Beyləqanda Yeni Mil tam orta məktəbi uçmaq üzrədir - Rayon rəhbərliyi hara baxır?!- VİDEO
Şagirdlərin taleyi Allahın ümidinə buraxılıb
Beyləqan rayonunda bir-birndən xeyli aralı 3 kənd var - Talıbxanlı, Daş evlər və Karyer! Həmin 3 kəndin məktəbliləri uçmaq təhlükəsi olan tam orta məktbdə təhsil alır. Bu məktəbin adı Yeni Mil kənd tam orta məktəbidir. Müəllimlər, valideynlər, şagirdlər "məktəbin binası uçur" harayı çəkməkdən yorulub. Amma onların harayını eşidən dövlət orqanları -Təhsil Nazirliyi və Beyləqam rayon rəhbərliyi yoxdur.
Beyləqan rayonunda 6 ildir löbər salıb, icra başçısı vəzifəsinin maaşını hər ay vaxtında alan, iş vaxtının çox hissəsini kabinetdəki istirahət otağında yatmaqla keçirməyi sevən Asif Ağayev rayonun 3 kəndinin şagirdlərinin təhsil aldığı, hər an uçmaq təhlükəsilə üzləşmə ehitimalı real olan binada təhsil almaları vecinə də deyil!
Halbuki, icra başçısı Asif Ağayev, cənab Prezidentin tapşırığı ilə, hər il bu 3 kəndin əhalisilə klubda görüş keçirir (icra başçısı A. Ağayev klubda hər il bir dəfə olmaqla, kəndlərdə 5-6 dəfə görüş keçirib). Lakin 3 kəndin valideynləri, müəllimləri Yeni Mil kənd tam orta məktəbin binasının uçmaq təhlükəsində olduğunu dəfələrlə icra başçısına çatdırmalarına baxmayaraq, məktəb binasının uçmaq təhlükəsi halında qalır!..
Allah göstərməsin, güclü yağış yağan günlərdə Yeni Mil kənd tam orta məktəbinin köhnə binası dərs zamanı uçarsa, uçqun altında qalıb xəsarət alan, ziyan çəkən müəllim və şagirdlərə, onların valideynlərinə və ən əsası, cənab ölkə Prezidentinə Asif Ağayevin, kənd icra nümayəndəsi və bələdiyyə sədrinin hansı cavabı verəcəklərini bəri başdan söyləmək mümkün deyil! Yaxşı olar kı, uçmaq təhlükəsi olan məktəb binasına görə, məsuliyyət daşıyan cavabdeh şəxslər vaxt ikən, məktəbdə faciə baş verməmiş, müəllimlər və şagirdlərin taleyi barədə olmasa da, heç olmasa, öz taleləri barədə bir çıxış yolu düşünsünlər!..
İndi Siz deyin, əziz oxucular, Yeni Mil kəndində yaşayan və uçmaq ərəfəsində olan tam orta məktəbdə təhsil alan gənclər məktəbi bitirdikdən sonra kənddə qalıb, yaşamaq barədə düşünərmi?! Əlbəttə, yox! Əgər yüz mindən çox əhalinin yaşadığı Beyləqan rayonunda, Daşburun - Beyləqan magistral yolunun üzərində yerləşən, respublika, rayon və kənd rəhbərlərinin hər dəfə keçdiyi ərazidə yerləşən Yeni Mil kənd tam orta məktəbini bitirən hər bir gənc təbii ki, həmin kənddə qalıb, yaşamaq istəməz!...
Cənab Azərbaycan Prezidenti və vitse- prezidenti son illər ərzində şəhərlərlə bərabər, bütün rayonlarda yeni, gözəl arxitektura əsasında təhsil, səhiyyə, mədəniyyət, idman və digər obyektlərin tikilib istifadəyə verilməsinə xüsusi önəm verildikləri halda, Yeni Mil tam orta məktəbi üçün yeni məktəb binasının tikilib, istifadəyə verilməməsi yalnız rayon rəhbərliyinin məsuliyyətsizliyi hesab edirəm...
Qeyd edim ki, Asif Ağayev Beyləqana icra başçısı təyin olunduğu son 6 il ərzində rayonda tikinti - quruculuq işlərinin səviyyəsi çox aşağı düşüb və demək olar ki, respublikada gedən böyük quruculuq işlərinin rayonda əlamətini hiss etmək mümkün deyil. Rayonun bütün sahələrində dərin tənəzzül içindədir.
Ölkədə bir neçə rayon var ki, həmin icra başçıları yorulub əldən düşüblər, əllərini əllərinin üzərinə qoyub vəzifə kreslosunda zorla oturublar, səbirsizliklə vəzifədən çıxacaqları günü gözləyirlər. Onlardan biri, bəlkə də, birincisi Beyləqanın icra başçısı Asif Ağayevdir.