Qızını peşə liseyinə qoymaq istəyən qadın onunla birgə məzun oldu – UĞUR HEKAYƏSİ

Qızını peşə liseyinə qoymaq istəyən qadın onunla birgə məzun oldu – UĞUR HEKAYƏSİ
 

“Müasir Azərbaycan peşəkarı” silsiləsindən Lənkəran Peşə Liseyinin məzunu, “Azərxalça” ASC-nin Lənkəran filialının əməkdaşı Sevinc Fərziyevanın uğur hekayəsini təqdim edirik.

Sevinc Fərziyeva 1975-ci ildə Lerik rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra ailə həyatı qurub, Lənkəran şəhərinə köçüb. Dörd övlad anası olan qəhrəmanımızın üç qızı, bir oğlu var. Müsahibimiz deyir ki, 6 il əvvəl kiçik qızından sonra onda peşə təhsilinə maraq yaranıb: “Böyük qızım Lənkəran Dövlət Universitetinin, ortancılı isə Astara Pedaqoji Kollecinin məzunudur. Üçüncü qızım ali məktəbə qəbul ola bilmədi, peşə təhsilinə üz tutdu. Qonşumuzda Vəfa müəllim bizə dedi ki, peşə liseyində xalça qrupu açılıb. Qızımı qeydiyyat üçün peşə liseyinə aparanda özümdə də həvəs yarandı. Düşündüm ki, yaşıma görə məni qəbul edərlərmi? Həyat yoldaşımla məsləhətləşdim, razılığını aldım. Qızımla birlikdə xalça qrupuna sənəd verdik, qəbul etdilər. Orada bir il təhsil aldıq, xalça toxumağı öyrəndik. Təhsili başa vurduqdan sonra bizi burada açılan yeni “Azərxalça” ASC-nin Lənkəran filialına işə götürdülər. İşlədik, uğurlarımız oldu, qızımla birlikdə şərəf lövhəsində adımız yer aldı”.

Sevinc Fərziyeva 4 ildən artıqdır ki, xalça toxuyur. Deyir ki, bu peşəyə üz tutanda ondan yaşca kiçiklərlə yanaşı, böyüklər də olub: “Bizim qrup xalçaçılıq üzrə peşə təhsilində ilk buraxılış qrupu oldu. Tələbələr arasında məndən kiçik olanlara öz qızım kimi yanaşırdım, ünsiyyət qururdum. Peşədə məndən yaşda böyük olan qrup yoldaşım da var idi, o da qızı ilə gəlmişdi.

Məndən sonra qonşularımızdan da xanımlar peşə təhsilinə - xalçaçılığa üz tutdular. Bu peşə xalça toxumayan adama çətin görünür. Amma öyrəndikdən sonra toxuduqca elə gözəlliklər yaradılır ki... Rənglər adətən verilən çeşni üzərində qeyd edilir. Əgər çeşni yoxdursa, xəyal gücünə, zövqünə görə xalçanın rənglərini seçirsən.

Bizdən əvvəl xanımlar xalça toxumağa başlamışdılar, onlar məzuniyyətdə olduğu üçün xalçanı tamamlamaq bizə tapşırıldı. İlk toxuduğumuz xalça o oldu”.

Müsahibimiz deyir ki, toxuduqları xalçalar xaricə ixrac olunur. Sevinc Fərziyeva ölkəmizdə xalçaya dəyərin daha da artmasını istəyir: “Toxuduğumuz xalçalar Azərbaycanda satılmır, xaricə göndərilir. Bakı filialımızdan çeşnilər göndərilir, ona əsasən xalçalar sifarişlə hazırlanır. Daha çox Qarabağ xalçaları toxuyuruq. İşə yeni girəndə sadə xalçalarla başlayırdıq. İndi mürəkkəb xalçaların üzərində işləyirik. Hazırda ipək, yun-ipək qarışıqlı xalçalar toxuyuruq. Xalçalarımız adətən Amerika, İsveçrə kimi Avropa ölkələrinə göndərilir.

Yəqin xatırlayırsınız, nənələrimiz əldə toxunan xalçaları divardan asıb. Çox istərdim o ənənə geri qayıtsın, xalçalarımız divarları bəzəsin. Mənim bu sənətə marağım var. Xaricdə xalçalarımızın haranı bəzədiyini bilmirəm, amma çox istərdim xalçalarımıza əvvəlki tək dəyər verilsin”.

Qəhrəmanımız peşə təhsili almaq istəyənlərə tövsiyələrini verib: “Hazırda oğlum hərbi xidmətdədir. Qızlarımı oxutsam da, oğlum ali təhsil ala bilmədi. İstəyirəm ki, o da peşə təhsili alsın. Bizə peşə təhsilini fərqli tanıtmışdılar. Deyirdilər peşə liseyi öyrətmir, vaxt itkisidir. Amma tam əksinin şahidi oldum. Bir il ərzində peşə liseyində gördüm ki, hər sahəni dərinliyinədək öyrədirlər. Əgər kimsə övladı təhsil almayıbsa, heç olmasa ona bir peşə versin”.

AZƏRTAC

 

0.10921192169189