“Kitabi - Dədə Qorqud”da qadına hörmət və ehtiram 

“Kitabi - Dədə Qorqud”da qadına hörmət və ehtiram 
 

“Kitabi-Dədə  Qorqud” ilk növbədə ədəbi-bədii əsərdir. Bir sıra tarixçilər ona həm də qiymətli tarixi mənbə kimi dönə-dönə müraciət edirlər. Onlar haqlı olaraq belə bir qəti hökm vermişlər ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan türklərinin yazılı yaddaşıdır. Görkəmli tarixçi alim Y.Mahmudovun yazdığı kimi, “Bu qəhrəmanlıq dastanı Azərbaycan xalqının əsl tarixidir, düşmən əli dəyməmiş və saxtalaşdırılmamış tarixidir”.

           Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev bu kitabı “xalqımızın ana abidəsi” adlandırır və onun haqqında deyirdi: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır... “Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsidir”.

          “Kitabi-Dədə Qorqud” dastanı gender münasibətlərini özündə bədii şəkildə əks etdirən söz abidəsidir. Onun boylarında diqqətçəkən əsas məqamlardan biri də ailədə, cəmiyyətdə qadına münasibət məsələsidir. Dastanda qadına dərin hörmət, ana müqəddəsliyi, ər-arvad münasibətləri, qadının vəzifələri o qədər gözəl təsvir edilmişdir ki, oxuyarkən xalqımızın necə yüksək mənəvi dəyərlərə malik olduğuna heyran qalırıq.  

          Dastanın müqəddəməsində qadınlarla bağlı əks olunan fikirlər bütövlükdə türk etnomədəniyyətinin qadına münasibəti kimi anlaşılmalıdır.

  Əsərdə anaya dərin hörmət və ehtiram vardır. Ana Tanrıya bərabər bir qüvvə sayılır, “Ana haqqı, tanrı haqqı” hesab olunur. Ən hörmətli bir məqamda təsvir olunan qadınların ən dəyərlisi və müqəddəsi yenə də Anadır. Eposda Anaya – qadına çox yüksək diqqət, hörmət və ehtiram vardır. Ana obrazları Vətən obrazı kimi ümumiləşdirilir. Burda ANA Vətəndir, Namusdur. Ananın toxunulmazlığı ən yüksək zirvədə dayanır. Bu toxunulmazlığını təmin etmək isə hər bir övladın, hər bir oğuzlunun müqəddəs borcudur. 

  Təsadüfi deyildir ki, Qazan xan döyüşdən əvvəl düşməndən əsr düşmüş anasını istəyir: ”Anamı vergil mana. Savaşmadan, uruşmadan qayıdayım,” - deyir. Uruz isə anasının namusu üçün qıyma-qıyma doğranmasına razı olaraq belə söyləyir: ”Qoy məni, qadın ana, çəngələ ursunlar, qoy ətimdən çəksinlər, qara qovurma etsinlər, qırx bəy qızının önünə gətirsinlər. Onlar bir yediyində sən iki yegil. Səni kafirlər bilməsinlər, duymasınlar. Ta kim sası dinli kafirlərin döşəyinə varmayasan, sığrağın sürməyəsən. Atam Qazan namusunu sınmayasan”.  

 “Kitabi-Dədə Qorqud” dastanında insanların hüquq və azadlıqlarına hörmətlə yanaşıldığını, onların şəxsiyyətlərinə hörmət və qayğı göstərildiyini görməkdəyik.  

Dastanda göstərilir ki, dilindən və dinindən (məsələn, xristian Selcan xatun) asılı olmayaraq qadınlar kişilərlə bərabər hüquqlara malikdirlər. Hamı kimi qadınların da hüquq və azadlıqları müdafiə olunur. Birinci boydan aydın olur ki, qadınların təhqir edilməsi bağışlanmaz qəbahətdir və onu törədənlərə “qatı qəzəb” olunur. Təsadüfi deyil ki,  Dirsə xanın nökərləri Buğacın qəsdinə durarkən onu yalandan ağbirçəkli qarının saçını dartmaqda, sərxoş vəziyyətdə namussuzluqda “günahlandırırlar”. Yaxşı bilirlər ki, məmləkətdə qadına qarşı cinayətlər çox ağır cəza ilə son bulur. Yaxşı bilirlər ki, məmləkətin başçısı Bayandır xan duysa, buna dözməyəcək, günahkarı ən ağır şəkildə cəzalandıracaqdır. Bu, həqiqətən, ölkədə qadınların hüquq və azadlıqlarının, onların şəxsiyyətlərinin rəsmi şəkildə qorunduğunu göstərir.

Əsərdə qadınların zərifliyi şirin bir dillə təsvir olunur. Onlar öz gözəllikləri ilə bütün gözəllikləri üstələyirlər. “Qaragözlü, burma saçlı, əlləri biləyindən xınalı, səlvi boylu, qara saçlı, çatma qaşlı, qoşa badam sığmayan dar ağızlı” bu gözəllər öz mənəvi zənginlikləri ilə də diqqəti cəlb edirlər. Onlar öyünməyi sevmir, vətənpərvərdirlər, öz ərlərinə  yoldaşlıq və hampalıq edir, onlara ölənə kimi  sadiq qalırlar. Sədaqətli və cəsur, fədakar və mərddirlər. Onlar da at minir, qılınc çalır, sağa-sola qoşa yay çəkir, ov ovlayır, quş quşlayır, qurşaq tutur, düşmənlə savaşırlar. Oz vətənləri, sevgililəri, ərləri, ailələri uğrunda canlarından keçməyə hər an hazırdırlar. 

  Məsələn, Burla xatun qara qılıncını qurşayıb qırx incəbelli qızla ərinin və oğlunun köməyinə gedir; Selcan xatun Qanturalı ilə birlikdə düşmənin qoşununu qırıb çatır; Banuçiçək Beyrəklə at çapır, ox atır, güləşir, on altı illik həsrətə qatlaşır. Dəli Domrulun xatunu onun əvəzinə ölümə razı olur, Səgrəyin xatunu ondan sonra ərə getməyəcəyinə and içir və s.    

Oğuz elində qadınların fikir, arzu və rəylərinə hörmətlə yanaşılır. Qadın qəhrəmanlar yeri gəldikcə Oğuz igidlərinin nöqsanlarını cəsarətlə üzlərinə deyir, onlara ağıllı məsləhətlər verirlər. Məsələn, Qazan xandan küsüb Gürcüstana köçmək istəyən Bəkilə xatunu “Padşahlar  Tanrının gölgəsidir. Padşaha asi olanın işi rast gəlməz”,- deyə ağıllı məsləhət verir. Dirsə xanın halalı incimiş və əsəbləşmiş ərini təmkinli sözləri ilə sakitləşdirir. Burla xatun öz sözləri ilə Qazan xana inam verir, onu döyüşə ruhlandırır. “Kitabi-Dədə Qorqud” boylarında qadının bu cür aktivliyi, tənqid, məsləhət və tövsiyələrinin nəzərə alınması onun   ikinci planda (kişilərdən sonra) olmadığını göstərir.

Dastanda qadınların zorla ərə verilməsi hallarına rast gəlmirik. Onlar ancaq “göz açıban gördüyü və könül verib sevdiyi” igidlərə ərə gedirlər. Diqqəti xüsusi cəlb edən məqamlardan biri budur ki, Dədə Qorqud dastanlarında qızlar onlara qalib gələ bilməyən, özlərindən daha güclü olmayan igidlə könül bağlayıb, ailə qurmazlar.

Erosda qadınlarla kişilər arasında səmimi bir münasibət mövcuddur. Bu səmimiyyət onların bir-birinə müraciətlərində daha aydın ifadə olunur. Qadınlar öz ərlərinə və nişanlılarına “başım baxtı, evim taxtı”, “şah, xan, şahbaz igidim”, xan babamın göygüsü”; kişilər isə onlara “səlvi boylum, qara saçlum”, “çatma qaşlum”, “xan qızı”, “qara gözlü yavuqlum”, “halalım”, “qadınım, dirəyim, döləyim”, - deyə müraciət edirlər.

Oğuz igidləri  qadınlara münasibətdə ədəb-ərkan və etik normalara ciddi şəkildə əməl edirlər. Xalq qəhrəmanı Beyrək qadınların otağına izinsiz yaxınlaşmağı belə ədəbsizlik sayır. Dastanda 57 qala alan Alp Ərən müstəsna olmaqla bütün Oğuz qəhrəmanları təkarvadlıdırlar. Bu isə ölkədə çoxarvadlılığın olmadığını, qadına hörmət və qayğı ilə yanaşıldığını göstərən daha bir işarədir.

Dastanda qadınların öz ərlərinə və övladlarına məhəbbətləri olduqca təsirli verilir. Onlar üçün daim narahatlıq keçirən analar, nişanlı qızlar və bacıların qara bağrı sarsılır, qara qıyma gözləri qan-yaşla dolur. Bütün bunlar olduqca təbii və inandırıcı təsir bağışlayır. Qadınlar övladlarının, qardaşlarının, nişanlı və ərlərinin Vətən və xalq qrşısındakı xidmətləri ilə sevinir, onlara güvənirlər.

 Əsərdə qadınların hüquq və azadlıqlarının pozulmasına, onların şəxsiyyətlərinin alçaldılmasına ciddi bir etiraz hiss olunur. Cəmiyyət bu cür halları qəbul etmir. Məsələn, Basat Təpəgözü həm də qardaşı arvadını dul qoymaqda, “qarıcıq ağ birçəkli anasını bozlatmaqda” ittiham edir; bacılarının ağladığını görəndə Beyrəyin içi göynəyir, ölüm ayağında belə qız-gəlini və görklüsü üçün narahatçılıq keçirir. Uruz əsirlikdə olarkən anasının və qaragözlü qız qardaşının ağlayıb-sızlamaması üçün atası Qazan xanın təkbaşına döyüşə girməyib geri qayıtmasını xahiş edir. Oğuz elinin qız-gəlinini əsir-yesir edən düşmənlərdən həmişə amansız qisas alınır.

Dastanda qadınların ailə və cəmiyyət qarşısındakı vəzifələrinə də toxunulur. Göstərilir ki, qadınlar milli-əxlaqi dəyərlərə sahib çıxmalı, mənəvi cəhətdən saf və təmiz qalmalı, öz evinin dayağı və ərinin ən yaxın sirdaşı olmalıdırlar.Əsərin müqəddəməsində belə qadınlar Ayişə, Fatma soyundan sayılırlar. Belələri haqqında “...onun bəbəkləri bitsin! - deyə alqış edilir.

Boyların məzmunundan məlum olur ki, qadının əsas vəzifəsi öz övladlarını düzgün tərbiyə etmək, Vətən və xalq üçün gərəkli şəxslər kimi yetişdirməkdir. “Qız anadan görməyincə öyüd almaz”, “Ata adını yürütməyən xoyrad oğul ana rəhminə doğunca, doğmasa, yey” sözləri gənc nəslin tərbiyəsində anaların üzərinə böyük məsuliyyət düşdüyünü göstərir. 

 Əsərdə qaravaş kimi öz mənliyini alçaldan, ərini hörmətdən salan və ona xəyanət edən, ailə qayğısı çəkməyən, övladlarının tərbiyəsinə laqeyd yanaşan qadınlar kəskin tənqid olunurlar. Belələri “solduran soy, dolduran toy, bayağı qadın” adlandırılır. Onların haqqında deyilir: “Onun bəbəkləri bitməsin ! Ocağına bunun kimi övrət gəlməsin!” “Xalqımızın tərcümeyi-halı” adlandırılan, tariximizin dərin qatlarını özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanındakı qadına münasibət və    ailə münasibətləri özünün bir çox xüsusiyyətləri ilə bu günümüzdə də aktualdır.   Nə xoşdur ki, bu gün də milli - mənəvi dəyərlərimizdən gələn qadına hörmət və ehtiram davam etməkdədir. Bizim qadınlarımız isə buna tamamilə layiqdirlər.   Necə deyərlər, qadın gülərsə, bəşəriyyət gülər. Bayramınız mübarək, əziz qadınlar!          İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi  

 Paralel.az 

0.12329912185669