Böyük qayıdış, yoxsa cərimə batalyonu?

Böyük qayıdış, yoxsa cərimə batalyonu?
 
Keçmiş məcburi köçkünlər "könüllü" qaçqın düşür

Azərbaycan xalqının duaları düz 30 ildən sonra çin çıxdı - igidlərimiz qanı-canı bahasına torpaqlarımızı mənfur düşmənin tapdağından azad etdi! O 44 günün hər biri soydaşlarımız üçün illər qədər uzun göründü, hamı cəbhə xəbərlərini intizarla gözlədi. Nəhayət ki, 10 noyabr gecəsi müharibənin bizim qələbəmizə bitdiyi elan edildi. Üç ildən sonra, 19-20 sentyabr 2023-cü ildə isə bir günlük məhdud antiterror əməliyyatı nəticəsində keçmiş Dağlıq Qarabağın qalan hissəsi separatçılardan təmizləndi və ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. Bu hadisələr Azərbaycan tarixinə qızıl hərflərlə həkk edildi.
Baş verənlərin məntiqi davamı olaraq Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasını və məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmasını təşkil etməyə başladı. Böyük qayıdışın bu gün üçün ən parlaq nümunəsi Zəngilan rayonunun Ağalı kəndidir. Elə ona görə də Ağalı kəndindən söhbət açmaq istədik.
Bu bayram günlərində hamı kimi biz də doğma kəndimizi ziyarət etdik, mərhumlarımızın və şəhidlərimizin ruhunu andıq, Allah məkalarını Cənnət, ruhlarını şad eləsin!
Məlum olduğu kimi məcburi köçkünlərin ən çox məskunlaşdığı rayonlardan biri də Beyləqan rayonudur. Bununla yanaşı, rayon əhalisinin bir hissəsi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən aqroparklarda çalışır, yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə təmasda olurlar. Ona görə də rayon əhalisi yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin vəziyyətindən müfəssəl məlumatlıdırlar. Rayonda bir neçə nəfər məlumatlı şəxslərlə söhbət əsnasında bəlli oldu ki, əslində bərpa edilmiş kəndlərə, o cümlədən də Ağalı kəndinə köçən əhali dədə-baba yurdlarına qayıtmaqlarına peşman olub. Kənd evlərinin hərəsində bir nəfər qalıb, qalan əhali isə geriyə, əvvəl məskunlaşdığı ərazilərə qayıdıb. Ağalı kəndində yaşayan bir necə nəfərin telefon nömrəsini əldə etdik və onlardan bu deyilənlər barədə soruşduq. Həmsöhbətlərimiz deyilənləri təsdiqlədilər. Adının açıqlanmasını istəməyən Ağalı kənd sakini dedi ki, bizi bu kəndə elə bil muzey ekspanatı kimi gəturiblər: "Hər ay vəzifəlilər və xaricilər gəlir, onların qarşısına çıxıb, "xoşbəxtlikdən ürəyimizin getdiyini" deməliyik, gülməliyik, "xoşbəxt kəndli" roluna girməliyik. Biz aktyor deyilik axı, biz sadə kəndlilərik, gündəlik qayğılarımızla yaşamaq, onları qarşılamaq istəyirik. Amma buna imkan vermirlər. Kəndin aqrar texnikası var, guya onlar bizə xidmət göstərmək üçün nəzərdə tutulub, biz bu kəndə köçəndən bəri o texnikaların işə salınmasının şahidi ola bilməmişik. Hərəyə bir çərək həyətyanı sahə kimi yer veriblər, o torpağı əkdirmək üçün kəndə kənar texnika buraxmırlar, öz texnikamız isə görüntü - bəzək üçün nəzərdə tutulub. Deyirlər ki, həyətyanı sahənizi belə əkin, kəndə traktor girsə, yolları bərbad günə qoyar. Amma doğrudan da elədi, yol o qədər keyfiyyətsiz çəkilib ki, traktor yolla gedəndə asfaltın səthində təkərin işləri qalır. Hər hansı bir səbəbdən yola toz-torpaq töküləndə küçə sakinlərini toplayıb küçəni onlara süpürtdürürlər. Kəndə kənar adamların girişi qadağandı, alver üçün gələnləri isə kəndin girişindən dərinliklərə buraxmırlar. Kəndin o başında yaşayan adam mal-məhsul gətirib satanlardan nəsə almaq üçün gərək kəndin girişinə qədər gələlər. Kənddə heyvan saxlamağa da icazə yoxdur, saxlasan da gərək tövlədən çıxartmayasan, bağlı bəsləyəsən. Onun üçün isə ot, yem almalısan, bu səbəbdən heç burada  heyvan saxlamaq da fayda vermir. Bizi gətirib bura yığıblar, işimiz yox, torpağımız yox, mal-qaramız yox, necə dolanmalıyıq? Kəndimizin yanından çay axır, o çaydan balıq tutmağa, yaxınlıqdakı kəndlərə getməyə icazə vermirlər. Səni balıq tutan və ya ov edən görsələr min manat cərimələyirlər. Elə bil bizi dədə-baba yurdumuza deyil, cərimə batalyonuna, ciddi rejimli kalonyayamı gətiriblər, anlamaq olmur. Belə şəraitdə kim yaşayar burda, hər evdə bir nəfər qalıb, qalanlar çıxıb gedib köhnə məskunlaşdığı ərazilərə. Kəndin hər tərəfində hər mövsümə uyğun əkin-biçin işləri gedir. Amma o işləri biz yox, aqroparklar və məmurların qurduğu fermer təsərrüfatları aparır. Ölkədə işğal edilməyən rayonların əhalisinə pay torpaqları verilib, bizim torpaqları isə aqroparklar və məmurların fermer təsərrüfatları əkib-becərir. Mən belə başa düşürəm, anlayıram - camaatı bu yolla bezdirirlər ki, keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarından könüllü qaçqın düşsünlər, torpaq da qalsın məmurlara. Bu dəfə qaçqın düşsək, könüllü qaçacağıq və hökumət də bizə yardım verməyəcək".
Bu tip şikayətlər dədə-baba yurdlarına qayıtmış bütün keçmiş məcburi köçkünlərdən gəlir. Hamı tikilən evlərin keyfiyyətsizliyindən və işsizlikdən şikayətlənir. Düşünməyin ki, işsizlik hər yerdə var, hökumət bu qədər əhalini işlə təmin edə bilməz. Kənd əhalisini işlə təmin etmək çox asandır - pay torpağı verməklə əhalinin 80-90%-in işlə təmin etmək olar, əhalini özünüməşğulluq proqramına cəlb etmək mümkündür və s.
Bu yerdə bir haşiyə çıxaraq, düşmənimiz olan Ermənistanın keçmiş Dağlıq Qarabağdan qaçqın düşmüş əhalini necə təminat altına almağından bir örnək gətirmək istərdim. Paşinyanın Qarabağdan qaçqın düşmüş ermənilərin özlərinə ev tikməsi üçün hər bir qaçqına həyətyanı sahə - torpaq, sadə qaçqının hər birinə 7500, imtiyazlı qaçqının hər birinə isə 12000 dollar pul verəcək. Ermənistanın bizimki qədər sərvəti yoxdur, biz məcburi köçkünlərə ev tikmək üçün bundan bir neçə dəfə çox yardım etmək imkanına malikik. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə tikilən evlərin hər birinin smeta dəyəri  orta hesabla 80 min manatdır. Amma söhbət yardımın məbləğindən getmir. Qaçqının ev problemini bu cür həll etdikdə həm tikintiyə sərf edilən zaman aradan qalxır, həm də bu vəsaitin korrupsiyaya uğraması barədə söz-söhbətə yer qalmır.
Lakin hazırda hökumətin işğaldan azad edilmiş ərazilərin bərpasında istifadə etdiyi metodun hər bir detalı korrupsiyaya qucaq açır. Biz əvvəllər də təklif etmişdik ki, hökumət işğaldan azad edilmiş əraziləri birinci növbədə maksimum sürətlə minadan təmizləməlidir. Bunun ardınca kəndlərin və şəhərlərin salınacağı əraziləri müəyyənləşdirib, həmin ərazilərdə yol, işıq, su, qaz və rabitə şəbəkəsini qurmalıdır. Daha sonra yaşayış məntəqələrində dövlətə aid olan xidməti və inzibati obyektlər büdcə vəsaiti hesabına inşa edilməlidir. Növbəti mərhələdə isə hökumət həmin yaşayış məntəqələrinə köçməli olan vətəndaşlarımıza həyətyanı və pay torpağı, eləcə də ev tikmək üçün vəsait verməli idi. Bununla yanaşı, məcburi köçkün olmayan vətəndaşlarımıza da həmin ərazilərdə öz hesabına ev və ya obyekt tikməyə, biznes qurmağa icazə verilməli idi. Belə olan halda eyni vaxtda yuzlərlə yaşayış məntəqəsi inşa etmək olardı. Hazirkı üsulla isə hökumət yalnız bir neçə məntəqədə tikinti apara bilir. Bu isə həm vaxt itkisidir, həm də korrupsiya imkanlarına geniş imkanlar yaradır. Ona görə də bütün müstəqil media işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti işlərinin keyfiyyətsizliyindən bəhs edir.
Hazırda tətbiq edilən məskunlaşma metodu əhalini bu ərazilərə bağlamaq əvəzinə o yerlərdən qaçqın salır. Çünki keyfiyyətsiz inşa edilmiş evlərə köçən vətəndaşlarımızın heç bir işi və kənd şəraitinə uyğun məşğuliyyəti yoxdur. Köçürülən əhalinin heç 10 faizi belə işlə təmin edilə bilmir. Ancaq əhaliyə pay torpağı verilsə, ərazidə hərəkət azadlığı olsa əhalinin bir hissəsi torpaqla məşğul olar, bir hissəsi öz biznesini qurar və bu da əhalinin ərazidə tez otruşmasına gətirib çıxarar. Hazırda isə adama elə gəlir ki, hökumət əhalinin həmin ərazilərdə məskunlaşmasını istəmir. Çünki abad kəndlərə köçən əhaliyə çox ciddi hərəkət məhdudiyyəti qoyulur.
Hesab edirik ki, işğaldan azad edilmiş ərazilərin bərpasında bu iradlar nəzərə alınmalı, tikinti-bərpa işlərinə özəl investisiyanın cəlb edilməsi genişləndirilməlidir. Bunun üçün isə birinci növbədə ərazi ən qısa zamanda minadan təmizlənməli - təhlükəsizlik təmin edilməlidir. Siyasi mənada təhlükəsizliyin təminatı isə Ermənistanla sülh müqaviləsinin bağlanması olardı. Bu faktor xarici investisiyanın cəlb edilməsi üçün çox vacibdir.

Akif Nəsirli

Paralel.az 

0.032140016555786