Özgəni sevməyin öldürməz məni - ŞAİQ MİSKİNLİ
Sənli günlərimi yada salınca,
Ağlayır ürəyim bir uşaq kimi...
Solan arzularım düşüb dalınca,
Günəşi axtaran bir budaq kimi.
İndi xəyallara tutub üzümü,
Səni axtarıram... yol gedirəm mən.
Günahkar bilirəm təkcə özümü,
İradəm zəifdir... hiss edirəm mən.
Kaş, eşqdən toxunmuş bayrağa dönüb,
Sənin ürəyində dalğalanardım...
Beyindən süzülmüş bulağa dönüb,
Sənin hısslərində çalxalanardım...
Xəta sahibiyəm... insanam, insan,
Hirsim bir ahəngdir, eşqim bir ahəng...
Sənə "unut məni" dediyim zaman,
Tac qoydum həsrətə çiçəkdən çələng...
Günahkar deyilsən, kim bilmir bunu?
Sinənə doldurma... bir dünya qəmi...!
Sənə çox yaraşır gəlinlik donu,
Özgəni sevməyin öldürməz məni...!
Paralel.az