Universitetlərə ianə verərlər, ianə almazlar - Dos. İlham Əhmədov

Universitetlərə ianə verərlər, ianə almazlar - Dos. İlham Əhmədov
 

Təhsilə yüksək dəyər verən ölkələrdə universitetlərə ianə verirlər, ona görə də onların çox sayda universitetləri TOP- 1000-dədir. Təhsilə lazımi dəyər verməyən ölkələrdə universitetlərdən zorla ianə qopardırlar, ona görə də bu ölkələrin TOP-1000 də 1 universiteti belə yoxdur.
Niyə belə edirlər? Müəllimlərin, alimlərin onsuz da az olan maaşından kəsib, təhsil məmurlarının çox maaşlarına yeni əlavələr etməyə?
Hansı xidmətlərinə görə? Təhsili yaxşı çökdürdükləri üçün?
Belə də təhsil siyasəti olar?
"ABŞ universitetləri zəngindir, ona görə yox ki, ABŞ zəngindir, ABŞ zəngindir, ona görə ki, onun universitetləri zəngindir" (Kennedi).

Bu ərəfədə Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. İclasda bir neçə məsələ, o cümlədən təhsilə dair də məsələlər müzakirə edilib.
Müzakirələrdə millət vəkili F. Mustafa maraqlı çıxış edib. Ümumiyyətlə F. Mustafa təhsildə olan nöqsanlar haqqında daim öz obyektiv fikrini bildirmişdir. Millət vəkili çıxışında təhsilə dair bir sıra ciddi məsələlərə toxunmuşdur. O, çıxışında ölkə büdcəsinin yüklənməsi, universitetlərin muxtariyyəti, “Təhsilin İnkişaf Fondu”nun universitetlərin büdcəsi hesabına maliyyələşməsi kimi məsələlərə toxunmuşdur. Bu çıxış saytlarda və sosial şəbəkələrdə ətraflı verilmişdir, bu səbəbdən çıxışin məzmunu haqqında yox, qaldırılan məsələlələrə dair öz fikrimizi bildirmək istəyirik.
Təhsilin İnkişaf Fondu (TİF) yarananda təhsil işçiləri sevinmişdilər ki, təhsilin inkişafına xidmət edən yeni bir qurum yaradılır. Amma TİF-in nizamnaməsi ilə tanış olanda məlum olur ki, fond təhsilin və təhsil müəssisələrinin inkişafına kömək etmək əvəzinə, onların büdcəsindən maliyyə vəsaiti qoparmaq məqsədi ilə yaradılır.
TİF-in nizamnaməsində yazılıb: "Fondun Nizamnamə fondu 1 (bir) milyon manat təşkil edir və Nazirlik tərəfindən tabeliyindəki təhsil müəssisələrinin büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar hesabına təmin olunur." Özü də nə az, nə çox, hər təhsil müəssisəsindən 500.000 -1. 200.000 manat civarında.
Bizim universitetlərin büdcəsi Harvard, Yell, nə də Oksfordun büdcəsi deyil. Onlara ABŞ və Avropadakı kimi biznes qurumları və Fondlar ianələr paylamırlar. Bizim universitetlərin son 30 ildə ciddi problemlərindən biri də onların ehtiyacdan dəfələrlə az maliyyələşməsi olub. Belə bir vəziyyətdə- sözün həqiqi mənasında kasıb universitetlərimizin hər birindən yüzminlərlə manat ianələr yığmaq nə deməkdir? Bədənə baxıb qan alarlar,bunların nə imkanı var ki, belə böyük məbləğdə onlardan ianələr tələb edilir Fonda. Başqa ölkələrdə Fondlar universitetlərə ianələr verir, bizdə isə tam əksinədir.
Hər il minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən xaric edilir. Əgər universitetin belə yaxşı maliyyə durumu varsa, onda bu imkansız tələbələrin təhsil haqqına güzəşt etsin.
Hansı daha mühümdür: təhsil məmurunun yüksək maaşına yeni ciddi əlavələr etmək, yoxsa imkansız tələbəyə təhsil haqqı ödənişində güzəşt etmək, onun müəllimlərinin əmək haqqında cüzi əlavələr etmək? Bu pulun qazanılmasında universitet müəllimlərin xidməti daha çoxdur, yoxsa təhsili məmurların? Bu gün bir çox universitetlərin dosentlərinin maaşı məktəb müəlliminin maaşından azdır.
ETN universitetlərin bu problemini həll etmək, onlara qrant və digər formada maliyyə dəstəyi vermək əvəzinə, öz əməkdaşlarının maaşlarına əlavələr etmək məqsədi ilə universitetlərdən "vergi yığır"?
Universitetlər hələ də öz əməkdaşlarını xarici ölkələrə elmi konfranslara ezamiyyəyə yollaya bilmir, xarici elmi jurnallarda məqalələrin nəşr pulunu ödəyə bilmir, daxili elmi jurnalların nəşrini maliyyələşdirə bilmir, maliyyə qıtlığı səbəbi ilə daxili problemlərin həllinə yönəli korporativ qrant müsabiqələri təşkil edə bilmir, amma eyni zamanda kifayət qədər böyük vəsaiti TİF-na köçürmək zorunda qalır. Universitetlərə maliyyə köməyi etmək, biznes qurumların ATM-nə ianə verməsinə dəstək əvəzinə TİF ETN-nin dəstəyi ilə universitetlərdən ianə toplayır. Biz görmüşük ki, universitetlərə ianə verərlər, universitetlərdən ianə almazlar. Bu yanaşma ilə universitetlərimizin reytinqləni qaldırmaq, tədqiqat universitetləri yaratmaq istəyirik?
TİF artıq 2 ildir fəaliyyət göstərir. Yığdığı maliyyə vəsaitinin əvəzində universitetlərə, təhsilə nə verib görəsən? Hansı konkret nailiyyətləri olub? Yoxsa 4,5 milyard büdcə ETN-ə kifayət etmir?

Paralel.az 

0.029232025146484