İrəvanda sensasiyalı tapıntı - Xanın şəxsi əşyaları üzə çıxdı - VİDEO

İrəvanda sensasiyalı tapıntı - Xanın şəxsi əşyaları üzə çıxdı - VİDEO
 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni tədqiqatçı tapdığı əşyalarla saxta tarixi ifşa etdi” adlı veriliş efirə gedib.

Paralel.az bildirir ki, verilişdə erməni tarixçi və arxeoloqlarının gerçək, üzdə olan tarixi dəyişib, saxta don geyindirib, haylaşdırmaq kimi missiyasından bəhs olunub.

Bildirilib ki, bu şərəfdən uzaq missiyanı Rusiya kəşfiyyatının xəfiyyəsi Xaçatur Abovyan xeyli inkişaf etdirib və çağdaş tarix talançıları irsini yaradıb. Müəmmalı şəkildə itkin düşən, ya da missiyasını həyata keçirib öz həyatına qayıdan yezidi kürd ədəbiyyatı mütəxəssisi olan Abovyanın yetirmələri onu saxtakarlıq fəaliyyətləri ilə geridə qoyublar. Rahatlıqla, bütün dəlilləri bir kənara atıb XV əsr Qaraqoyunlu Əmir Səəd türbəsini Türkmənistana, Göy məscidi İrana, Qıpçaq-Alban irsini Qazaxıstana bağlayıb, Azərbaycan kəlməsini itirmək istəyirlər.

Qeyd olunub ki, tarixin qənimi ermənilər İrəvan şəhərinin köhnə simasını tam dağıdıb, torpaqaltında gizlədiblər. İndi qazıntı zamanı üzə çıxan tarixi həqiqətləri eyni həyasızlıqla danmaqla məşğuldular. Azərbaycan şəhəri İrəvanın Qantar bazarını söküb, yerində uşaq parkı saldılar. İndi qazıntı zamanı buradan tapılan maddi sübutlar erməni yalanı müəlliflərini çətinə salıb deyə, min cür yalanla nağıllar uydurub, gerçəyi yenidən torpaq altına gömürlər.

Süjetdə Tarixi-Mədəni İrsin Araşdırma Mərkəzinin ekspedisiya rəhbəri Meri Safaryanın qazıntılar zamanı tapdığı İrəvan xanına aid şəxsi əşyalar, eləcə də Azərbaycan irsinə aid maddi və mənəvi sübutlar göstərilir. Onun sözlərinə görə, builki qazıntılar hava şəraitinə görə 15 gün davam etdi və xilasetmə xarakteri daşıyırdı: “Əgər maliyyə məsələsi həll olunarsa, gələn il İrəvanın mərkəzində gizlənmiş tarix üzə çıxacaq”.

Sonda vurğulanıb ki, ermənilər məhz maliyyəni bəhanə edib tarixi həqiqəti - İrəvan şəhərində Azərbaycan tarixini və mədəniyyətini torpaq altında məhv edirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olub, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı “Baku TV”nin süjetində:

 

0.013664960861206