Bozqurd - Azadalığın və cəsarətin simvoludur

Bozqurd - Azadalığın və cəsarətin simvoludur
 

Bu gün dünyada qurdla bağlı külli miqdarda yer adı, heykəl, adət-ənənələr, mərasimlər vardır.

Amerikada yaşayan Mayya tayfaları bu gün də qurda sitayiş edirlər, Romanın simvolu kimi qurd qəbul edilir, Cənubi Amerika hinduları qurdu döyüşə aparan sərkərdə kimi qəbul edirlər, Avrasiyada qurd daha çox yol göstərən kimi xarakterizə edilirsə, Qərbi Avropada ona daha çox ilkin başlanğıc kimi münasibət bəsləyirlər. Qurdlarla bağlı Hans Bidermanın məşhur "Simvollar ensiklopediyası"nda da xeyli maraqlı məlumatlar var. Məsələn, Qədim misirlilər qurdbaşlı tanrılara müharibə tanrısı kimi sitayiş edirdilər. Slavyan mifologiyasında isə qurda şərin elçisi kimi yanaşılır. Yazdıqlarımızı ümumiləşdirərək belə nəticəyə gəlmək olur ki, bütün hallarda qurd bəşəriyyətin əzəl çağlarından insanların düşüncəsində, arzu və niyyətlərində özünə möhkəm yer eləyib.

Tarix sübut edir ki, qurda ən çox önəm verən türklər olub. Onlar qurd (Bozqurd) kultuna xüsusi bir ehtiramla bağlıdırlar. Təsadüfi deyil ki, türklərdə Bozqurd həmişə müqəddəs tutulmuşdur. Bəzi türk xalqları bozqurdu hörmətlə tanrı oğlu adlandırırdılar. Altay dağlarında, qədin hun məskənlərində çoxlu qurd tanrı heykəlləri, dişlərini qıcırtmış və quyruğunu belinə qaldırmış zolaqlı qurd təsvirləri və petroqlflər vardır. Şəkidə e.ə. III-II yüzilliklərə aid qurqandan tapılmış boyunbağının üzərində qurd şəkilləri təsvir edilmişdir. Qədim türk əfsanə və dastanlarında çoxlu qurd personajlarının və onlara xüsusi ehtiramın olduğunu görürük. Göytürklərin göy bayraqlarında qurd başı rəsmi vardı. Qədim türklərin dini inanışlarından danışan Çin qaynaqlarında Ötüken (kultdur) qurdbaşlı varlıq olaraq xatırlanırdı.  Ə.Firdovsi “Şahnamə” əsərində türklərin yaşadığı yerləri “keşvare qorqsar” (“qurdlar məskəni”) adlandırır.

Xalq inanclarında qurd dişinin cibdə daşınmasının nəzərdən qoruyacağına inanılırdı. Yuxuda və ya gəzərkən qurd görmək xeyirə yozulardı. Hamilə qadının nəzərdən qorunması üçün yastığının altına qurd dişi və ya dərisi qoyular, yeni doğulan oğlan uşağının beşiyinin dörd tərəfinə qurd şəkli çəkilərdi. Qurdun parçaladığı qoyun murdar sayılmazdı. Südü kəsilmiş anaların yenidən südünün gəlməsi üçün qurd əli dualarla qadının döşlərində gəzdirilər, bədəninin bir yerində ağrısı olan və ya boğazı gələn uşaqların ağrıyan bölgələrinə “qayıt, qayıt” deyilərək yenə qurd əli sürülərdi. Bizcə, bu örnəklər qurdun əski türk düşüncə və inancında hansı anlam daşıdığını bəlli etmək üçün kifayətdir.

Onu da qeyd etmək lazımdır ki, bu inancların bir qismi indi də yaşamaqdadır. Qurd adı ilə bağlı çoxsylı toponimlərin mövcudluğu, yuxarıda göstərilən inanclarla yanaşı, qurdu söymək və ona qarğımağın günah sayılması, “qurd üzünün mübarək” hesab edilməsi, şansı gətirən adama “qurdu uladı” və ac adama “qurd kimi acımış” deyilməsi, qorxmaz, cəsur, dözümlü və təcrübəli insanlar barədə söylənilən “qurdlarla dolaşır”, “qurd ürəyi yeyib”, “qurd kimiöz qanını yalayır”, “qurdla qiyamətə qalacaq”, “qoca qurd” kimi ifadələr, qurdla bağlı andlar (“Bozqurdun ruhuna and olsun”, “And olsun Bozqurdun mübarək üzünə” və s.), atalar sözləri (“Qurdun adı, yesə də, qurddur, yeməsə də”, “Qurdun səbəbinə quş da yeyər”, “Qurdu nə qədər əhilləşdirsən, gözü yenə meşəyə baxacaq.” və s.), məsəllər (“Kor qurdun qismətini verən Allah mənim də qismətimi verər”, “Qurd getdi yazıya, meydan qaldı tazıya”, “Süfrəmizin qurd payı” və s.), nağıllar (“Kor qurdun qisməti” və s.), oyunlar (“Yoldaş, məni qurd apardı” və s.) , adətlər (“Qurd ağzı bağlamaq”, “Qurd ayağı gətirmək” və s.) və s. qurd barədə əski inancların uzantısı olub, hələ də türkün düşüncəsində boz qurdun öz qutsallığını, Tanrı qatında özəl məqama sahib olduğunu və bu yöndə cağdaş türkün əski türklə düşüncə ortağı olduğunu bildirir.  

Əski türk dastan, əfsanə, nağıl, atalar sözü və məsəllərdə, həmçinin yazılı ədəbiyyat nümunələrində (xüsusən poeziya nümunələrində) “qurd” sözünün, o cümlədən “Kitabi Dədə Qorqud” dastanının müxtəlif boylarında rastlaşdıqları “qurd üzü mübarəkdir, qurd ilə xəbərləşim”, “qara başım qurban olsun, qurdum, sana”,”issiz yerin qurdu kibi ulaşdılar”, “əzvay qurd ənügi erkəgində bir köküm var”, “yeni bayırın qurduna bənzər igidlərim”; N.Gəncəvinin “İsgəndərnamə” poemasında “Gəldi qurd ağzından sübhün nəfəsi, Keşikçi itinin kəsildi səsi” beytindəki “qurd ağzı”; “Koroğlu ilə Bolu bəy” qolunda “yeyib qurdlarınla ulaşım, dağlar”, Koroğlu qoşmalarındakı “gərək budur qurddan olan qurd olsun”, “… adım qurd oldu, qurd oldu” deyimləri; atalar sözlərində təsadüf etdiyimiz “Qurd görəndə salavat çevir”, “Qarşına qurd çıxsa, əlinə pay gələr”; müasirlərimizin şeirlərindəki “qurdbaşlı bayrağın balası bayraq” (B.Vahabzadə: “Bayraq”), “Dur, özünü bozqurd eylə” (M.Araz: “Ayağa dur, Azərbaycan), “Bozqurd sənsən, bozqurd mənəm, Bu qurd kimi düşmənimi bir gün yenəm” (X.Rza: ”Bozqurd”), “Namazını qurd üzünə, Yarpaq üstə qılan gəlsin.”, “Yuxumda bir ağız qurd ular keçər” (R.Behrudi: “Vida türküsü” və “Boz qurd”), “Mən bir ac ıyalquzağam, Qurd ulayır içimdə” (M.Yaqub: “Tənhalığın üsyanı”), “Qorqudun, boz qurdun, türk ulun olum” (F.Böyükkişi: “Mən də sənin kimi təkəm, tənhayam…”) və s. kimi ifadə və cümlələrdəki “qurd” sözü ilə tez-tez rastlaşırıq.

Türk inanışlarına görə Bozqurdun rolu (funksiyası) üç şəkildədir; ata (əcdad), rəhbər (yol göstərən, hami) və qurtarıcı (xilaskar).

Qədim türklər özlərini təbiətdən ayırmadığı, ətraf mühiti anlayıb dərk etdiyi mifoloji zamanda - ilkin zamanda - əcdadlarının zamanında yaranışlarında, soylarında qurdla qohumluq bağları olduğunu iddia edər, nəsillərinin bu müqəddəs varlıqdan törədiyinə inanardılar. Təsadüfi deyil ki, mifoloji zamanda yaratdıqları çox əski dastanların bəzilərində ana (məsələn:“Bozqurd” və “Asena” dastanlarında), bəzilərində ata (məsələn: “Törəyiş”, “Doqquz Oğuz – On Uyğur” dastanlarında) olaraq görülən Bozqurd türk nəslinin yoxolma təhlükəsi yarananda ortaya çıxır və nəslin davam etməsini saxlayır. Bir hun əfsanəsində doqquz oğuzların törəməsini qurd – insan cütləşməsi davam etdirir. Çou-shu adlı Çin xanədan xronikasında törəyiş əfsanəsi ilə ilgili xəbər, Ərgənəkon dastanı və çox qədim bir türk əfsanəsində dişi qurdun tək qalmış uşağı himayə etməsi, VI əsrə aid bir daş qəbirdə, Kül Tikin kitabələrinin birində qurddan süd əmən uşaq təsviri, 1957-ci ildə (sonuncu fakt) Türkmənistan ərazisində insan övladının qurdlar tərəfindən bəslənilməsi hadisəsinin baş verməsi və dıgər mənbələr də deyilənlərə inam oyadır.

Türklər boz qurdu həm də bir hami, rəhbər kimi qəbul edirlər. Mifoloji materialarda, o cümlədən qədim türk dastanlarında görürük ki, millətin həyatının həlledici anında Bozqurd onlara yol göstəirir, rəhbərlik edir. Məsələn, “Ərgənəkon” dastanında və “Kut dağı” əfsanəsində Bozqurdun rəhbər rolunu aydın görmək mümkündür.”Oğuz Xaqan dastanı”nda Oğuz Xaqana göydən enən işığın içərisindən çıxan göy qurd yol göstərir.

Materiallar Bozqurdun həm də qurtarıcı olduğunu deyir. Türk zor duruma düşəndə bozqurd ortaya çıxaraq onu qurtarır. “Köç”, “Manas”, “Ərgənəkon” dastanlarında bozqurd qurtarıcıdır. İndiyədək qurd mövcud olan bir tatar əfsanəsində görürük ki, meşədə azaraq düşmənlərin mühasirəsində qalan köçəri qəbiləni bir qurd mühasirədən çıxarır, məhv olmasına imkan vermir.
Bozqurdun əcdadlıq funksiyası əsasən Göy Türk xaqanlığında tanınmışdır. Oğuzlarda onun əsas funksiyaları yol göstərən və xilaskardır.

Gerçəklik budur ki, heç zaman bütə tapınmayan türk Bozqurdu simgə olaraq seçib. Bozqurdun simgə olduğu sürəcdə türk yenilməz olub. Məhz bunu çox yaxşı bilən türk düşmənləri Bozqurdu, əslində bozqurd ruhunu türkdən almağa çalışdılar. Bunlar sadəcə düşüncə və gəlişi gözəl sözlər deyil, gerçək tarixi faktlara dayanan məntiqi sonuclardı. SSRİ-nin yarandığı ilk illərdə türkün və türklüyün düşməni olan Lenin türkiyəli araşdırmaçı yazar İlhan Bardakçıya belə demişdi: “Türkiyədə kommünizmi yerləştirmək üçün öncə onlara dinlərini, milliyyətlərini unutdurmak və qafalarına yerləşmiş olan Bozqurd əfsanəsini söküp atmak lazımdır.”

Bəs nə üçün türklər digər yırticıları deyil, məhz qurdu əcdad, rəhbər və xilaskar “seçir”? Bu məsələ türk etnik-mədəni sistemi çərçivəsində aydınlaşdırılmalıdır. Onlar bilməlidirlər ki, qurdların insan düşüncəsi ilə qəbul edilən müsbət cəhətləri hansılardır və onların hansı xüsusiyyətləri şüurlu insanın davranışına daha yaxındır.

Türk ən əski çağlardan fiziki gücə deyil, mənəvi böyüklüyə tapınmışdı. Heç təsadüfi deyildir ki, Səlcuqilər dövründə güney Azərbaycanda yaradılan bir nimçədə yazılmışdı: “Türklə ucuz başla danışmaq olmaz.” Dünyanın cansız əşyalara tapındığı dönəmdə türk yaradıcı olaraq Tanrını tanıdı. Yaradılışdan ruhu ruhuyla tən gələn Bozqurdu məhz əlçatmaz ruhuna görə sevdi, əyilməzliyinə, mərdliyinə, özgür ruhuna görə özünə simvol olaraq seçdi. Türk güc axtarışında olsaydı, aslanı, pələngi və s. simgə seçərdi. Bozqurdu simgə olaraq seçən türk Bozqurdun özü kimi əyilməz yaşadı, özgürlük vurğunu oldu. Bu ruh türkün enerji qaynağı oldu.

Qədim türklərin düşüncəsinə görə, qurdlar heç də insanlara zərər verən yox, əksinə, dünyamızı əyriliklərdən təmizləmək kimi Tanrı missiyasını öz üzərinə götürmüş canlılardır.
Tədqiqatçılar (M.Seyidov, M.Həkimov, N.Hacıheydərli, C.Bəydili, C.Bayramlı, O.Salayev, R.Qafarlı və b.) türklərin xarakterik xüsusiyyətlərinin bir çoxunun qurd psixologiyası üzərində qurulduğunu və haradasa onu xatırlatdığını göstərirlər. Məsələn, aşağıda qeyd edilənlərə diqqət edək: Qurd azadılıqsevən heyvandır. Həmişə azadlığa can atır. O, yeganə yırtıcı heyvandır ki, əhilləşdirmək və zəncirləmək mümkün deyil.

Pəncəsi tələyə düşəndə belə qurd onu dişləri ilə didib-parçalayıb özünü xilas edir. Əğər bozqurd ona saldıran çox sayda yırtıcının qarşısında çıxılmaz vəziyyətdə qalarsa, əsir olmamak için köksünü parçalayıp özünü öldürür. Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki Bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur.

Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Yuxarıda sadaladığımız xüsusiyyətlərin böyük əksəriyyətinə Azərbaycan və Anadolu türklərinin, habelə, bütün türklərin psixologiyasında rast gələ bilərik.

Türklər hər zaman azad və sərbəst olmağa üstünlük veriblər. Türklər o dərəcədə qorxmaz olublar ki, İslamın 2-ci xəlifəsi Ömər onlar haqqında belə deyib: "Türkü yaraladınsa, hökmən onun işini bitir. Əks təqdirdə o əlinə düşən ilk imkanda geri qayıdacaq və sizə o zaman aman olmayacaq. Onlar geri çəkilməyi, uduzmağı qəbul etmirlər". Sonuncu dini insanlara təlqin edən Həzrəti-Məhəmməd isə ərəblərə xitabən bunları söyləyib: “Türklər sizə toxunanadək onlara toxunmayın”.

2. Qurd heç vaxt təkbaşına hərəkət etmir. Sürü onun üçün kollektiv özünümüdafiə xarakteri daşıyır. Onun öz lideri var. Qurd qurdluğu ilə dərk edir ki, tək əldən səs çıxmaz. Türklər, onun liderləri də hər zaman öz dövlətinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük veriblər.

3. Qurd ailəsinə, evinə sadiqdir. Balalarının, “xanımının” yolunda canını qurban verməyə hazırdır. Dişisi ölən qurd ömrünün sonuna kimi başqa dişi ilə “evlənmir”. Dişisini başqa bir erkəklə görən qurd onu parça-parça edib, yalquzaq kimi yaşamağa belə razı olur.

4. Yaşadığı əraziyə, ailəsinə, öz növündən olan digər qurda təcavüz olarsa, qəzəbli qurdun qarşısını heç bir canlı ala bilməz.

5. Tanrıya sevgi qurdun qanındadır. Üzü hər zaman Tanrıya doğru olan qurd ağzını göyə tutub uladıqda belə gözlərini yumur, bir növ “daxilən saflaşır” və Tanrıya məxsus olduğunu göstərir. Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də Oğuz Xaqan dastanında olduğu kimi ağ işığın içindən çıxdığını görürük. Bütün hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur. Qurdun ulaması birliyə çağırış kimi mənalandırılır .

Sadaladığız xüsusiyyətlərin böyük əksəriyyətinə türklərin psixologiyasında rast gələ bilərik. Türklər özləri də xasiyyət və davranışları ilə qurd arasında elementar oxşarlıqlar görürdülər. Hətta aypara taktikası (və ya Turan türk taktikası) adı verilən yarımçevrə ilə düşməni ortaya götürüb çevrəni qapamaq strategiyasının qurdlardan götürülərək ilk dəfə türklər tərəfindən tətbiq edildiyi ehtimal olunur.

Türk (Oğuz) – qurd münasibətlərinin arxaik semantikasının araşdırıcıları da türklərdə qurd obrazına məxsus mifoloji cizgiləri təsdiqləyirlər. “Kitabi Dədə Qorqud”dakı qurdun Salur Qazan tərəfindən “ər” adlandırılması (“Qarla yağış yağanda ər kimi duran!”) faktı Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini göstərir. Hər iki obraz “ər” semantemində birləşır. Türklər də qurd kimi hər zaman qorxmaz, azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük vermiş, “Tanrı Milləti” olduqlarını dəfələrlə sübut etmişlər.

Qurdların növləri çoxdur. Bəs nə üçün türklər ancaq Bozqurdu simgə kimi qəbul edirlər? Çünki qədim türklərin psixologiyası ancaq bozqurdun “psixologiyası” ilə tən gəlirdi.Yuxarıda göstərilən nümunələr də bunun sübutu ola bilər.

“Bozqurd” və ya “göy saçaqlı qurd” adlanan heyvan yalnız müəyyən zamanda zühur edir və yalquzaqdır. Yəni o digər heyvanlar kimi təbiətdə yaşamır, səmavidir. Ancaq ehtiyac olduğunda, türklərin çətin zamanında izə çıxır. Əski türk dastan, əfsanə və deyimlərində Bozqurdla yanaşı göy qurd (gök kurt) və göy börü (gök börü) obrazına da rast gəlirik. Burada «göy» sözü rəng anlamında deyil, «göylərdən enmiş», «göy mənşəli», «qutsal», “qurd” sözü isə “qurtuluş” anlamındadır.

Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də göydən enən ağ işığın içindən çıxdığını görürük. Əksər hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur. Əski türk isə yalnız qutsal saydığı varlıqlara göy (gök) ismini verirdi. Bir sözlə, əski türklərin Bozqurdu simvol olaraq seçməsinin iki ana səbəbi olmuşdur:

1.Bozqurdun başqa heç bir canlıda olmayan üstün özəllikləri

2.Bozqurdun Göy mənşəli (gök kurt) – müqəddəs olması

Bu xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər.
Yəqin çoxunuz qurd adam, yaxud ay bədirlənəndə bəzi insanların qurda dönməsi barədə əfsanələri eşitmiş və ya oxumusunuz . Dünya xalqlarının, o cümlədən Azərbaycan xalqının mifoloji mətnlərində (məsələn: “Qurd Zalxa” və “Qurd adam”) insanın qurda çevrilməsi barədə kifayət qədər material vardır. Vaxtı ilə tarixin atası sayılan Hedrodot da öz əsərlərində bu barədə söhbət açmışdır. Tarixdə 1520 – 1630-cu illərdə Avropada otuz mindən çox qurd adam hadisəsi qeydə alınmışdır. Son illərdə məlum olmuşdur ki, sovetlər dönəmində Moskva və Sank- Peterburqdakı institutlarda gizli şəkildə insanın qurda çevrilməsi ilə bağlı araşdırmalar aparılırmış.

Elm bu yaxınlara kimi insanın qurda çevrilməsi fonemini rədd edirdi. Lakin son vaxtlar Rusiya Milli Elmlər Akademiyası və Amerika Səhiyyə Assosiasiyası apardıqları ekspedisiyaların nəticələrinə əsaslanan dəqiq faktlar və dəlillərə istinad edərək bəyan etdilər ki, insanın qurda çevrilməsi fenomeni var. Rusiyanın şimallarında məskunlaşmış, əsasən, türk əsilli xalqların şamanları, Şimali Amerika hinduları (əsasən türk əsilli), Yaxın Şərqdəki türk tayfalarının bəzi şəxslərinin yaman ruhlarla döyüşmək üçün qurda dönmələri elmi məqalələrlə təsdiq olunur .
Məqalələrdə göstərilir ki, türk şamanlar arasında müxtəlif dua və ayinlərin köməyi ilə asanlıqla qurda çevrilə bilənlər (onlara “noyd” deyirlər) indi də vardır. Bu zaman onların insan olduqlarını ancaq gözlərindən və səslərindən tanımaq mümkün olur.

Qurda, o cümlədən digər canlılara çevrilmək insan orqanizminin imkanlarının gerçəkdən də, hədsiz olduğunun sübutudur. Mifoloji tədqiqatlar göstərir ki, fərqli coğrafiyalarda yaşayan insanlar ancaq qurda yox, digər canlılara da (məsələn: ayı, maral, bizon, sırtlan (leşlə bəslənən çirkin üzə sahib heyvan) və s.) çevirlə bilirmişlər. Qurda isə daha çox türk əsilli xalqların nümayəndələri dönürlərmiş. Bizcə, türkün digər canlılara yox, ancaq qurda çevirilməsinin əsas səbəbi yuxarıda da qeyd etdiyimiz, kimi ortaq xarakterlərin olması, bozqurda olan ehtiramın təzahürüdür.

Tədqiqatlarda qeyd edilir ki, mifoloji mətnlərdə heyvanın əcdad, soybaşı kimi göstərilməsi, sadəcə, bu adı daşımış insanın keyfiyyətini əks etdirir, yəni soykökündə boz qurd kimi şüsaətə, döyüşkənliyə, lider özəlliklərinə malik bir insanın durduğunu göstərməyə hədəflənir, onun bioloji əcdadı olmasına yox.
Beləliklə, əcdad, rəhbər – yol göstərən, xilaskar – qurtarıcı funksiyalarını yerinə yetirən qurd türklərin ədəbi-bədii təfəkkürdə azadlıq, işıq, mərdlik, yurdsevərlik, sadiqlik, liderlik, ən başlıcası türkçülüyün simvolu kimi anılaraq qəbul edilir və özünün tarixi-fəlsəfi, o cümlədən ideya yükünü hələ də ünvanlara çatdırmaqda davam edir.
Bu gün Bozqurdla bağlı mifoloji elementlər, sözün həqiqi mənasında, milli estetik fikir yatırımına, yetişməkdə olan nəslin azadlıq və istiqlal təfəkkürünün, milli-mənlik şüurunun formalaşması və təkamülünə güclü təsir vasitəsinə çevrilmişdir.  44 günlük Qarabağ savaşında oğullarımızın qəhrəmanlıqları və onların divarlara, qayalara cızdıqları Bozqurd rəsmləri, şəhid gizirimiz X.Yusifzadədən tutmuş qazi polkovniklərə qədər bir çoxlarının Bozqurd işarəsini göstərilməsi bunun ən gözəl sübutudur.

İmran Verdiyev
Azərbaycan Respublikasının Əməkdar müəllimi
 
 
 

0.024757146835327