Doktor, tairxi adamsan! - Rüfət Səfərov yazır...
Məlum olduğu kimi, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli “İstanbul” klinikasının qarşısında mülki geyimli əməliyyatçılar tərəfindən saxlanılıb, saxta əsaslarla barəsində cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib.
Ələsgər bəy səhhətində yaranmış ciddi problemlərlə bağlı “İstanbul” klinikasında müayinə olunub çıxarkən Bakı Şəhər Baş Polis İdarəsnin əməkdaşları onu təhlükəli residivist kimi saxlayıblar.
Ələsgər Məmmədlinin tutulduğu saatlarda onun qaynı-tanınmış həkim, dostum Aydın Əliyevlə əlaqə saxladım. Doktor bunları dedi: “Klinikanın müşahidə kamerası baş verənləri qeydə alıb. Qanunsuzluğa laqeyd qala bilmərəm. Ələsgər bəyin mülki geyimlilər tərəfindən saxlanılaraq aparılması anını yayacam. Məni nələrin gözləməsindən asılı olmayaraq görüntüləri və mövqeyimi az sonra ictimailəşdirəcəm”.
Təbii, peşəkar mütəxəssis-həkim, məsuliyyətli vətəndaş, ziyalı Aydın Əliyev repressiyaya məruz qalan şəxs qohumu olmasaydı da eyni addımı atacaqdı. Amma məhz bu məqamda bir sual meydana çıxır: 10 milyonluq Azərbaycanda kənar şəxslərin demirəm, məhz qohumunun şərlənib tutulduğu anı özündə əks etdirən görüntüləri işlədiyi təşkilatdan götürüb, təcili surətdə icitmialəşdirməyə dair qərar verən neçə nəfər tapmaq olar? Bilə-bilə ki, klinikadakı işindən, rahat kabinetindən, normal əmək haqqından məhrum olacaq, üstəlik, hüququn dəyərsizləşdiyi diyarda, hətta şər, həbs və s. təhlükəsi yaşayacaq? Bu mənada müasir dövrün nadir adamları sırasındadır Aydın Əliyev.
Daha nə deyim, Vallah…
Belə də ölkə, dövlət, idarəçilik, sistem, gün-güzəran, hal olar, İlahi, biz düşmüşük?
Adam bu torpaqdan, vətəndən, ölkədən, şəhərdən çıxaraq rədd olub getmək istəyir, açığı. Sadəcə, bacarmaq olmur. Yəni bacara bilmirəm.
Özümü yad bir diyarda hiss edirəm. Hüquqa, qanuna, haqqa, ədalətə heç bir dəyər verilməyən yad diyada.
Əlimizdən nə gəlir?
Heç nə.
Hazırda bircə bunu bacarıram: doktor Aydın Əliyevə, dəyərli ziyalıya, qiymətli dostuma qarşı həyata keçirilən repressiv tədbirə kəskin surətdə etraz edirəm.
“İstanbul” klinikasının rəhbərliyinə, ümumuiyyətlə, bu göstərişi verənlərə və icra edənlərə “ayıb olsun!” deyirəm.
Doktor, tairxi adamsan!
Paralel.az