Britaniya nəşri: Ermənistanın Qərbə meyli Rusiyanın “təhlükəli” reaksiyasına səbəb ola bilər
Ermənistanın Fransa ilə hərbi əməkdaşlığı dərinləşdirməsi, o cümlədən prezident Makronun son addımları Rusiyanın “çox təhlükəli” reaksiyasına səbəb ola bilər.
Paralel.az xəbər verir ki, bu barədə Britaniyanın “Express” nəşrində dərc olunan məqalədə deyilir.
“Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində hərbi qurumun rəhbəri Sebastyen Lekornu fevral ayında ermənistanlı həmkarı Suren Papikyanla görüşmək üçün İrəvana gedib. Fransa Ermənistana gecəgörmə cihazları verib, həmçinin Fransanın PGM şirkətindən hərbi tüfənglərin tədarükü üzrə də müqavilə imzalanıb. Bundan başqa, Avropa podratçısı MBDA-dan “Mistral” qısa mənzilli raketlərin alınması ilə bağlı müzakirələr aparılır”, - məqalədə qeyd olunub.
Müəllif vurğulayıb ki, Fransa-Ermənistan alyansı Ermənistanın Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünü dayandırmasından sonra yaranıb.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Express”ə Ermənistanla Fransanın yaxınlaşmasını şərh edərkən bildirib ki, bu ölkələr arasında hərbi sahədə əməkdaşlıq nəinki çox təhlükəli ola bilər, həm də Rusiya tərəfinin qəzəbinə səbəb ola bilər və onlar Fransa silahlarının Ermənistandan çıxarılmasını tələb edə bilərlər.
“Rusiya xarici işlər nazirinin son bəyanatı Ermənistana qarşı çox sərt mesaj oldu. Çox tənqidi bəyanat idi. Ümid edirəm ki, bu, şifahi söz mübadiləsindən daha böyük şeyə çevriləcək. Çünki biz sülh görmək istəyirik, onun pozulmsına yox. Yekunda onlar (Ermənistanı nəzərdə tutur – red.) kiminlə sülh bağlayacaqlar? Fransızlarla? Ruslarla? Kimlə? Bizimlə? Biz bu işdə tərəfdaşıq”, - E.Süleymanov fikrini tamamlayıb.