Təhsil strategiyamız varmı? - dos. İlham Əhmədov
Son illər məktəblərdə tədris keyfiyyətinin ilbəil aşağı düşməsi, universitetlərə qəbul prosesində keçid balının 150 -yə düşməsi ali məktəblərdə keyfiyyətli kadr hazırlığına imkan vermir. Belə tələbəni heç Harvard universiteti də keyfiyyətli kadr kimi yetişdirə bilməz. Bunu ETN yaxşı bilir, çünki, hər il 10-12 universitetdə akkreditasiya aparır, bu zaman tələbələrin qalıq biliklərinin qiymətləndirilməsi də aparılır və keyfiyyətlə bağlı real vəziyyət onlara bəllidir.
150 balla universitetə tələbə qəbulu aparmaq absurddur. Bu vəziyyət innovativ və biliyə əsaslanan iqtisadiyyat qurmaq istəyən ölkə üçün çox pis haldır. Bu vəziyyət gələcəkdə ölkədə peşəkar insan ehtiyatlarının çatışmazlığı kimi ciddi təhlükə yaradacaqdır.
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında (maddə 3.9. -“Peşəkar insan ehtiyatlarının çatışmazlığı”) qeyd edilir: “peşəkar işçi qüvvəsinin və idarəetmə sektorunun inkişafı üçün zəruri olan bütün səviyyələrdə təlim və tədrisin təmin edilməsinə qadir mütərəqqi təhsil sisteminin inkişafı və idarəedilməsində uğursuzluq Azərbaycan Respublikasının inkişafına uzaq perspektivdə mənfi təsir göstərə bilər.”
Sual olunur: bizim təhsilin bütün səviyyələrində təlim və tədrisin təşklilndə mütərəqqi təhsil sistemi, onun inkişafı və idarəedilməsi nə dərəcədə formalaşıb? Beynəlxalq qiymətləndirmələr göstərir ki, təhsilimiz heç bir rəqabətə dözümlü deyil, bütün reytinqlərdə pis mövqedədir.
“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən 2026-cı ilə qədər universitetlərə qəbul planı 75 minə çatmalıdır. Bu artımın səbəbi ölkədə ali təhsilli insanların faiz göstəricisinin çox aşağı olmasıdır. Bu sahədə biz hələ də region ölkələrindən geridəyik. Digər ölkələrin 25 ildə çatdığı nailiyyətə bizim menecerlər 5 ilə çatmaq istədi, amma bunun üçün zəruri addımlar atmadan. Ali təhsil müəssisələrinə (ATM) qəbul planının az vaxtda belə ciddi artımında tələsmək olmazdı, bu yaxşı nəticə verməyəcəkdi. Belə də oldu. Nə bizim universitetlər belə kəmiyyət artımına hazır deyildi, nə də iqtisadiyyatın bu qədər ali təhsilli kadrlara təlabatı yox idi.
Taksi sürəmək ya marketdə kassir işləmək üçün bu qədər ali təhsilli insanlara nə ehtiyac?
2023-cü ildə universitetlərə keçid balının aşağı düşməsi müəyyən siqnal idi. Proqnozlara görə bu il keçid balı daha da az olacaq. Unisitetlərə qəbul planının ilbəil artması (bu il təxminən 60 min plan yeri var) və məktəb təhsilinin keyfiyyətsizliyi səbəbi ilə 2024-də universitetlərə keçid balının artan qəbul planı hesabına daha da azalması təbiidir.
İnsan kapitalının formalaşmasında, ali təhsilli kadrların yetişdirilməsində yaranmış vəziyyət bizi düşünməyə vadar etməlidir. Prosesin belə davam etməsi nəinki gələcəkdə, artıq bu gün milli təhlükəsizliyə təhdid yaradır.
Təəssüf ki, yaranan vəziyyətlə əlaqəli mütəxəssislər uzun müddət ərzində həyəcan təbili çalsalar da, təhsil menecerləri nə reaksiya verdilər, nə də vəziyyəti dəyişməyə cəhd etdilər. Niyə?
Bəlkə, dəyişiklik etmək istəyirlər, amma bunun yolunu bilmirlər? Nazir etiraf edir ki, " biz nə etmək lazım olduğunu bilirik, amma necə etmək lazım olduğunu bilmirik". Bilməmək eyib deyil. Bəs niyə mütəxəssislərlə məsləhətləşmələr aparılmır ? Təhsil ümummilli məsələdir. ETN dünyanın 4 tərəfindən mütəxəssislər dəvət edib müsakirələr aparır (hansı ki, onlar nə milli təhsilin, nə də əmək bazarının durumundan xəbərsizdirlər), amma təcrübəli təhsil mütəxəssisləri ilə, təhsil strateqləri ilə müzakirə aparmaq istəmirlər. Bu nə idarəedtmədir belə? Hər halda məsləhətli don gen olar.
Bu günkü vəziyyəti biz hələ 2017-ci ildə video müsahibəmizdə proqnoz etmişdik. ("Qəbul imtahanlarında yerlərin 50 % boş qala bilər", adlı müsahibə, bu youtub-da var.). Müsahibədə qeyd etmişdik ki, 2019-cu ildə yeni kurikulumla təhsil alan şagirdlər artıq məzun olacaqlar. Bu uşaqların bilik səviyyəsi əvvəlki illərdəki məzunların bilik səviyyəsindən xeyli zəif olacaqdır, çünki onlar yeni kurikulumla təhsil alıblar, bu isə əvvəlki proqramlardan xeyli keyfiyyətsizdir. Çünki, kurikulum islahatı çox səriştəsiz aparılıb. Bu səbəbdən də universitetlərə qəbulda xeyli boş plan yerləri qalacaqdır. Müsahibədə həmçinin qeyd etmişdik ki, daha 700 ball yığan məktəblilər olmayacaq. Təəssüf ki, proqnozlarımız düz oldu.
Bəs nazirliyin strateji planlaşdırma, proqnozlaşdırma, təhsil siyasəti ilə məşğul olan şöbələri, qurumları yoxdurmu? Nə ilə məşğuldurlar onlar? Ökənin təhsil siyasətini nazirliyin hansı qurumu hazırlayır. Hansı peşəkarlardan ibarətdir bu şöbələr? Ümumiyyətlə ölkədə hər hansı təhsil siyasəti varmı ?
2 il əvvəl İnternetdən öyrəndim ki, ETN tərkibində təhsilin proqnozlaşdırılması adlı laboratoriya var. Amma bu qurum haqqında, onun fəaliyyəti haqqında heç bir məlumat tapa bilmədik. Bu sualı əvvəllər də ETN-ə ünvanlamışdıq, niyə bu qurum haqqında məlumatları ictimaiyyətə bildirmir? Dövlət sirridir?
150 balla kütləvi şəkildə universitetə tələbə qəbulunun aparılması məktəb və universitet təhsilinin bu günkü və sabahkı böhranlı durumunu göstərir. Bu vəziyyət həm də ölkədə normal təhsil siyasətinin olmamasını göstərir. Əks halda təhsildə belə böhranlı durum yaranmazdı. Təhsildə yaranan vəziyyət göstərir ki, ya təhsil siyasəti yoxdur, ya da çox qüsurludur. Hər halda təhsilə dair son strategiya 10 il əvvəl hazırlanıb və keyfiyyətsiz icra edilib, 2020-ci ildə də icrası sona çatıb.
Bəs son 4 ildə ölkə təhsili hansı strategiya əsasında reallaşır? Bəzi təhsil məmurları “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təhsil strategiyası kimi təqdim edirlər. Bu belə deyil, həmən strategiya adından göründüyü kimi sosial-iqtisadi inkişaf strategiyasıdır, onun yalnız bir bloku təhsilə həsr edilib, bu təhsilin inkişafı strategiyası deyil.
2017-ci ildəki müsahibədən sonrakı iki ildə (2018, 2019) nazirlik bu proqnozlaşdırılan vəziyyətdən çıxış yolunu tapmalı idi. Amma bu yolda ciddi heç nə edilmədi.
Məktəb təhsilinin bu qədər zəif olduğu, keçid balının ilbəil azaldığı şəraitdə ali məktəbə qəbul planının 5 ildə 2 qat artmasının nə əhəmiyyəti ola bilərdi? Bu qərar hansı tədqiqatlara, proqnozlara, əmək bazarının təhlilinə əsaslanır, bu ölkə iqtisadiyyatına nə verə bilər?
Belə bir qərar verməzdən əvvəl ilk növbədə məktəb təhsilinin keyfiyyətini yüksəltmək lazım idi. Amma buna azı 10 il vaxt lazımdır. Yəqin ETN bu addımı atmaqda repetitorlara ümid olub, qoy valideynlərin pulu hesabına məktəd təhsilinin keyfiyyəti artsın. Belə şəraitdə qəbul planını 2 qat artırmaq düz qərar deyildi. Bu yolla təhsil büdcənin 50 % səmərəsiz sərf edilir, bu ölkə iqtisadiyyatına və insan kapitalının inkişafına heç nə vermir.
Bu yolla şaftalı sözünü, çubuqlu bölmə əməliyyatını apara bilməyən kadrların kütləvi şəkildə (konveyer üsulu ilə) ali məktəbə qəbulu, sonra da kütləvi şəkildə diplom alması, dövlətin və vətəndaşın təhsilə olan investisiyasını puç etməkdir. Bu kadrların sonra da MİQ imtahanından keçə bilməməsi, əgər təsadüfən işə düzələrsə, sertifikasıyadan kəsilib işsizlər ordusuna qoşulmasının dövlətə və ya vətəndaşa nə xeyri ola bilər?
Strategiya və normal təhsil siyasəti olmadan təşkil edilən təhsil nəticə verməz, xalqa və dövlətə heç nə verə bilməz.
Paralel.az