İftarçağının hekayəsi - dos. Sadiq Qarayev yazır...
İFTARÇAĞININ HEKAYƏSİ
İşdən yorğun- arğın gəlmişdim, hələ iftara bir saat var idi...
Tələbəlik vaxtlarını xatırlayırdım. Dərsdən çıxmışdım, acından ölürdüm. Evə çatmağa səbr qalmamışdı...
Yaxınlaşdım bir kafeyə, piti sifariş etdim.
Aclıq, bayırda soyuq, yağış...
Pitini elə gözləyirdim ki..
Bir şəxs girdi içəri. Ora- bura, yemək yeyənlərə baxıb, mənə yaxınlaşdı.
- Mənə yemək alarsan, çox acam?
Orta yaşlı, üz- gözünü tük basmış bu adama diqqətlə baxdım, heç nə çıxara bilmədim, istifadəçidirmi, doğrudan acdırmı, ya nədir...
Niyə bu qədər adamın içində mənə yaxınlaşdı ki?
Əyləşin dedim.
Ofisianat pitini gətirdi, çox dadlı idi, iyindən hiss etdim.
Siz bunu yeyin, mənə də gətirəcək, dedim.
Qonağım pitini boşqaba boşaldıb, yeməyə başladı, nə sağ ol demədi, nə də mənə təklif etmədi.
Birini də gətir, ofisianta dedim.
Ofisiant başı ilə oldu işarəsi edib, getdi.
Əlimi cibimə saldım, qonağım kimi cibimdən də şübhəli idim..
Ayağa qalxıb qonağa - sizə nuş olsun, mən təcili getməliyəm, deyib, ofisianta yaxınlaşdım. Bir pitinin pulunu verib, getməli olduğumu dedim. Çönüb yenidən qonağıma baxdım, o da bizə diqqətlə baxırdı. Yeməyi dayandırmırdı, çox zövqlə yeyirdi, yemək də çox dadlı idi, uzaqdan da olsa qoxusu gəlirdi, o doğrudan da ac idi...
VƏ...
İnstitutu bitirmişdim, təyinat almışdım rayonların birinə. Bu gün gedərəm, sabah gedərəm deyib, bir türlü gedib çıxa bilmirdim.
Sentyabrın yağışlı bir günündə düşündüm ki, ta bu dəfə yüz faiz gedəcəm. Gəldim aftovağzala. Bilet aldım, gözləməyə başladım. Aclıq da özünü göstərməyə başladı. Girdim kafeyə, düşündüm ki, nə olar, təyinat rayonu qaçmır ki, bir iki qutab yeyib gedərəm. Fikirimi dəyişdim, yaxşısı budur piti yeyim.
Ofisiant pitini gətirdi, dadlı idi, qoxusundan, rəngindən bilinirdi. Yağış, soyuq, aclıq və piti...
100 qram da araq gətirin, zəhmət olmasa..
Ofisiant başı ilə baş üstə işarə edib getdi. Bu piti yemək üçün ikinci cəhdim idi. Bu dəfə alındı, pitini yedim, çox ac idim.
Yuxu məni aparırdı. Bileti qaytarıb evə qayıtdım.
Sonralar necə oldusa, heç təyinat verilən rayona getmədim.
VƏ...
Mənə də dönər al! - dönüb baxdım, ortayaşlı bir şəxs idi.
Yaxşı...
Ə çıx, çıx get burdan - dönərçi ona acıqlandı.
O hakim kimi - çörəkdə dönər düzəlt mənə, dedi.
İki dönərin pulunu verib - ona da düzəldin, dedim.
Qızıma aldığım dönəri götürüb, ona baxa - baxa uzaqlaşdım.
Dəqiq bilirdim ki, bir- iki dönər aldırıb kimlərəsə, o üzdən dönərçi qovur.
Amma o doğrudan da ac idi, yoxsa belə ərkələ, hökmlə mənə dönər düzəlt deməzdi.
Bir neçə gün əvvəl baş vermiş bu hadisə zamanı bir şeyi anlamdım ki, mən niyə tələbə vaxtından fərqli olaraq, indi hazır dönəri qızıma götürdüm, ona vermədim. Yaş ötmüşdü, zaman məni sıfırın soluna - şeytan tərəfə çəkmişdi, ya sevgilər insanı əsir alır, bilmirəm.
Bəlkə ona görə mələklərin övladı, qohum əqrabası olmur..
Bu fikirlər də dönər və piti istəyən, zamanları aşıb, gələn- gedən sınaq mələklərinin üz cizgiləri kimi qarışıq idi.
Hələ zəbbanilər də varmış, soyuqqanlı, daşürəkli, onların sifət cizgiləri görəsən nə cürədir? Piti, dönər istəyənlər onların yanında toya getməlidilər yəqin ki..
Azan səsi gəlirdi...
Paralel.az