Gəlin bir az dedi-qodu edək... - Nadir Qocabəyli yazır 

Gəlin bir az dedi-qodu edək... - Nadir Qocabəyli yazır 
 

Gəlin bir az dedi-qodu edək. Çünki insan bunsuz da yaşaya bilmir. Ürəyini nə cürsə boşaltmalıdır ki, rahatlasın.

İnanın, ən vəzifəli, varlı, nə bilim, intellektual adamların da buna ehtiyacı var. Özüm görmüşəm.

Sadəcə onlar bunu süfrə arxasında, tennis, qolf oynayarkən, balıq tutarkən, nə bilim, yaxtada gəzərkən edirlər.

Yazanları da olur, ancaq bunun üçün özlərini gərək tam təhlükəsizlikdə hiss etsinlər.

Mərhum Heydər Əliyevin Hacıbala Abutalıbovun iş prinsipi haqqında xüsusi sərəncam imzaladığı, daha sonra onu Bakı şəhər İH-nin başçısı təyin etdiyi, Abutalıbovun "fontan Hacıbala" kimi ad çıxardığı vaxtlar necə oldusa YAP-çı deputatların kruquna düşdüm.

Bunlar Hacıbala müəllim haqqında bir dedi-qodu etdilər, kişini bir doladılar, məəttəl qaldım. İstədim deyəm ki, həzarat, onu adını eşidəndə belə təzim etdiyiniz Heydər Əliyev təyin edib e... Ancaq demədim...

Nə isə, mövzu başqadır, odur ki, keçirəm şəxsən özümlə bağlı dedi-qoduya.

Elə həmin vaxtlardı, yəni Hacıbala müəllimin xod getdiyi əyyamlar, bir dost gəlib mənə dedi ki, bəs filankəs sənin haqqında bunları dedi. Nə dedi? Dedi ki, ə, bu Nadir də çox qəribə adamdı e, elə danışır, elə bil, mənim buna borcum var...

Söhbəti dərhal tutdum. Çünki hakim partiyanın yuxarı eşelonuna girməyi bacarmış, bundan əvvəl bütün dostlara, eyni zamanda həm də mənə xeyli vədlər vermiş həmin dostumuza demişdim ki, qağa, ölkəni yeyib-dağıdır, çapıb-talayırsınız. Heç olmasa, qohum-əqrəbaya, dost-tanışa da əl tutun ki, sabah başınıza bir iş gələndə and yeriniz olsun...

Amma bu adam artıq manqurtlaşmışdı. Məsləhətə qulaq asmaq əvəzinə, orda-burda haqqımda dedi-qodu edir, öz aləmində təbliğat aparırdı.

Əlaqəni kəsdim ki, özünü rahat hiss etsin, nələrisə xatırlayıb, vicdanı ağrımasın. Yeməyini rahat yeyib, yaxşı həzm etsin. Gecələr yata, özü dediyi kimi, kişilik funksiyasını yerinə yetirə bilsin.

Nə demək istəyirəm. Mənim heç kəslə şəxsi mənada problemim yoxdur. Mən insanlara fərdi yox, qrup şəklində qiymət verirəm. Mənim üçün azad, həyatdan zövq alan kəpənəklər, həyatın mənasını geniş səmada qanad çalaraq süzməkdə görən göyərçinlər, səhərdən axşamacan yorulmadan və səbəbini bilmədən azuqə toplayan qara qarışqalar, özündən zəifin qanını tökməyə daim amadə olan qarğalar və qırğılar, rəngini hər şəraitə görə dəyişən buqələmunlar, yal üçün quyruq bulamaqdan usanmayan alabaşlar, dünyaya minilmək üçün gələn atlar, ulaqlar və digər kateqoriyalar var. Bir də arxalı köpəklər...

Elə ki arxalarında kimisə, nəyisə gördülər və ya hiss etdilər, altlarına nəsə yığdılar, hər şeyi unudurlar. Məsələn, özləri gündə qaxa-qoza min manat xərclədikləri halda keçmişdə bir ton çörək kəsdikləri yaxın dostlarına utanmadan deyirlər ki, ə, min manat yaxşı maaşdır da. Camaat səhərdən axşamacan işləyir, ayda heç 500 qazana bilmir...

Dünənə qədər təriflədikləri, yazılarını bəyənib-paylaşdıqları, "dəyərli" dedikləri, "sizi qorumak lazımdır" deyə tərif biçdikləri adama deyirlər ki, pis yazırsan, xəbər qoya bilmirsən, nə bilim, artıq sənə ehtiyac yoxdur, yuxarıdan ixtisar tələb edirlər və s. Hər gün xəbər gətirən adamı çıxarıb, səni saxlaya bilmərəm ki...

Ə, dütdülü, bəs deyirdin, özün götürmüsən işə, məni qorumaq lazımdır-zad? Belə qoruyursan? Üç aydır maaş almayan adamın kefini, nəylə dolandığını bircə kərə soruşmadan?

Bəs yuxarının mənə verdiyin maaşdan xəbəri yox idi? Yox idisə, 900 manatla kasıb düşəcəkdin? Dəyərli hesab etdiyin, qorumaq istədiyin adama verirdin də... Yoxsa dəyərsiz olduğunu "fəth etdikdən" sonra anladın? Uzaqdan baxanda bunu anlamayacaq qədər fəhmsizsən?

Hələ bir öz aləmində psixoloji gediş də edir. Xəbər gətirəni çıxarıb, məni saxlaya bilməzmiş. Bilir ki, Nadir heç vaxt, düşmən olsa belə, istedadsız olsa belə bir kasıbın, bədbəxtin, "nişastnı"nın, isetdadsızın qətlinə fərman verməz. Deməz ki, niyə filankəs yox, məhz mən? Bəli, mənim dəyərim elə bundadır və sizlər bunu bilirsiniz.

Bəli, sən onları da, məni də işdə saxlaya bilərdin. Əlbəttə, məşğul olduğun fəaliyyət növünə "iş" demək mümkündürsə...

Ə, heç olmasa, bir zəng edəydin də. Hal-əhval tutaydın. Mən gözlədim. Axı mənə "dəyərli" demişdin, mənim kimi adamların qorunmasından danışmışdın. Nə tez unutdun. Bəlkə o dəyərli adam qazpulunu verə bilmir? Soyuqdan ölür?..

Yox, mən məsələni çox şişirdirəmmiş. Vəziyyət əlaymış. İş tapmaq heç problem deyilmiş. Bu ölkədə dəyərli adamlara çox yüksək qiymət verilir. Sadəcə bir balaca dəyişmək lazımdır...

Deyirəm, necə olur ki, insan bu qədər düşük, qeyri-ciddi bir məxluqa çevrilir? Necə bu qədər düşkünləşir?

Bunlar özlərinə ciddi görkəm verib, hər şeyə başqa ad qoymağı bacaranlar kateqoriyasıdır. Bu yolda hər şey edirlər. Güdaza verir, satır, məhv edir, sındırır, alçaldır, aldadır, üzgörənlik edirlər.

Mənə maraqlıdır, necə yaşayırlar? Arada tək qalanda nə düşünürlər? Güzgüdə özlərinə necə baxırlar?

Heç nəyin xeyri yoxdur, eləmi? Hər şey torpağa qarışacaq, eləmi? İnsanın heyvandan heç bir fərqi yoxdur, eləmi? Allah yoxdur, eləmi?

Bütün bunlardan əminsinizmi, həzarat? Mən əmin deyiləm. Hər kəs üçün bir gün bir zəng çalınacaq! Hər kəs üçün hökmən bir qiyamət, haqq-hesab günü olacaq. Ola bilər ki, dini kitablarda yazılanlar formasında olmasın. Amma mahiyyət etibarilə hökmən olacaq!

Hacıbala müəllim demişkən, əmin olun!

Paralel.az 

0.024034023284912