Bir qrup jurnalist nazir V. Eyvazova Ələsgər Məmmədlini zaminə buraxmağı xahiş edib
Azərbaycanın bir qrup jurnalisti və media eksperti Daxili İşlər Nazirliyinin rəhbəri Vilayət Eyvazova müraciət ediblər.
Onlar “Toplum” TV-nin həmtəsisçisi, “Toplum” TV işi üzrə istintaq çərçivəsində həbs edilmiş Ələsgər Məmmədlinin azad edilməsini xahiş edib.
“Uzun illərdir ki, biz Ələsgər Məmmədlini savadlı media eksperti, radikalizmdən uzaq və qanunçuluq tərəfdarı olan təcrübəli hüquqşünas kimi tanıyiriq.
Bununla belə, biz dövlət orqanlarının kiminsə fəaliyyəti ilə əlaqədar yaranmış şübhələri araşdırmaq səlahiyyətinə müdaxilə etmirik.
Narahatlığımıza əsas səbəb bir neçə gün əvvəl xəstəxanada müayinə zamanı Ələsgər Məmmədlinin daxili orqanlarında şişlərin aşkar edilməsidir. Həkimlər onların bədxassəli olduğunu bildirirlər, həmkarımızın təcili olaraq keyfiyyətli müayinə və intensiv müalicəyə ehtiyacı var.
Cənab nazir, xahiş edirik, Ələsgər Məmmədli ilə bağlı istintaq hərəkətlərinin onun azadlıqda qalması şəraitində həyata keçirilməsi barədə müraciətimizi nəzərə alasınız. Böyük ehtimalla, indi onun həyatı bu imkandan asılıdır. Həmkarımızın həmin imkandan istifadə edə bilməsi, onun barəsində qətimkan tədbirinin dəyişdirilməsi üçün biz üzərimizə zəruri öhdəliklər də götürməyə hazırıq.
Bizim əvvəl də sizə buna bənzər müraciətimiz olub. O zaman problemi dərhal aradan qaldırdığınız üçün fürsətdən istifadə edib, bir daha minnətdarlığımızı çatdırmaq istəyirik. Ümid edirik ki, bu halda da qanunun tələbləri ilə yanaşı, humanizm prinsiplərini nəzərə alaraq, tədbir görəcəksiniz”, – müraciətdə deyilir.
Müraciəti “Yeni nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media eksperti, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin və “Ayna-Zerkalo” onlayn nəşrinin rəhbəri Elçin Şıxlı və Turan agentliyinin direktoru Mehman Əliyev imzalayıblar.(Turan)