Duyğulu bahar - Qasım Qasımzadə

Duyğulu bahar - Qasım Qasımzadə
 

DUYĞULU BAHAR

Şirin uğultular qalxdı dərədən,
Bir ney nəvasıtək yayıldı döşə,
Otuxan quzular çıxdı mərəkdən,
Atıla-atıla qaçdı örüşə.

Gəzməyə getdilər qavalla-sazla,
Nilufər, Qərənfil, Lalə, Yasəmən.
Sinəsi cəh-cəhli oğlanla, qızla –
Çiçək-insan ilə bəzəndi çəmən.

Qurdu məclisini sevgi hər yanda,
Bayram libaslıdır çöl-bayır bu gün.
Qızılgül üstəki sarı tikan da
Bülbül dimdiyinə oxşayır bu gün.

Dağıtdı çiyninə qızlar saçını,
Bənövşə ətriylə doldu küçələr.
Yeddi dost bəyəndi yeddi bacını,
Bir iclaslıq oldu gələn elçilər.

Birinin iş-gücə “qarışdı başı” –
Vaxt-vədə borclutək gəlib haqladı.
Kəsdiyi meynələr tökdü göz yaşı –
Tənbəlin halına yanıb ağladı.

Bağın bir tərəfi ağdı sərasər,
Elə bil qış ilə gizli görüşdü.
“– Bu vədə nə çiçək?! Qardı!” – dedilər,
Badam ağacları böhtana düşdü.

Dağın yaraşığı, gücü, qüruru
Şəlalə dardadır büllur igidtək.
Yazın buz baltası, günəşin nuru
Onu əsarətdən xilas edəcək.

Vurnuxub dolaşdı bir parça duman,
Gah dağın, gah bağın üstünü aldı,
Göydənmi, yerdənmi çıxdı nagahan,
Ünvansız məktubtək havada qaldı.

Bir qarış qalxıbdır Muğanda zəmi,
Murovun zirvəsi, qaşı hələ qar.
Vaxt niyə gec gəlir, durub üzəmi –
Aran arzuludur, yaylaq intizar.

Torpaq qabar-qabar, gül puçur-puçur,
Ürəkdə arzu da göyərir belə.
Xəyal raketlərə qoşulub uçur,
Yol alır ən sirli, uzaq mənzilə.

Xəyal uçur, mən də uçuram demək,
Sonsuzluq içində vardır həyanım –
Tale zirvəsində yanır ulduztək
Baharlı, duyğulu Azərbaycanım!

Paralel.az 

0.03666090965271