Cənubi Koreya peyki Kim Çenin ofisinin şəkillərini çəkdi

Cənubi Koreya peyki Kim Çenin ofisinin şəkillərini çəkdi
 

Cənubi Koreyanın ötən ilin dekabrında istifadəyə verilmiş ilk hərbi kəşfiyyat peyki Şimali Koreyanın paytaxtı Pxenyanın şəkillərini çəkməyə müvəffəq olub.

Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın hərbi mənbələrinə istinadla məlumat yayıb.

Mənbə elektro-optik infraqırmızı peykin sınaq rabitəsində Şimali Koreyanın müxtəlif yerlərinə, o cümlədən paytaxt Pxenyanın mərkəzi hissəsinə dair ötürdüyü şəkillərin keyfiyyətinin normal olduğunu bildirib.

“Fotolarda Pxenyanın küçələrindəki nəqliyyat vasitələri aydın görünür”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Pxenyanın mərkəzində Koreya Fəhlə Partiyasının baş qərargahı, o cümlədən ölkə lideri Kim Çen İnin ofisi yerləşir.

Qeyd edək ki, Cənubi Koreyanın yerli istehsal hərbi kəşfiyyat peyki ötən il dekabrın 2-də ABŞ-ın Kaliforniya ştatındakı kosmik qüvvələr bazasından orbitə yola salınıb. Bu peyk Cənubi Koreyanın Şimali Koreya haqqında kəşfiyyat məlumatları, o cümlədən fotoları müstəqil şəkildə əldə etməsi məqsədilə istifadəyə verilib.

Cənubi Koreya Şimali Koreyanı müşahidə üçün 2025-ci ilədək daha 4 kəşfiyyat peykini orbitə çıxarmağı hədəfləyib.

 

0.022201061248779