Dini tolerantlıqdan dinlərarası harmoniyaya doğru atılmış addım 

Dini tolerantlıqdan dinlərarası harmoniyaya doğru atılmış addım 
 

Azərbaycanda bu yaxınlarda (8 martda) keçirilən Dinlərarası Harmoniya festival-sərgisindən bəzi təəssüratlarımı bölüşmək istərdim. Bu hər şeydən əvvəl xarakteri etibarilə ilk təşəbbüs idi və bəri başdan deyim ki, alındı.
Biz Azərbaycan multikulturalizmindən, ölkəmizdəki teolerant dini mühitdən çox danışmışıq. Tolerantlıq və dinc yanaşı yaşama birgəyaşayışın bir mərhələsi və ya səviyyəsidir. Lakin başqa mərhələlər də var və biz bu istiqamətdə hərəkət etməliyik. Bu dəfəki tədbirin xüsusi cəhəti mövcud vəziyyəti daha da irəli aparmaq, müxtəlif dini inanclara sahib olan insanların birgə işləmələri və əməkdaşlıq etmələri üçün növbəti addımı atmaq idi. Dialoq və tolerantlıqdan səmimi ünsiyyətə və sıx əməkdaşlığa xeyli yol var. Məhz bu festival bu yolun başlanğıcı idi. Festival ölkəmizdəki dini icmaların öz təşəbübsü ilə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilmişdi.
Festivalda əsl festival atmosferi hökm sürürdü. Müxtəlif icmaların fəaliyyətini əks etdirən kitablar, videoçarxlar, fotoşəkillər icmalar haqqında vaxt çərçivəsində kifayət qədər təsəvvür yaradırdı. Buradakı ab-hava festivala gələnlərə də sirayət edirdi və hər bir icmanın stendinə insanlar, demək olar, eyni maraq və hörmətlə yanaşırdılar. İnsanların suallarından, davranışlarından onların bu festivalın keçirilməsindən nə qədər məmnun qadlıqlarını görmək olurdu. Məndə belə bir hiss yarandı ki, biz teolerantlıq və multikulturliazm barədə çox danışırıq, cəmiyyətimizdə qeyri-formal səviyyədə müxtəlif millət və inanclara mənsub insanlar necəsə ünsiyyət edir və bir yerdə işləyirlər, lakin bu cür, formal, şüurlu surətdə tərtib olunmuş tədbirlərin və layihələrin də öz yeri var və hətta onlar zəruridir. Cəmiyyətimizin ən geniş kəsimlərinin bu barədə diskursa cəlb olunmaları və fikirlərini ifadə etmələri üçün bu cür tədbirlər bir stimul ola və vətəndaş fəallığını bəsləyə bilər. Bunun isə cəmiyyətin konsolidasiyası, ümumi azərbaycanlı kimliyinin möhkəmləndirilməsi, qlobal siyasi və mənəvi təhdidlər qarşısında şüurlu müqavimətin gücləndirilməsində çox böyük əhəmiyyəti var.
Bütün cəmiyyətlərdə çox müxtəlif təəssübkeşliklər var. Hətta təəssübü olmayan bir fərd belə tapmaq çətindir. Bu təəssüblər və ya önyarğılar arasında ən problemliləri arasında dini, irqi, etnik, cinsi təəssübkeşliklər vardır ki, bunlar çox müxtəlif növ ksenofobiya və münaqişəli vəziyyətlərə yol açır. Ümumiyyətlə, təəssübkeşliklər cəhalətdən doğur və təəssüb özü də cəhaləti bəsləyir. Bəzən hətta təəssüb o qədər şüuraltı işləyir ki, insanlar müəyyən qeyri-adekvat davranışlarının fərqində olmurlar. Ona görə də təəssübkeşlik bir çox konfliktlərin və anlaşılmazlıqların kökündə dayandığı üçün onu aradan qaldırmağın yolu düzgün məlumat və biliyi yaymaq, ünsiyyəti təşkil etmək, ümumi məqsədləri müəyyən etmək və o istiqamətdə əməkdaşlıq etmək, bir sözlə, vicdan azadlığının yaratdığı azad dini inancın cəmiyyətin rifahına töhfə vermək aktında ifadəsni tapmasına şərait yaratmaqdır.

Ramazan Əsgərli
Azərbaycan Bəhai Dini Mərkəzinin Katibi

Paralel.az 

0.027054071426392