki hərbi-siyasi mövcudluğuna həssas yanaşır, ona qarşı yönələcəyini anladığı üçün Qərb İrana qarşı hərbi körpülər formalaşdırır. Aİ müşahidəçiləri və ya fərqli statuslu hərbi nümayəndələr Tehran tərəfindən bu şəkildə qəbul edilir".
Paralel.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Armen Badalyan deyib.
O əlavə edib ki, İran üçün Zəngəzur və Dərələyəz, Ermənistanın ərazi bütövlüyü qırmızı xəttdir: "Hətta Rusiyanın nəzarəti altında dəhlizin mümkün formada açılması, Tehran tərəfindən anti-İran addımı kimi qəbul edilir. Əgər Ermənistan dəhliz versə və ya Azərbaycan onu zorla alsa, o zaman İran sadəcə olaraq bu iki ərazini nəzarətə götürəcək və dəhlizin açılmasına imkan verməyəcək".