Novruz bayramının astronomik İZAHI

Novruz bayramının astronomik İZAHI
 

Novruz bayramı Azərbaycan xalqının ən əlamətdar və tarixi bayramlarından biridir. Lakin bu bayramın məhz astronomik hadisələrlə əlaqəli olduğu haqda çox az məlumat verilir.

Paralel.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası Novruz bayramının astronomik izahını verib.

Bildirilib ki, miladdan əvvəl III minillikdə artıq qədim şumerlər göydə 5 planeti (Merkuri, Venera, Mars, Yupiter və Saturn) ulduzlardan fərqləndirə bilirdilər. Qədim misirlilər və yunanlar göydə olan ulduzları qruplaşdıraraq bürclərə bölüb, onları hansısa canlılara oxşadaraq ad veriblər. Bir çox bürclərin adları bizə məhz onlardan qalıb.

Bəs yaz bərabərliyi günü haradan meydana gəlib? Niyə həmin gün bu qədər əhəmiyyətlidir?

Yer öz diametrlərinin biri ətrafında təqribən 24 saatda bir dövr etməsi ilə yanaşı, həm də Günəş ətrafında ellips boyunca kifayət qədər böyük sürətlə (30 km/san) hərəkət edir. Lakin biz - Yerdəki müşahidəçilər bu fırlanmanı hiss etmirik. Bizə elə gəlir ki, sanki Günəş yer ətrafında firlanır. Günəş müxtəlif bürclərdən keçərək Yerin ətrafında bir ellips cızır. Günəşin il ərzində ulduzlar arasında cızdığı bu yola ekliptika deyilir. Ekliptika boyunca hərəkəti zamanı Günəş 12 bürcdən keçir. Bu bürclərə zodiak bürcləri deyilir. Zodiak sözü yunan dilindən tərcümədə “zod” - canlı, “diak” - dairə, çarx, yəni, canlılar dairəsi deməkdir. Diqqət yetirsək, bir çox bürclər məhz canlı aləmlə bağlıdır.

Əslində zodiak 12 bürcdən deyil, 13 bürcdən ibarətdir. 13-cü bürc Ovsunçu bürcü adlanır. Lakin bu bürcün cəmi 1 ulduzu ekliptikanı kəsdiyi üçün onu zodiak bürclərinə daxil etməmişdilər.

Beləliklə, ekliptika boyunca hərəkət zamanı Günəş ekliptikaya nəzərən 23,5° dərəcəlik bucaq altında yerləşən və Göy ekvatoru adlanan böyük bir dairə ilə 2 nöqtədə kəsişir. Bu kəsişmə nöqtələrinə bərabərlik nöqtələri deyilir: Yaz bərabərliyi nöqtəsi və payız bərabərliyi nöqtəsi. Qədim zamanlarda Yaz bərabərliyi nöqtəsi Qoc bürcündə yerləşirdi. Hazırda bu nöqtə Balıqlar bürcündədir. Gələcəkdə isə Dolça bürcünə doğru sürüşəcək. Bu nöqtənin sürüşməsinə səbəb Yer oxunun presessiyası hadisəsidir.

Bəs Yaz bərabərliyi nöqtəsinə Günəşin gəlməsi hansı hadisəyə səbəb olur? Bu sualı cavablandırmaq üçün yerdə fəsillərin əmələ gəlməsinə baxaq.

Yerdə fəsillərin əmələ gəlməsinin 3 səbəbi var:

1.Yerin firlanma oxunun onun orbitinə meyilli olması;

2. Yerin fırlanma oxunun fəzada öz vəziyyətini saxlaması;

3. Yerin Günəş ətrafında dolanması.

Məhz bu səbəblərdən Yerdə fəsillər bir-birini əvəz edir. Məsələn, Uran planetində onun fırlanma oxu hərəkət müstəvisində yerləşdiyi üçün bu planetdə fəsillər olmur.

Yer oxunun meyilli olması ona gətirir ki, müəyyən dövrdə Yerin şimal qütbü, müəyyən dövrlərdə isə cənub qütbü daha çox Günəşə doğru dönmüş olur. Günəşə doğru yönəlmiş yarımkürədə yay fəsli, əks yarımkürədə isə qış fəsli yaşanır. Yer Günəş ətrafinda hərəkət etdikcə bu fəsillər bir-birini əvəz edir. Lakin orbitin müəyyən nöqtələrində Yerin firlanma oxu elə yerləşir ki, Günəşdən gələn şüalar hər iki yarımkürəyə eyni dərəcədə düşür. Bu zaman yaz və payız fəsilləri əmələ gəlir. Beləliklə, Günəş yaz bərabərliyi nöqtəsinə gələndə qütblər istisna olmaqla Yer kürəsinin bütün hissələrində gecə gündüzə bərabər olur. Yerin Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə astronomik payız başlayır. Bu hadisə məhz 20-21 mart tarixlərinə uyğun gəlir. Bu il Azərbaycanda astronomik yaz martın 20-də, Bakı vaxtı ilə saat 07:06:21-də başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Ümumiyyətlə, adi illərdə yaz bərabərliyi günü əvvəlki ilə nisbətən təxminən 5 saat 49 dəqiqə gec, uzun il üçün isə əvvəlki ilə nisbətən 18 saat 11 dəqiqə tez baş verir.

Növbəti iki il ərzində də astronomik yazın gəlişi 20 marta təsadüf edəcək.

Yaz bərabərliyi nöqtəsi astronomlar üçün vacib bir nöqtədir. Bu nöqtəyə görə Ulduz vaxtı adlanan və astronomiyada istifadə olunan zaman vahidi tapılır. Digər tərəfdən, bu nöqtəyə görə bütün göy cisimlərinin koordinatları təyin olunur.

Bir çox təqvimlərdə (qədim Çin, Hindistan) yaz bərabərliyi günü təqvimin başlanğıcı kimi qəbul edilib.

 

0.019971132278442